Valyuta məzənnəsi
Xəbər lentİ

Prezident yerli televiziya kanallarına müsahibə verir

10:10, 10.01.23
azerbaycan, siyaset
Prezident yerli televiziya kanallarına müsahibə verir

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verir.

Xeberpress.az Prezidentin Mətbuat Xidmətinin məlumatına əsasən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verir.

Prezident yerli televiziya kanallarına müsahibə verir


Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.

Azərbaycan Televiziyasından Tofiq Abbasov: Hörmətli Prezident, ilk növbədə, istəyirəm həmkarlarımın, özümün adından Sizə dərin təşəkkürümüzü bildirək ki, bizim üçün bu gün vaxt ayırmısınız. Bizim üçün bu, çox önəmli görüşdür. Çünki adətən Siz bütün müsahibələrinizdə elə məqamları, elə motivləri səsləndirirsiniz ki, onlar həm ölkə daxilində gedən proseslərə aydınlıq gətirir, digər tərəfdən biz aldığımız o məlumatları ictimai qüvvələrlə bölüşürük. Dünyada gedən proseslərlə, müsbət və mənfi təsirlərlə bağlı bütün səbəbləri və onların ətrafında olan təsəvvürləri düzgün qəbul etmək imkanları yaradırsınız bizim üçün. Ona görə biz Sizə bir daha artıq dərəcədə minnətdarıq.

Cənab Prezident, təbii ki, bizi, ilk növbədə, Sizin təhlilinizdə 2022-ci ilin nəticələri maraqlandırır. Çünki il asan il deyildi, ilk növbədə, postmüharibə və postpandemiya vəziyyətləri gündəmdə idi. Digər tərəfdən, Sizin rəhbərliyinizlə gedən islahatlarla bağlı biz çox müsbət tendensiyaların şahidi oluruq. Çünki dünyada qlobal tənəzzül mövcuddur, ancaq buna baxmayaraq, Azərbaycan qabaqlayıcı tədbirlərlə bu təsirləri minimuma endirdi, bəzilərini, ümumiyyətlə, neytrallaşdırdı və həm də artım əldə etdi. Bunu təkcə biz demirik, Azərbaycan mənbələri demir, həm də xarici mənbələr təsdiqləyirlər. Ona görə də bu proseslərin əlbəttə ki, hamısının davamı gözlənilir. Yeni prioritetlər haqqında danışmağa böyük ehtiyac var. Çünki 2023-cü il də asan olmayacaq, biz bunu hiss edirik. İstərdik ki, bax, bu məsələyə Siz münasibət bildirəsiniz və iqtisadi artımla, yeni gözləntilərlə bağlı öz fikirlərinizi bizə söyləyəsiniz.

Prezident İlham Əliyev: Əlbəttə, 2023-cü ilin uğurlu olması üçün biz hamımız fəal çalışmalıyıq. Keçən ilin əvvəlində də mən Azərbaycan media nümayəndələri ilə görüş zamanı fikir bildirmişdim ki, ümid edirəm 2022-ci ildə qarşıda duran vəzifələr yerinə yetiriləcək və biz bütövlükdə buna nail olduq. Bu gün - 2023-cü ilin əvvəlində bu görüş zamanı da əlbəttə ki, bu məsələlər haqqında danışacağıq. Yenə də ümidliyəm və ümidimin səbəbləri var. Çünki Azərbaycanın postmüharibə dövründə göstərdiyi mövqe və beynəlxalq miqyasda əldə etdiyi uğurlar bunu deməyə əsas verir.

İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq. Çünki yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün - artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bilmişik.

Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Çünki mən bunun canlı şahidiyəm ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır.

Mən 2022-ci ilin yekunları ilə bağlı geniş danışsam, onda qalan suallara yer qalmayacaq. Hesab edirəm ki, ilk növbədə, bizim iqtisadi nailiyyətlərimiz haqqında demək lazımdır. Çünki bu, sıradan olan məsələ deyil. Dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq. Ancaq biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir. Çünki biz bütün işləri öz hesabımıza edirik. Mən bunu artıq səsləndirmişəm. Biz müharibədən sonra heç kimdən yardım almamışıq. Sadəcə olaraq, iki ölkənin - Özbəkistanın və Qazaxıstanın prezidentləri Füzulidə iki məktəbin tikintisinə özləri təşəbbüs göstərmişlər. Bundan başqa biz heç bir yerdən bir manat yardım almamışıq. Ona görə iqtisadi müstəqillik mütləq güclənməlidir və keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Əlbəttə ki, həm də xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Yəni, iqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu nə deməkdir və eyni zamanda, bizim xarici borcumuz azalıb. Həm mütləq rəqəmlərlə - 7 milyard dollardan aşağıdır, həm də ümumi daxili məhsula nisbətdə təbii ki, kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir. Bu nədir? Bu odur ki, biz iqtisadi cəhətdən müstəqilik, əgər biz indi istəsək, yenə də beynəlxalq maliyyə qurumları ilə kreditlərin cəlb edilməsi üzrə işlərə başlaya bilərik, əslində başlamışıq. Çünki həm Dünya Bankı ilə, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ilə icraatda olan layihələr demək olar ki, başa çatır. Dünyanın hər iki aparıcı maliyyə qurumunun yüksəkvəzifəli nümayəndələri keçən il Bakıda olmuşlar və aparılan müzakirələr zamanı yeni istiqamətlər müəyyən edilib. Yəni, mən tam əminliklə deyə bilərəm ki, biz limitsiz xarici kreditlərin cəlb edilməsində heç bir problem görməyəcəyik. Amma hələ ki, buna böyük ehtiyac yoxdur. Ona görə iqtisadi və sosial sahə həmişə paralel getməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir.

İctimai Televiziyadan Nərmin Salmanova: Cənab Prezident, 2022-ci il Azərbaycanda əhalinin maddi rifah halının gücləndirilməsi istiqamətində addımlarla, Sizin də qeyd etdiyiniz kimi, məhz irihəcmli sosial paketlərin tətbiq edilməsi ilə yadda qaldı. Bununla belə, dünyada yüksək qiymət artımı və inflyasiya müşahidə olunmaqdadır, təbii ki, bu da Azərbaycana təsirsiz ötüşmür. Bəs, bu təsirlərin azaldılması istiqamətində, xüsusilə də aztəminatlı əhalinin sosial rifah halının gücləndirilməsi, onlara dəstək verilməsi istiqamətində hansı addımlar atıla bilər?

Prezident İlham Əliyev: Bəli, mən qeyd etdiyim kimi, inflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir. Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9 faiz təşkil edib. Yəni, bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur. Halbuki keçən il aparılan islahatlar nəticəsində, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, sağlam rəqabətin təşviqi, inhisarçılığa qarşı mübarizə, həmçinin gömrük sistemində olan pozuntuların aradan qaldırılması, kadr islahatları, əlbəttə ki, burada da müsbət rol oynayacaq. Ancaq bununla paralel olaraq, biz, ilk növbədə, qeyd etdiyiniz kimi, sosial rifah haqqında nəinki düşünməli idik, praktiki addımlar atmalı idik. Ona görə minimum əməkhaqqının 15 faiz artması əlbəttə ki, inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıbdır və minimum əməkhaqqı artıq 345 manata çatıbdır. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq.

Eyni zamanda, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Yəni, son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq.

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılmışdır. Əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdir. Ehtiyacı olmayan insanlara sosial yardım verilirdi və əlbəttə ki, bunun arxasında təmənna dayanırdı. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Ona görə bu sahədə çox geniş təftiş işi aparılmışdır. Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Yəni, bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir və əlbəttə ki, il ərzində artacaq, o cümlədən orta aylıq əməkhaqqı da. Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq. Beləliklə, sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk.

Bir istiqamət də şəhid ailələri və müharibə əlillərinə dəstəklə bağlıdır. Keçən il bu istiqamətdə də önəmli addımlar atılmışdır, bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə 3 min mənzil verildi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək.

Məlumat üçün deyə bilərəm ki, bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıb. Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, bir bizim yeniliyimizdir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur. Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq.

İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Bu proqramın icrası mətbuatda da işıqlandırılıb. Hər kəs görə bilir ki, bizim qazilərimiz hətta futbol oynaya bilirlər. Əl protezləri daha mürəkkəb texnologiyaya malikdir. Mənə verilən məlumata görə, ən müasir texnologiyadan olan əl protezlərinin əl tutma funksiyası təqribən 40-a çatır. Yəni, biz öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışırıq. Əlbəttə ki, bu, yüksək texnologiyalı protezlər olduğu üçün onlar vaxtaşırı dəyişdirilməlidir. Bütün bu proqramlar da gündəlikdədir.

Yəni, sosial sahə çoxşaxəli sahədir. Məsələn, biz buraya özünüməşğulluq proqramını da əlavə edə bilərik. Bu, həm sosial, həm iqtisadi sahədir. Çünki bu, kiçik biznesi təşviq edən sahədir. Ancaq mən buna daha çox sosial sahə kimi baxıram. Bir neçə il ərzində belə bir təşəbbüs irəli sürüldü. Çox böyük maraq doğurdu və bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Hətta biz beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb etmişik. Bu, həm sosial, həm iqtisadi, həm iş yerlərini, yəni, bütün bu sahələri əhatə edən bir sahədir. Ona görə bu il də istisna olmayacaq. Çünki bir daha demək istəyirəm, Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik. İmkan daxilində bu il də bu proqramlar icra ediləcək.


Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla