Valyuta məzənnəsi
Xəbər lentİ

Qarabağ şəhidinin xatirəsi əbədiləşdirilib

16:18, 08.12.17
azerbaycan, bolge
Qarabağ şəhidinin xatirəsi əbədiləşdirilib

Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Fingə kənd tam orta məktəbində şəhid İslam Quliyevin abidəsi açılıb.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə rayon ictimaiyyətinin nümayəndələrinin, kənd sakinlərinin, şəhidin ailə üzvlərinin və döyüş yoldaşlarının iştirakı ilə açılış mərasimi keçirilib.

Mərasim iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra İslam Quliyevin abidəsi önünə gül-çiçək düzülüb, şəhidin ruhuna dualar oxunub.

Çıxış edənlər şəhid İslam Quliyevin mənalı həyat və döyüş yolundan danışıblar. Bildirilib ki, 1957-ci ildə Laçın rayonunun Fingə kəndində dünyaya göz açan İslam ermənilərin torpaqlarımıza qarşı hərbi təcavüzü başlayanda Kərkicahanda özünümüdafiə dəstəsinin yaradıcılarından olub. Onun rəhbərlik etdiyi bölük Kərkicahan, Kosalar, Şuşa, Ağdərə döyüşlərində fədakarlıqlar göstərib. 1992-ci il avqustun 31-də döyüşçüləri ilə birlikdə Mehmanə kəndi istiqamətində irəliləyərək, yolları minalardan təmizləyib, yaşayış məntəqəsini azad edib. 1992-ci il sentyabrın 1-də qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 1997-ci il 25 fevral tarixli Fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. Laçın rayon Fingə kənd orta məktəbi şəhid İslam Quliyevin adını daşıyır.

Çıxışlarda İslam Quliyevin və digər şəhidlərimizin həyatının böyüməkdə olan gənc nəslə örnək olduğu bildirilib.

Mərasim məktəblilərin ifasında bədii kompozisiya ilə davam etdirilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla