Valyuta məzənnəsi

Gənclər Təşkilatları Milli Şurasının III Milli Konqresi keçirilib

14:54, 19.12.17
azerbaycan, cemiyyet
Gənclər Təşkilatları Milli Şurasının III Milli Konqresi keçirilib

Dekabrın 19-da Azərbaycanın ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) III Milli Konqresi keçirilib.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, 200-dən çox gənclər təşkilatının nümayəndələri, beynəlxalq qurumların təmsilçiləri iştirak ediblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra GTMŞ-nin 2017-ci ildə fəaliyyəti ilə bağlı hesabat videosu nümayiş etdirilib.

GTMŞ-nin sədri Seymur Hüseynov tədbirdə çıxış edərək Şuranın tarixi və fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunan Şuranın sıralarında hazırda 200-dən çox gənclər təşkilatı, o cümlədən on minlərlə gənc birləşir. Şura özündə uşaq və gənclər təşkilatlarını birləşdirən və bu çərçivədə yerli, regional, beynəlxalq səviyyədə fəaliyyət göstərən birlikdir. S.Hüseynov Azərbaycanın dövlət gənclər siyasətinə dəstək verilməsi və gənclər təşkilatları institutunun gücləndirilməsi istiqamətində Şuranın mühüm tədbirlər həyata keçirdiyini vurğulayıb. Qeyd edib ki, Şuranın fəaliyyətində əsas olan dövlətçilik prinsipi bu gün də bu qurum üçün prioritet istiqamətdir. S.Hüseynov ötən 22 ildə GTMŞ ilə fəal əməkdaşlıq edən dövlət və hökumət qurumlarına, üzv təşkilatlara minnətdarlığını ifadə edib.

Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev sıralarında ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirən belə bir platformanın – Gənclər Təşkilatları Milli Şurasının yaradılmasının mühüm addım olduğunu bildirib. Qeyd edib ki, Gənclər Təşkilatları Milli Şurasının vəzifəsi gənclər təşkilatları üçün dialoq mühiti, təcrübə mübadiləsi, dövlət orqanları ilə əməkdaşlıq üçün münbit şərait yaratmaq və beynəlxalq əməkdaşlığı təşviq etməkdir. Gənclər təşkilatları bu imkanlardan yararlanmalı və bu platformanın təkmilləşdirilməsində fəal iştirak etməlidirlər.

“Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi üçün müvafiq icra orqanı, geniş qanunvericilik bazası, Gənclər Fondu, sosial xidmətlər göstərən Gənclər evləri və nəhayət, sağlam vətəndaş cəmiyyəti mövcuddur. Təsadüfi deyil ki, Azərbaycanda dövlət gənclər siyasəti istiqamətində fəaliyyətləri əlaqələndirmək və səmərəliliyi təmin etmək məqsədilə Prezident Administrasiyasında gənclər siyasəti və idman məsələləri şöbəsi yaradılıb. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu institusional islahatlar hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilən gənclər siyasətinin uğurla həyata keçirilməsi üçün möhkəm zəmin yaradır”, - deyə Y.Məmmədəliyev qeyd edib.

Bildirilib ki, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsi yaradılığı vaxtdan ötən qısa müddətdə 100-dən artıq gənclər təşkilatının nümayəndələri ilə görüşlər keçirib, Şuranın tədbirlərində fəal iştirak edib, regionlarda gənclərlə geniş və səmərəli fikir mübadiləsi aparıb. Bu görüşlər zamanı regionlarda gənclər təşkilatlarının formalaşdırılması, ekspert bankının yaradılması, layihələrin innovativ metodlarla icra olunması və s. məsələlər müzakirə edilib.

Azərbaycanın siyasi, iqtisadi və hərbi potensialına görə regionun lider dövləti olduğunu vurğulayan şöbə müdiri bildirib ki, Azərbaycan gəncliyi də peşəkarlığı, bilik və bacarığı ilə regionda lider olmalıdır: “Bu baxımdan biz gənclər təşkilatlarından daha ciddi fəaliyyət gözləyirik. Gənclər təşkilatları birbaşa gənclərlə ünsiyyətdə olmalı, onların problemlərini və istəklərini nəzərə almalı, bu istiqamətdə layihələr həyata keçirməlidirlər. Həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq etməli və bununla da dövlətin sosial siyasətinin həyata keçirilməsinə dəstək verməlidirlər. Gənclər təşkilatlarında önəmli məsələlərdən biri də gənclərin təmsilçiliyidir. Belə ki, qərar qəbuletmə prosesində məhz gənclər təmsil olunmalıdır. Gənclər arasında liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi gələcəkdə kadr potensialının formalaşdırılması üçün vacibdir”.

Gələn il Azərbaycan üçün mühüm hadisələrin gözlənildiyini diqqətə çatdıran Y.Məmmədəliyev bu baxımdan ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyini, növbəti Prezident seçkilərini, “Ekspo-2025” ümumdünya sərgisinə ev sahibliyi üçün Bakının namizədliyinin təsdiqlənməsini və s. xüsusi vurğulayıb. Bildirib ki, gənclər təşkilatları bu proseslərdə fəal iştirak etməlidirlər. Şöbə müdiri gəncləri həm ölkə əhəmiyyətli tədbirlərdə, eləcə də sosial təşəbbüslərdə qarşılıqlı əlaqədə olmağa, beynəlxalq təcrübəyə əsaslanmağa və dövlətçilik prinsiplərini əsas tutmağa çağırıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında bildirib ki, 22 il əvvəl GTMŞ yaradılanda həmin vaxt mətbuatda bu təşkilatın yaradılması ilə bağlı ətraflı müzakirələr aparılırdı. Şura təsis edildikdən sonra həyata keçirdiyi fəaliyyət bu platformanın yaradılmasının nə dərəcədə uğurlu olduğunu göstərdi. Həyata keçirilən layihələr bu qurumun fəaliyyətinin səmərəliliyini sübut edir.

Qeyd olunub ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təkcə son beş ildə 700-dən çox layihə və tədbir həyata keçirilib. Bu iş bundan sonra da davam etdiriləcək. Nazir müavini GTMŞ-nin 2018-ci ildə də öz peşəkarlığını göstərməkdə və dövlət maraqlarına uyğun layihələr həyata keçirməkdə davam edəcəyinə əminliyini bildirib.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov ölkəmizin milli maraqlarının qorunmasında GTMŞ-ə üzv gənclər təşkilatlarının rolundan söz açıb. Qeyd edib ki, Şura bundan sonra da uğurlu fəaliyyətini davam etdirəcək. Azərbaycan gənclərinin Prezident İlham Əliyevin siyasətini fəal dəstəklədiklərini bildirən komitə sədri deyib: “Bu gün bizim üçün bir nömrəli məsələ Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Şura bu istiqamətdə reallaşdırılan layihələrdə, kampaniyalarda daha fəal iştirak etməli, öz sözünü deməlidir. Bu gün Prezidentimizin xarici siyasəti nəinki gənclər təşkilatları üçün, bütün qurumlar üçün prioritet istiqamət təşkil edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın tanıdılması üçün həyata keçirdiyi layihələr gənclərimiz və gənclər təşkilatları üçün əsas olmalıdır”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsaqzai həftə ərzində ölkəmizdə gənclərlə bağlı bir sıra tədbirlərdə iştirak etdiyini vurğulayaraq, Gənclər Təşkilatları Milli Şurasının ötən 22 ildə qazandığı nailiyyətləri təqdir edib. Bildirib ki, BMT Azərbaycan Hökuməti ilə əməkdaşlıqdan çox məmnundur və bu işbirliyini yüksək qiymətləndirir. O, BMT-nin gənclərin inkişafına xüsusi diqqət yetirdiyini və Azərbaycanda da bu sahəyə yüksək qayğı göstərildiyini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev də 2018-ci ildə gənclər təşkilatlarını, gəncləri fəal olmağa çağırıb: “Altı il əvvəl bu gün Gənclər Fondu yaradılıb. Ötən müddətdə Fond gənclər təşkilatlarına böyük dəstək verib. Bu günə qədər Gənclər Fondunun dəstəyi ilə respublika üzrə 4 minə yaxın layihə icra olunub. Növbəti il də bu baxımdan zəngin olacaq. Gənclər təşkilatlarını daha məsuliyyətli layihələr həyata keçirməyə çağırıram. Gənclər Fondunun saytında 300 gənclər təşkilatı qeydiyyatda olsa da, onların heç də hamısı fəal deyil. Biz həmin gənclər təşkilatlarına kömək etməyə hazırıq”.

Çıxışlardan sonra III Milli Konqres işini panel müzakirələri ilə davam etdirib.

Milli Konqres çərçivəsində Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə reallaşdırılan “Gənc elçilər” proqramının ilk iştirakçılarının məzuniyyət mərasimi keçirilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla