Valyuta məzənnəsi
Xəbər lentİ

Neft Fondu indiyədək “Cənub Qaz Dəhlizi” layihəsinə 3,7 milyard dollar ayırıb

11:42, 11.10.17
azerbaycan, iqtisadiyyat
Neft Fondu indiyədək “Cənub Qaz Dəhlizi” layihəsinə 3,7 milyard dollar ayırıb

İndiyədək “Cənub Qaz Dəhlizi” layihəsinə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) ümumilikdə 3,7 milyard ABŞ dolları vəsait ayrılıb.

Xeberpress.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli Sərəncamı ilə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsini təmin etmək məqsədilə SOCAR tərəfindən nizamnamə kapitalı 100 milyon ABŞ dolları məbləğində və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” (CQD QSC) Qapalı Səhmdar Cəmiyyəti təsis edilib. Sərəncamın 2.1.-ci bəndi ilə “Cənub Qaz Dəhlizi” QSC-nin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi Dövlət Neft Fonduna, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi isə İqtisadiyyat Nazirliyinə tapşırılıb. Bu il sentyabrın 30-u tarixinə qədər “Cənub Qaz Dəhlizi” QSC-nin Müşahidə Şurasının və Ümumi Yığıncağının müvafiq qərarlarına əsasən, QSC-nin nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dolları məbləğinə qədər artırılıb, Neft Fondu tərəfindən bu məqsədlə ümumilikdə 1 milyard 232,1 milyon ABŞ dolları (51 faiz) məbləğində vəsait ayrılıb.

Eyni zamanda, qeyd edilən Sərəncamın icrasına uyğun olaraq Dövlət Neft Fondu tərəfindən 2014-cü ildə “Cənub Qaz Dəhlizi” QSC-yə keçən layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi üçün 2 milyard 517 milyon ABŞ dolları məbləğində vəsait geri qaytarılmaq şərti ilə QSC-yə uzunmüddətli investisiya edilib. Bu ilin 9 ayı ərzində layihənin maliyyələşdirilməsi cəlb edilmiş borc kapitalı hesabına həyata keçirildiyindən bu dövr ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirmə olmayıb.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla