Valyuta məzənnəsi
Xəbər lentİ

Naxçıvanda turizmin inkişafı istiqamətində kompleks tədbirlər görülür

15:15, 27.09.17
azerbaycan, bolge
Naxçıvanda turizmin inkişafı istiqamətində kompleks tədbirlər görülür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən sentyabrın 27-si ölkəmizdə “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd olunur.

Dövlətimizin başçısı turizmin inkişafını qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib. Ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanın dilbər guşələrindən olan Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə kompleks tədbirlər görülür. Zəngin tarixi və mədəni irsi, mineral bulaqları, nadir təbiət abidəsi olan Duzdağ, qədim memarlıq abidələri və özünəməxsus mətbəxi, sabitlik və müasir infrastruktura malik yaşayış məntəqələri Naxçıvanda da turizmin inkişafını şərtləndirən əsas amillərdir. Muxtar respublikada turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq və başqa növlərinin inkişafı üçün böyük potensial var. Bərəkətli torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri, bol günəş – bütün bunlar Naxçıvanda ekoloji turizmin inkişafı üçün geniş imkanlar açır.

Muxtar respublikada 1 milli park, 3 yasaqlıq, 1 qoruq fəaliyyət göstərir

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, bu gün muxtar respublikada 1 milli park, 3 yasaqlıq, 1 qoruq fəaliyyət göstərir. Muxtar respublika ərazisinin 27 faizi ekoloji tarazlığın qorunması üçün xüsusi mühafizə altındadır. Naxçıvanda gedən sosial-iqtisadi inkişaf kənd yaşıl turizminin inkişafı üçün də geniş potensialın olduğunu göstərir. Qədim diyarın Biçənək, Kükü, Nursu, Keçili, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd yaşıl turizmi inkişaf etdirilir.

Göstərilən yüksək dövlət qayğısı nəticəsində son illər Naxçıvanda müalicə mərkəzlərinin yenidən qurulması, beynəlxalq elmi tədbirlərin və idman yarışlarının keçirilməsi, abadlıq-quruculuq işləri turizmin inkişafına əsaslı təsir göstərib, muxtar respublikaya gələn turistlərin sayının artmasına səbəb olub.

Son illər Naxçıvanda 60-dan çox tarix və mədəniyyət abidəsi təmir və bərpa olunub

Turizmin inkişafı üçün görülən tədbirlər kimi tarix və mədəniyyət abidələrinin qorunması, tədqiqi və təbliği ilə bərabər, uzaq əsrlərin yaddaşını bu günə daşıyan maddi-mədəniyyət incilərinin təmiri və bərpası işini xüsusi qeyd etmək lazımdır. Son illər 60-dan çox tarix və mədəniyyət abidəsi təmir və bərpa olunub. Bütün bu işlər mədəni irsin qorunması ilə bərabər, turizm imkanlarını da genişləndirir. Ötən dövrdə Möminə xatın türbəsi konservasiya edilib, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma aparılıb, Yusif Küseyir oğlu və Nuh türbələri, imamzadələr, muxtar respublika ərazisindəki buzxanalar, Naxçıvan şəhərindəki “Came” məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Naxçıvanqala, Xan sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Əlincəqala, Gülüstan türbəsi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə və digər tarixi abidələr əsaslı təmir və bərpa olunub. Azərbaycan xalqının əyilməzlik rəmzi olan Əlincəqalada, Azərbaycan memarlığının əvəzsiz nümunələrindən biri - Gülüstan türbəsində, Şərur rayonunun Xanlıqlar kəndindəki Parçı imamzadəsində bərpa işləri yüksək səviyyədə başa çatıb. Hazırda XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksinin, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid hamamın, Babək rayonunun Nehrəm kəndində XVIII əsrə aid imamzadənin təmir və bərpası davam etdirilir. Bərpa olunan hər bir tarix və mədəniyyət abidəsi mədəni irsimizi təbliğ etməklə yanaşı, həm də muxtar respublikanın turizm potensialının artmasına hesablanıb.

Müasir infrastrukturun qurulması, xidmətin yüksəldilməsi turizmin inkişafını şərtləndirən amillərdir

Bu gün Naxçıvanda 21 mehmanxana və mehmanxana tipli müəssisə, Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincə qalası, Naxçıvan-Ordubad, Naxçıvan-Batabat, Naxçıvan-Gülüstan turizm marşrutları fəaliyyət göstərir. Muxtar respublikamızın bütün bölgələrini əhatə edən müasir infrastrukturun qurulması, xidmətin yüksəldilməsi də turizmin inkişafını şərtləndirən amillərdəndir. 2013-cü ildə Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi də bu sahədə həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir.

Naxçıvanda müalicə turizminin inkişafı üçün də geniş imkanlar mövcuddur. Duzdağ Fizioterapiya Mərkəzi tənəffüs yolları xəstəlikləri üçün nadir müalicəvi yerdir. Buraya hər il müxtəlif ölkələrdən yüzlərlə insanın müalicəyə gəlməsi turizmin bu sahəsi üçün imkanların geniş olduğunu sübut edir. Dünyanın az ölkəsində bu tipli müalicə mərkəzinin olması Duzdağın əhəmiyyətini daha da artırır.

Culfa rayonundakı Darıdağ Arsenli Su Müalicəxanası da müalicə turizminin inkişafında əhəmiyyətli rola malikdir. 2005-ci ildə müasir tələblərə uyğun qurulan bu təbii müalicə müəssisəsinə gələnlərin sayı ilbəil artır.

İxtisaslı kadrların hazırlanması diqqət mərkəzindədir

Başqa sahələr kimi, turizm sahəsində də ixtisaslı kadrların hazırlanması mühüm məsələlərdəndir. Bu gün Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində Turizm və otelçilik ixtisası üzrə kadrlar hazırlanır. Naxçıvan Muxtar Respublikası beynəlxalq və daxili turizm sərgilərində müntəzəm iştirak edir. Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri qədim diyarımızın mədəniyyət və turizm obyektlərində olur, təcrübə keçirlər. Onların muxtar respublikanın təbiət və tarixi abidələrinə ekskursiyalarının təşkili də diqqətdə saxlanılır.

Turistlər həm də informasiya daşıyıcısıdırlar. Turist səfər etdiyi ölkənin coğrafiyası, tarixi, mədəniyyəti, mətbəxi, qonaqpərvərliyi ilə bağlı məlumatları öz ölkəsinə aparmaqla, bir növ tarixi yerlərin təbliğatçısına çevrilir. Naxçıvan şəhərindəki XVII əsrə aid Zaviyə-Mədrəsə binasında yerləşən Naxçıvan Turizm İnformasiya Mərkəzi muxtar respublikanın turizm potensialının təbliği sahəsində səmərəli fəaliyyət göstərir. Mərkəz internet resurslarından səmərəli istifadə edərək, muxtar respublikanın turizm potensialının tanıdılması istiqamətində uğurlu iş aparır.

Bu ilin 8 ayında Naxçıvana 243 mindən çox turist gəlib

Turizmin inkişafı yüksək səviyyədə qurulan infrastrukturla bərabər, həm də sabitliklə bağlıdır. Bu iki amilin muxtar respublikada mövcudluğu, qədim diyarımızın sabit region kimi tanınması turistlərin muxtar respublikaya gəlməsi üçün daha bir üstünlük yaradır. Naxçıvanın bu illərdə beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi təcrübəsi də var. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması da turizm imkanlarını nümayiş etdirmək baxımından əhəmiyyətli rol oynayacaq. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunur ki, bu ilin 8 ayında qədim diyara 243 mindən çox turist gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.

Ötən il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı keçirilən müşavirədə verilən tapşırıqların uğurlu icrası turizmin inkişafında əhəmiyyətli dönüş yaratmaqdadır. Bu sahəyə diqqət və qayğı göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Müasir dünyada turizm sektoru iqtisadi cəhətdən ən gəlirli və perspektivli sahələrdən biridir. Zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada iqtisadi-sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür”.

AZƏRTAC

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla