Valyuta məzənnəsi

"Cəbhədə vəziyyət daha gərgin xarakter alacaq" - Ekspertdən proqnoz

09:39, 12.07.17
azerbaycan, siyaset
"Cəbhədə vəziyyət daha gərgin xarakter alacaq" - Ekspertdən proqnoz

"Hadisələr göstərir ki, vəziyyət iki paralel reallıqda inkişaf edir. Bu reallıqlardan biri danışıqlar prosesidir. Çünki doğrudan da tərəflər görüşürlər, danışıqlar aparırlar. Amma cəbhədəki döyüşlər, atışmalar digər bir reallıqdır. Və bu reallıqlar bir-biri ilə heç kəsişmir. Çünki danışıqlar prosesində hansısa təklif, qərar qəbul olunsa da, onların implementasiyası üçün ortada mütləq mühüm sənəd olmalıdır. Lakin son illər ərzində belə mühüm sənəd ərsəyə gəlməyib, ortaya çıxmayıb. Ona görə də cəbhədə proseslər olduğu kimi inkişaf edir və bu görüşlər də hərbi eskalasiyaya heç bir təsir göstərmir".

Xeberpress.az xəbər verir ki, bunu Milli.Az-a beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyətin detallarını şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, hazırda bu eskalasiyanın qarşısını almaq üçün "Bişkek protokolu"nu əvəzləyə bilən sənədin ortaya çıxarılması üçün təkliflər var. Lakin onlar əsasən cəbhədə nəzarət mexanizminin tətbiq edilməsini nəzərdə tutur: "Amma Azərbaycan tərəfi təbii ki, bunu yanlış yanaşma kimi qəbul edir. Çünki əgər problemi kompleks şəkildə çözmək istəyiriksə, onda digər məsələləri də bura qatmaq lazımdır. Yəni bura Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş rayonlarının boşaldılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, atəşkəs rejiminə riayət olunması və digər məsələlər daxildir. Doğrudan da, əgər məsələyə kompleks şəklində yanaşsaq, bunların hamısı öz əksini tapmalıdır.

Ona görə də nə qədər ki, vəziyyət belə davam edir, nə qədər ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın istəyini nəzərə alaraq hərəkət edir, eskalasiya da davam edəcək. Çünki həmsədrlərin maraqları və Ermənistanın maraqları üst-üstə düşdüyünə görə, onlar diqqəti yalnız bir məsələnin, yəni atəşkəsin qorunması üzərində cəmləyir və bununla bağlı hansısa qərarın qəbul edilməsinə çalışırlar. Təbii ki, belə vəziyyətdə Azərbaycan tərəfi buna razılaşa bilməz. Əgər danışıqlar məhz bunun üzərində aparılırsa, o zaman onlar heç bir əhəmiyyət kəsb etməyəcək və nəticə də verməyəcək. Ona görə də vəziyyət bu iki paralel reallıqda davam edəcək, özü də biz bu vəziyyətin nə qədər belə davam edəcəyini bilmirik".

İ. Vəlizadə hesab edir ki, bu iki reallığı bir araya sığışdırmaq üçün məsələyə yalnız kompleks şəklində yanaşmaq, yəni cəbhədə gedən proseslərlə real vəziyyəti birləşdirmək lazımdır: "Elə bir görüntü yaratmaq lazım deyil ki, biz məsələnin yalnız bir hissəsini çözsək, o biri tərəfi də öz-özünə tədricən çözüləcək. Bu, mümkün deyil. Ona görə də fikrimcə, yaxın zamanlarda cəbhə xəttində insidentlərin sayı arta bilər. Danışıqlar prosesində vəziyyət kökündən dəyişilməsə, cəbhədəki eskalasiya da davam edəcək, vəziyyət hətta bundan da gərgin xarakter alacaq".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla