Valyuta məzənnəsi
Xəbər lentİ

Naxçıvanda uşaqlara dövlət qayğısı

12:21, 01.06.21
azerbaycan, bolge
Naxçıvanda uşaqlara dövlət qayğısı

Muxtar respublikada uşaqlar dövlət qayğısı ilə əhatə olunublar.

Naxçıvanda əhalinin 165 min 288 nəfəri uşaqlardır.

Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Bunun nəticəsidir ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uşaqlara hərtərəfli qayğı göstərilir, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarının təmin edilməsi diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var”.

Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına əsasən, bu gün muxtar respublika əhalisinin 36 faizi və ya 165 min 288 nəfəri uşaqlardır.

Müstəqillik illərində Naxçıvanda 200-dən çox ümumtəhsil məktəbi tikilib və ya yenidən qurularaq istifadəyə verilib

Muxtar respublikada uşaqların təhsili daim diqqət mərkəzində saxlanılır, bir-birinin ardınca istifadəyə verilən müasir maddi-texniki bazaya malik təhsil ocaqları təhsilin keyfiyyətinin yüksəldilməsinə, yüksəkixtisaslı kadr potensialının artırılmasına şərait yaradır. Müstəqillik illərində muxtar respublikada 200-dən çox ümumtəhsil məktəbi tikilib və ya yenidən qurularaq istifadəyə verilib. Hazırda ümumtəhsil məktəblərində 650-dən çox elektron lövhə quraşdırılıb ki, bu da uşaqların müasir təhsil sistemi əsasında biliklərə yiyələnməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1516-sı ali təhsil müəssisələrinə, 683-ü orta ixtisas təhsili müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 182 nəfəri isə müxtəlif ali hərbi məktəblərə daxil olub, ali məktəblərə qəbul olunan 275 nəfər 500-700 arası bal toplayıb. Bu gün uşaqların peşə təhsilinə cəlbi də qarşıda duran əsas vəzifələrdəndir. Təkcə 2020-2021-ci tədris ilində 149-dan çox uşaq bacarıqlarına uyğun peşə və ixtisaslara yönləndiriliblər.

Muxtar respublikada 25 mindən çox uşaq idmanla məşğul olur

Uşaqların təhsili ilə yanaşı, onların sağlamlıqlarının qorunması, fiziki inkişaflarının təmin olunması istiqamətində də tədbirlər görülür. Muxtar respublikada müasir standartlara uyğun olimpiya idman kompleksləri, üzgüçülük və şahmat mərkəzləri, uşaq-gənclər şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, stadionlar, peyntbol meydançası, ümumtəhsil məktəblərində müasir idman zalları və digər idman avadanlıqları istifadəyə verilib. Yaradılan şəraitin bəhrəsidir ki, hazırda muxtar respublikada 25 mindən çox uşaq idmanla məşğul olur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Gənc İstedadların “Qızıl kitabı”nın yaradılması, istedadlı uşaqların adlarının bu kitaba yazılması və onlara xüsusi təqaüdlərin verilməsi də göstərilən qayğının daha bir ifadəsidir. Qeyd edək ki, ötən il ərzində 2 istedadlı uşaq olmaqla, ümumilikdə, 13 uşağın adı bu kitaba yazılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı da gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edir.

Uşaqlar arasında infeksion xəstəliklər və ölüm səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb

Uşaqların sağlamlığının qorunması da diqqət mərkəzində saxlanılır. Belə ki, uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və avadanlıqlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə atılan mühüm addımlardan biridir. Həyata keçirilən tədbirlər nəticəsində uşaqlar arasında infeksion xəstəliklər və ölüm səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb.

Naxçıvanda uşaq hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülüb

Uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl tədbirlər görülüb. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilib, monitorinq qrupu yaradılıb.

Muxtar respublikada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar da xüsusi qayğı ilə əhatə olunur, himayə və qəyyumluğa verilən uşaqların evlərində mütəmadi olaraq monitorinqlər təşkil edilir, yaşayış şəraitləri öyrənilir, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilir. Bu kateqoriyadan olan uşaqlara dövlətin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, 2020-ci ildə ümumtəhsil məktəblərini bitirmiş uşaqlardan ikisi ali təhsil müəssisələrinə qəbul olub.

“Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı təşkil olunub, indiyədək 35 mindən artıq uşaq haqqında fərdi məlumatlar banka daxil edilib.

Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası təmin olunub

Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası məqsədilə bu gün muxtar respublikada müvafiq tədbirlər həyata keçirilir. Belə ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul edilib, hazırda bu proqramın icrası ilə bağlı müvafiq tədbirlər görülür.

Bu gün ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 918, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 9, Distant Tədris Mərkəzində 18 uşaq təhsil alır. Bundan əlavə, həmin kateqoriyadan olan uşaqların təhsilinin təşkili sahəsində görülən işlərin nəticəsidir ki, 2020-2021-ci tədris ilində 6 uşaq Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, 21 uşaq ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarına, 17 uşaq bağçalara cəlb edilib, yüzlərlə uşaq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müxtəlif dərnəklərinə, şahmat məktəblərinə, məktəbdənkənar müəssisələrin dərnəklərinə, idman məktəblərinə cəlb olunublar. 2020-ci il ərzində 620 sağlamlıq imkanları məhdud uşaqla əlaqə saxlanılıb, 63 uşaq məktəbəqədər, məktəb, məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə yönləndirilib. Görülən işlərin nəticəsidir ki, ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud uşaqlardan 11 nəfəri orta ixtisas təhsili müəssisələrinə, 18 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olunub.

Uşaqların vətənpərvərlik ruhunda böyüməsi diqqətdə saxlanılır

Uşaqların vətənpərvərlik ruhunda böyüməsində, milli dəyərlərimizi mənimsəməsində və dünyagörüşlərinin formalaşmasında uşaq ədəbiyyatını mütaliə etmək mühüm əhəmiyyət kəsb edir. Buna görə də muxtar respublikada müasir ədəbiyyat bazasına malik olan elektron kitabxanalar istifadəyə verilir, uşaqlar üçün kitablar nəşr olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə “Uşaqlar və Günəş” almanaxı, “Gəncliyimiz-gələcəyimiz”, “Təmsillər”, “Şeir və hekayələr”, “Şeirlər”, “Poema və pyeslər”, “Naxçıvan bəstəkarlarının uşaq mahnıları”, “Sevimli dostlarım kitablar”, “İstedadlı şagirdlər”, “Göy qurşağı” adlı uşaq kitablarının nəşr olunması uşaqlarda mütaliə mədəniyyətinin formalaşmasına göstərilən diqqətin bariz nümunəsidir.

Muxtar respublikada dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş uşaq yoxdur

Muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğının nəticəsində dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş, erkən nikaha və uşaq əməyinə cəlb olunmuş, məktəbdən yayınan, cinayət məsuliyyətinə cəlb olunmuş uşaq yoxdur.

Uşaqlar gələcəyimizin təməli, inkişafımızın qarantıdırlar. Onların xoşbəxt yaşamasına, sağlam böyüməsinə çalışmaq, müdafiəsinə hamılıqla qoşulmaq hər bir vətəndaşın borcudur. Çünki uşaqlara verilən dəyər ölkəmizin sabahına verilən dəyərdir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla