Valyuta məzənnəsi
Xəbər lentİ

Argentina dünya çempionu tituluna sahib olub

11:43, 19.12.22
azerbaycan, idman
Argentina dünya çempionu tituluna sahib olub

Argentina millisi Qətərdə keçirilən dünya çempionatında Fransa yığmasına qalib gələrək, dünya çempionu tituluna sahib olub.

Xeberpress.az bildirir ki, dünya kuboku Argentina millisinin kapitanı Lionel Messiyə təqdim olunub.

Dünya çempionatını qazanan komandaya mükafatlandırma mərasimində verilən simvolik kubok və onun surətləri İtaliyada hazırlanır. İkinci Dünya müharibəsi dövrü istisna olmaqla, 1930-cu ildən etibarən FIFA tərəfindən hər 4 ildən bir təşkil edilən futbol üzrə dünya çempionatının 22-cisinə bu il Qətər ev sahibliyi edib.

Komanda tarixində ilk dəfə 1978-ci ildə dünya çempionluğunu bayram edib. 1986-cı ildə ikinci dəfə dünyanın ən güclü komandası olan Argentina Qətər mundialında da birincilik qazanmağı bacarıb.

İndiyədək təşkil olunan 22 çempionatda iki fərqli dizayna malik kubok istifadə edilib. 1930-cu ildə Uruqvayda keçirilən ilk dünya çempionatında qalib komandaya fransalı heykəltəraş Abel Lafleur tərəfindən hazırlanmış və qədim zəfər ilahəsi Nikenin təsviri olan kubok verilib. Bu dizayndakı kubok təxminən 40 il istifadə olunub. Əvvəllər “Qələbə” kuboku kimi tanınan və daha sonra isə FIFA-nın sabiq prezidenti Jül Rimenin adını daşıyan bu kubok 1970-ci ildə Meksikada keçirilən və Braziliyanın 3-cü dəfə çempion olduğu dövrdə “üçqat çempion olan komanda kuboku almaq hüququna malikdir” qaydasına əsasən Cənubi Amerika ölkəsinin muzeyinə verilib.

1970-ci ildəki çempionatdan sonra FIFA yeni dizaynda kuboku müəyyən etmək üçün beynəlxalq müsabiqə keçirib və 53 dizayna malik model müsabiqədə iştirak edib. İtaliyanın “GDE Bertoni” şirkətinin art-direktoru, italyan heykəltəraş Silvio Qazzaniqanın orijinal dizaynı müsabiqənin qalibi olub. S.Qazzaniqanın əllərini havaya qaldıran iki zəfər mələyinin tutduğu Yer planetinin təsviri olan dizaynı hazırda da çempionatın baş mükafatı olmaqda davam edir. Həmin kubok ilk dəfə 1973-cü ildə nümayiş olunub, 1974-cü ildə Almaniyanın ev sahibliyi etdiyi çempionatda təqdim edilib.

Bu unikal dizaynlı kubok son 50 ildə İtaliyanın Milan şəhəri yaxınlığındakı Paderno Dugnanodakı müəssisələrdə istehsal olunur. Kubokun hündürlüyü 38 santimetr, çəkisi 6,2 kiloqramdır və 18 karatlıq qızıldan hazırlanır.

Kubok 1974-cü ildə təqdim edilən və FIFA-da qalan yeganə orijinal əsərdir. Orijinal kubok final matçının sonunda keçirilən mərasimdə qalib komandaya təqdim olunur, sonra kubokun altına qalib komandanın adının yazılması üçün “GDE Bertoni” şirkətinə, sonda isə FIFA-ya göndərilir. Qalib komanda orijinal qızıl kuboku deyil, adı həkk olunmuş qızıl-latun ərintisindən hazırlanan nüsxəsini alır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla