Valyuta məzənnəsi

Brüsseldə keçirilən Beynəlxalq Forum separatizmin nə qədər ciddi təhlükə olduğuna bir daha aydınlıq gətirir - Vüqar Rəhimzadə

17:00, 22.11.17
azerbaycan, siyaset
Brüsseldə keçirilən Beynəlxalq Forum separatizmin nə qədər ciddi təhlükə olduğuna bir daha aydınlıq gətirir - Vüqar Rəhimzadə

"Bu gün dünyanın müxtəlif bölgələrində separatizm meyillərinin güclənməsi beynəlxalq sülhə və təhlükəsizliyə ciddi əngəl törədir. Artıq uzun illərdir ki, Azərbaycan da bu bəladan əziyyət çəkir. 25 ildən artıqdır ki, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən zəbt edilib, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, terrorist və separatçı qüvvələr işğalçılıq siyasətlərini hələ də davam etdirirlər. Bütün bunlara baxmayaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində mühüm addımlar atılır, xaricdə uğurlu təbliğat kampaniyası aparılır. Bu baxımdan noyabırın 20-də Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən "Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir" mövzusundakı Beynəlxalq Forumu xüsusi olaraq vurğulamaq lazımdır".

Xeberpress.az Milli.Az-a istinadən xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun Forumdakı dərin məzmunlu çıxışı zamanı bir daha separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə böyük təhdid olduğu beynəlxalq birliyin nəzərinə çatdırılıb: "Bu gün qarşıda duran əsas hədəf dünyada hökm sürən separatizmə qarşı birgə mübarizədir. Bu mübarizə isə o zaman effektli olar ki, dünya dövlətləri, xüsusilə də nüfuzlu beynəlxalq təşkilatlar bu sahədə qəti mövqe və güclü iradə ortaya qoysunlar. Cənab Əli Həsənov da haqlı olaraq bildirib ki, mövcud münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına səbəb olur. BMT, ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparması vacibdir. Əgər bu mümkün olmasa etnik separatizm dünyanı millətlərarası münaqişələr meydanına çevirə bilər. Hesab edirəm ki, Cənab Əli Həsənovun bu fikirləri separatizmin nə qədər ciddi təhlükə olduğuna bir daha aydınlıq gətirir".

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Forumda diqqət yetirilən əsas məsələlərdən biri də beynəlxalq münasibətlər sistemində hökm sürən "ikili standartlar" siyasətidir: "Təəssüf ki, bu gün dünyada ayrı-ayrı dövlətlərə və baş verən hadisələrə qarşı ikili standartlar prizmasından yanaşma mövcuddur. Bu amil isə ədalət prinsipinin tam olaraq bərqərar olmasına mane olur, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Elə götürək Dağlıq Qarabağ münaqişəsini. BMT, ATƏT, Avropa Şurası kimi nüfuzlu təşkilatlar münaqişənin həlli ilə bağlı sənədlər qəbul etsələr də, problemin çözülməsi istiqamətində ciddi addımlar atılmır, bəzən işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilir".

"İki sahil" qəzetinin baş redaktoru əlavə edib ki, Forumda müzakirə olunan əsas məsələlərdən biri də Azərbaycan-Avropa İttifaqı əlaqələri olub: "Azərbaycan və Avropa İttifaqının qarşılıqlı münasibətləri ilə bağlı aparılan müzakirələr əlaqələrin gələcək perspektivlərinin yüksək səviyyədə olduğunu göstərir. Cənab Əli Həsənov haqlı olaraq vurğulayıb ki, Azərbaycan yalnız Avropa İttifaqının enerji təminatı və təhlükəsizliyi baxımından, habelə "Qonşuluq siyasəti"nin əsas tərəfdaşlarından biri kimi deyil, həmçinin dünyanın müxtəlif bölgələrində - Əfqanıstanda, İraqda, Balkanlarda və s. həyata keçirdiyi sülhyaratma proseslərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması istiqamətində fəaliyyəti ilə Qərbin etibarlı tərəfdaşı hesab olunur. Hesab edirəm ki, Avropanın mərkəzində bu cür forumların təşkili Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət kəsb edir".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla