Valyuta məzənnəsi
Xəbər lentİ

Erməni nazirin uğursuz “Münxen” müsahibəsi

12:27, 23.02.17
azerbaycan, dunya
 Erməni nazirin uğursuz “Münxen” müsahibəsi

Ermənistan naziri Edvard Nalbandyanın uğursuz “Münxen” müsahibəsi

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Alman dalğası” agentliyinə müsahibəsində (bax: http://www.dw.com/ru/глава-мид-армении-в-программе-немцоваинтервью-почти-треть-торговли-идет-с-ес-20022017/av-37649577) Dağlıq Qarabağ ətrafında ərazi disputunda Azərbaycan ilə kompromisin mümkün formaları barədə suala cavab verərkən, onun sözlərinə görə, “görüşə kifayət qədər yaxşı hazırlaşmamış” müxbir Janna Nemtsovaya “düzəliş etmək” fikrinə düşüb. Erməni nazir müxbirə münaqişənin mahiyyəti haqqında dünya birliyinin (!) fikrini ərazi baxımından deyil, xanım jurnalistin bu münaqişəni ədalətlə xarakterizə etdiyi kimi, “insan hüquqları” baxımından izah etməyə çalışıb. Bu, əlbəttə, müsahibədə ən maraqlı məqam deyil, lakin özünün tamamilə cəfəng fikrini bütün “dünya birliyinin” ayağına yazmaq cəhdinə biganə olmaz. Ermənistan-Azərbaycan qarşıdurmasının “hüquq müdafiəsi” kimi absurd yozumuna həm də o vəziyyət əlavə edilir ki, münaqişənin mərkəzində “insan hüquqları” dayandığı barədə Dağlıq Qarabağ əhalisinin üçdəbirini təşkil edən insanları öz hüququndan məhrum etmiş, bu günlərdə 25-ci ildönümü qeyd edilən Xocalı soyqırımını törətmiş ölkənin xarici işlər naziri danışır.

Sonra nazir öz bildiyi kimi yozduğu Madrid prinsiplərini ATƏT-in Minsk qrupunun hər üç həmsədrinin adına yazmağa başlayır, “Dağlıq Qarabağı” münaqişənin bərabərhüquqlu tərəflərinin siyahısına salmaq istəyir və təbii olaraq, Jannadan sənədləşdirilmiş o faktı da gizlədir ki, Minsk qrupu 1992-ci ildə “2+2” formulu üzrə “beyker prinsipləri” əsasında yaradılıb. Buna müvafiq olaraq Ermənistan və Azərbaycan münaqişənin əsas ('principal parties'), Dağlıq Qarabağ regionunun iki icması isə maraqlı tərəfləri kimi qəbul edilib.

Jurnalistə “likbez” cəhdini davam etdirən nazir həmsədrlər tərəfindən təklif olunan Madrid prinsiplərini yenidən özü istədiyi kimi şərh edib və sanki bu təkliflərin müəllifləri də elə bu cür düşünürlər. Təbii ki, o, məlum prinsiplərdən ilk növbədə “öz müqəddəratını təyin etmə” müddəasını seçib, güman edib ki, bu hüquq ermənilərin müstəsna üstünlüyüdür. Əks halda o, hər şeyin kökünə varmağa çalışan jurnalistə tərkibinin üçdəbiri olmadığı halda “millətin” (əgər, əlbəttə ki, Dağlıq Qarabağ əhalisi ayrıca “millət” hesab edilərsə) öz müqəddəratını təyinə etməsinə necə nail olmağı və dünyanın hansı ölkəsində bu cür qəribə “öz müqəddəratını təyin etməyə” rast gəlindiyini izah etməli idi. Bu səbəbdən də təbii ki, o, özünə sərf etməyən təfsilatlara varmadı.

Həmsədrlərin öz təkliflərini əsaslandırdıqları əsas iki prinsipə keçən E.Nalbandyan əvvəlcə “güc tətbiq etməmək və güc tətbiq etmək təhlükəsindən imtina etmək” prinsipini xatırladıb və qeyd edib ki, Azərbaycan bu prinsipi “hər gün pozur”. Lakin o, jurnalistdən yenə gizlədib ki, bu prinsip universal xarakter daşıyıb, yəni, bu münaqişənin kontekstində retroaktiv xarakterə malikdir. Hazırda qüvvələrin təmas xətti – ilkin status-kvo deyil, bu xətt elə o gücdən istifadə edilməsinin nəticəsidir ki, onları mübahisələrin həllində tətbiq etmək olmaz. Beləliklə, güc tətbiqi nəticəsində bütün zəbt və işğal qeyri-qanuni hesab edilir və status-kvo güc tətbiqinədək olan vəziyyətə qaytarılmasını tələb edir. Bir sözlə, bu, “deokkupasiya” adlanır. Bax, bu şərt barədə, nazir, təbii ki, susub.

Ərazi bütövlüyü prinsipinə toxunan Nalbandyan deyib: “Ərazi bütövlüyü prinsipi Azərbaycanın interpretasiyasında qəbul edilsəydi, onda bu gün BMT-nin öz müqəddəratını təyin etmək hüququndan istifadə edən o qədər üzv ölkəsi olmazdı”. O, əlavə edib ki, Madrid prinsipləri “Dağlıq Qarabağın yekun statusunun Dağlıq Qarabağ əhalisinin öz iradəsini sərbəst ifadə etməsi yolu ilə həllini nəzərdə tutur və bu, beynəlxalq hüquqi qüvvəyə malik olacaq”.

Birincisi, nazir ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin üç prezidentinin 2010-cu ilin iyun ayında dərc edilmiş birgə bəyanatı ilə tanış olmalı idi. Bu sənəddə iradənin ifadə edilməsi prosesində konkret kimin iştirak etməsi barədə bir kəlmə yazılmayıb. Bəyanatda yazılıb: “Future determination of the final legal status of Nagorno-Karabakh through a legally binding expression of will”. “Dağlıq Qarabağın əhalisi” ifadəsini isə Nalbandyan mətnə özündən əlavə edib.

İkincisi, Janna Nemtsovaya “likbez” etmək istəyən Ermənistanın xarici işlər nazirinin, aydındır ki, öz təhsilində boşluqların aradan qaldırılmasına ehtiyacı var, çünki o, millətlərin, kontekstdən asılı olaraq daxili və ya xarici müqəddəratını təyin etməyi təklif edən müxtəlif kontekstlərlə tanış deyil. 192 dövlət E.Nalbandyanın yozumunda deyil, imperiyaların dağılması və xalqların müstəmləkə əsarətindən qurtarması nəticəsində BMT-yə üzv olub. Beynəlxalq hüquq özü idarə oluna bilməyən ərazilərdə yaşayan xalqlar (məsələn, Şərqi Timor), xarici işğal, əsarət altında olan, habelə müstəmləkə xalqları üçün sesessiya formasında imperiyadan çıxmağa yol verir. Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni əhalisi bu qəbildən deyil və heç vaxt da olmayıb. Yerdə qalan digər hallarda, xüsusilə azlıqların öz xarici müqəddəratını təyin etməsinə yalnız mərkəzi hökumətin razılığı ilə yol verilir, necə ki, bu, Cənubi Sudanda baş verib və Şotlandiyada isə yox. Mərkəzi hökumət sesessiyaya etiraz etdiyi halda (Çeçen, Kvebek, Kataloni, ola bilər tezliklə Kaliforniya) beynəlxalq hüquq yalnız öz daxili müqəddəratını təmin etməyə yol verir və birtərəfli sesessiyaları tanımır. Çətin ki, erməni naziri bütün bunları bilsin, həmçinin onun yozumu ilə yanaşılsaydı, BMT-nin 192 deyil, minlərlə, hətta on minlərlə kiçik üzv dövləti olmalı idi.

Yeri gəlmişkən, diaspordan danışan E.Nalbandyan özü deyir ki, dünyada yüzədək “kiçik Ermənistan” var. Doğrudanmı o güman edir ki, bütün bu “kiçik ermənistanlar” nazirin müsahibəsini eşitdikdən sonra onun yozumuna müvafiq olaraq “öz müqəddəratlarını” təyin etməyə qərar verəcəklər? Bu cür cəfəng ssenari xalqların öz müqəddəratını təyin etməsinin tam dəqiq prinsipinin erməni naziri tərəfindən cəfəng yozumundan yaranır.

“Beynəlxalq birlik deyir ki, Dağlıq Qarabağın əhalisi özü qərar verməlidir ki, onlar necə yaşamalı və özünə hansı taleyi seçməlidir”, - deyə erməni nazir qeyd edib. Lakin o, yenə də dəqiqləşdirməyib ki, seçilən “tale” ciddi hüquqi əsasa malik olmalıdır və bu barədə “legal” sözü Madrid prinsiplərində yer alıb. Müstəmləkə konteksti olmadığı halda, mərkəzi hökumətin etirazına əsasən hüquqi birtərəfli sesessiya yolverilməz hesab edilir. Ola bilər ki, beynəlxalq birlik Dağlıq Qarabağa mərkəzi hökumətdən ayrılmaq hüququ olmadan daxili idarəetmə məsələlərini həll etməyə imkan verər.

Göründüyü kimi, uzanmaqda olan münaqişənin həllinə əngəl yaradan səbəblərdən biri Ermənistan Xarici İşlər Nazirliyində olan xəstəlikdir, onların əməkdaşları hələ də dərk etmirlər ki, planetimiz təkcə müstəsna hüquqlara malik ermənilərdən ibarət deyil.

Jurnalist Janna Nemtsovaya isə yalnız tərif düşür. Onu dəstəkləmək istərdim - o, nazirlə müsahibəyə həqiqətən yaxşı hazırlaşmışdı, bunun üçün materialların yalnız Azərbaycan mənbələrindən götürülməsi heç də vacib deyil.

Mənbə: AZƏRTAC

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla