Valyuta məzənnəsi
Xəbər lentİ

Naxçıvan Muxtar Respublikası investisiya reytinqində liderdir

17:15, 27.12.17
azerbaycan, bolge
Naxçıvan Muxtar Respublikası investisiya reytinqində liderdir

“Caspian Energy International Media Group” Azərbaycan Respublikasının Prezidenti, “Caspian European Club”un Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqini hazırlayıb.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Caspian European Club”un sədrinin birinci müavini Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan regionlarının investisiya reytinqinin lideri ən yüksək ümumi bal toplamış Naxçıvan Muxtar Respublikası olub. Sözügedən reytinq “Caspian Energy” jurnalının yekun nömrəsində dərc ediləcək.

“Reytinqin əsas rəqəmləri göstərir ki, ölkənin regionlarının 2017-ci ilin üç rübü ərzindəki iqtisadi inkişaf nəticələrinin ötən illə müqayisədə əsas fərqləndirici cəhəti regionların qeyri-bərabər sosial-iqtisadi inkişafıdır”, - deyə Telman Əliyev bildirib. O vurğulayıb ki, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin səfirləri “Caspian Energy” jurnalına müsahibələri zamanı Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafını xüsusilə qeyd edib, muxtar respublika rəhbərinin alternativ və bərpa olunan enerji mənbələrinə, həmçinin innovasiya texnologiyalarının tətbiqinə və turizmin inkişafına göstərdiyi diqqətə valeh olduqlarını söyləyiblər.

Naxçıvanda istehsal olunan məhsulların müxtəlifliyi və yüksək keyfiyyəti, həmçinin muxtar respublika rəhbərinin yerli iqtisadiyyatın inkişafı və regional məhsul çeşidlərinin şaxələndirilməsi üçün göstərdiyi səylər səfirlərdə yüksək təəssürat oyadıb. Onlar sənaye məhsullarının çeşidlərinin davamlı artırılması prosesinin Azərbaycanın digər regionlarında da getdiyindən əminliklərini ifadə ediblər.

“Bu reytinqi biz bir neçə il ərzində “Caspian European Club”un Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üçün hazırlamışıq. Ötən ildən etibarən investisiya reytinqini “Caspian Energy” jurnalının yekun nömrəsində dərc edirik”, - deyən Telman Əliyev bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş rayonlar üzrə statistikanın göstərilməsi qeyri-mümkün olduğundan onlarla müqayisə aparılmayıb. İşğal faktı ayrıca təsvir olunub ki, bu da öz növbəsində, həmin mühüm problemi bir daha jurnalın geniş beynəlxalq oxucu auditoriyasının diqqətinə çatdırmaq imkanı yaradır.

On səkkiz parametr üzrə sıralanan regionlar altı qrupa bölünüb: sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı.

Telman Əliyev qeyd edib ki, “Caspian Energy” jurnalının bu nömrəsi dünyanın 70 ölkəsinin dövlət və hökumət başçılarına, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının və aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinə təqdim olunacaq. 2017-ci ilin investisiya reytinqi ilə yanaşı, jurnalda həmin regionlarda fəal şəkildə işləyən müəssisə rəhbərlərinin məqalələri və müsahibələri də dərc ediləcək.

“Bizim təşəbbüsümüzü dəstəkləyən və jurnalın səhifələrində fəaliyyət göstərdikləri iqtisadi regionların qarşısında öz müəssisələrinin reklamını, həmçinin fəaliyyətləri ilə bağlı məlumatların əks olunduğu məqalə və müsahibələri yerləşdirməyə razılıq verən bütün şirkətlərə minnətdarlığımızı bildiririk. Biz sözügedən nəşrimizin səhifələrində təqdim olunmaq istəyən yeni şirkətlərlə də əməkdaşlığa açığıq”, - deyən Telman Əliyev vurğulayıb ki, jurnalın qeyd olunan nömrəsində çap olunmuş məqalə və müsahibələrin hər biri Azərbaycanın regionlarının inkişafına uzunmüddətli investisiyaların cəlbi üçün əlavə təkan verə, potensial tərəfdaşların, həmçinin Azərbaycanda istehsal olunan məhsul və xidmət istehlakçılarının axtarışına kömək edə biləcək.

“Həmçinin xatırlatmaq istəyirəm ki, bu ilin əvvəlində Azərbaycanın bütün şəhər və rayonları üzrə geniş investisiya reytinqini http://caspianenergy.net/ru portalında ayrıca dərc edəcəyik”, – deyə Telman Əliyev əlavə edib.

Qeyd edək ki, “Caspian Energy” jurnalında dünyanın müxtəlif dövlətlərinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin analitik material və xülasələri çap olunur. Müxtəlif qiymətləndirmələrə görə, Xəzər-Qara dəniz və Baltik regionunun aparıcı nəşrlərinin ilk beşliyinə daxil edilmiş “Caspian Energy” jurnalı həmin regionların bir çox investorlarının fəaliyyətində əsas oriyentir rolunda çıxış edir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla