Laçın-Xankəndi yolunda aksiyanın 24-cü günü - BQXK-nin avtomobilləri maneəsiz keçir
11:12, 04.01.23
azerbaycan, siyaset, bolge
Hava şaxtalı olsa da, Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası davam edir.
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 24-cü gündür davam edir.
Xeberpress.az bildirir ki, AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarının əks olunduğu şüarların əks edildiyi plakatlar qaldırır, şüarlar səsləndirirlər.
***
Laçın-Xankəndi yolu: BQXK-nin avtomobilləri aksiya yerindən maneəsiz keçib.
Laçın-Xankəndi yolunda keçirilən dinc aksiyanın iştirakçıları Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus üç avtomobilin aksiya keçirilən ərazidən keçidi təmin olunub.
Bu, humanitar məqsədli maşınların keçidi üçün Laçın-Xankəndi yolunda heç bir məhdudiyyətin olmadığını göstərir.
Qeyd edək ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 24-cü gündür davam edir.