Valyuta məzənnəsi
Xəbər lentİ

Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər İsmayılov Elşən Aydın oğlu şəhid olub.

19:42, 30.11.15
azerbaycan, bolge
Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər İsmayılov Elşən Aydın oğlu şəhid olub.

Azərbaycan Ordusu şəhid verdi. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 30-da qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər İsmayılov Elşən Aydın oğlu şəhid olub.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür, bu qanlı provokasiya nəticəsiz qalmayacaq və düşmənə vurulacaq zərbə sarsıdıcı olacaq.

Qeyd edək ki, bu gün ermənilər daha bir hərbçimizi yaralayıblar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.

İlkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 100 dəfə pozub. Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan və Dovex kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikası Qazax rayonunun Qızılhacılı, Quşçu Ayrım və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 102 dəfə atəş zərbəsi endirib.

ALLAH rəhmət eləsin.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla