Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycanın tarixi uğuru - Rio 2016

12:54, 22.08.16
azerbaycan, siyaset
Azərbaycanın tarixi uğuru - Rio 2016

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sayca 31-ci Yay Olimpiya Oyunları başa çatdı. Avqustun 5-dən 21-dək keçirilən 17 günlük idman festivalında Azərbaycanı 56 atlet təmsil etdi və bu vaxta kimi olimpiada tariximizdə rekord sayda - 18 medal qazandı. Onlardan 1-i qızıl, 7-si gümüş, 10-u isə bürüncdür. Medalların əyarlarına görə Azərbaycan 207 ölkə-iştirakçı arasında 39-cu, medal sayına görə isə Yeni Zelandiya ilə birgə 14-cü yeri tutdu. Bu, Azərbaycan idmanında tarixi uğur sayıla bilər.

Təbii ki, bütün bunlar çox fərəhləndiricidir və hər bir azərbaycanlı ölkəmizin adına qazanılmış bu uğura hədsiz sevinir. Onu da nəzərə almaq lazımdır ki, idmançılarımızdan 4-ü Olimpiadada növbəti medallarını qazanıb. Artıq Azərbaycanın Namiq Abdullayevdən başqa, daha 2 ikiqat (Toğrul Əsgərov və Şərif Şərifov), eləcə də 2 üçqat (Mariya Stadnik və Xetaq Qazyumov) Olimpiya medalçısı var.

Eyni zamanda, Rio Olimpiadasında Azərbaycan ilk dəfə olaraq medalları 5 - güləş, taekvondo, cüdo, avarçəkmə və boks idman növündə qazanıb. Bunlardan xüsusilə Azərbaycan üçün hələlik xarakterik olmayan avarçəkmədə medalların qazanılması diqqət çəkən məqamlardandır. Amma həmişə olduğu kimi ölkəmiz ənənəvi olaraq döyüş idman növlərində daha güclüdür.

Qeyd edim ki, Rio Olimpiadasında, məsələn, Keniya və Yamayka müvafiq olaraq 13 və 11 medalların hamısını ənənəvi olaraq idmanın yalnız bir idman növündə - qaçışda - qazanıblar və əyarlarına görə də siyahıda bizdən qat-qat yüksəkdə dururlar. Deməli, Azərbaycan da bundan sonra ənənəvi güclü olduğu idman növlərində "stavka"nı artırmalı, həmin sahələrə daha çox diqqət yetirməlidir. Çünki bunun üçün ölkəmizdə təbii, irsi, genetik mühit var. Bununla yanaşı, ənənəvi olmayan, digər idman növlərinin də inkişafı vacibdir və bu sahədə görülən işlər təqdirəlayiqdir.

Lakin ən maraqlı məqam odur ki, Azərbaycanda Rio Olimpiadasında idmançıların sayına nisbətdə ən çox medal qazanan ölkələr arasında birinci yeri tutdu. Yəni respublikamızı təmsil edən 56 idmançıdan 18-i medal qazana bildi. Bu çox sevindiricidir və fantastik rəqəm hesab edilə bilər. Statistika üçün deyim ki, ABŞ kimi ölkə bu siyahıda 3-cü yeri tutur. Yəni demək olar ki, yığmamızın təxminən 32 faizi, başqa sözlə, hər 3 atletimizdən biri Braziliyadan medalla qayıdır.

Təbii ki, bu məqam bizə Azərbaycanı idman ölkəsi adlandırmağa əsas verir. Amma o da var ki, yığmamızın təxminən 61 faizi legioner idmançılardan ibarətdir. Respublikamıza medal qazandıranların da tam 1/3-i legionerlərdir. Yəni 18 Olimpiya medalımızdan 12-ni məhz onlar qazanıblar. Bu onu göstərir ki, həmin idman növləri üzrə federasiyalar legioner siyasətini nisbətən düzgün qurublar.
Təbii ki, ölkəmizdə inkişaf etməmiş idman növləri üzrə legionerlərin dəvət olunması tam düzgün addımdır. Lakin bu davamlı olmamalı, həmin idmançıların və o sahədəki əcnəbi mütəxəssislərin potensialından istifadə edərək yerli idmançıların yetişməsinə nail olmaq lazımdır. Təbii ki, güman etmək olar ki, bu məqamlar nəzərə alınır və bu istiqamətdə işlər bundan sonra daha dəqiq və planlı şəkildə aparılacaq.

Digər əsas məqamlardan biri də odur ki, Olimpiadalarda medal qazanaraq Azərbaycanın bayrağını dalğalandırmış legioner atletlərin karyerasını başa çatdırdıqdan sonra elə-belə, heç nə olmamış kimi əldən buraxılmasına yol vermək olmaz. Düzdür, onlar əziyyət çəkiblər və Azərbaycan üçün medal qazanıblar. Amma legionerlərin əməyi kifayət qədər lazımınca qiymətləndirilir və onlar dövlətimiz tərəfindən dünyada maddi cəhətdən ən çox mükafatlandırılan idmançılardan hesab edilirlər. Legionerlərin yarışlara hazırlanması, təminatı, eyni zamanda aylıq əmək haqları da məhz dövlətimizin hesabına olub. Ona görə də növündən asılı olmayaraq, idmanın istənilən sahəsində uğur qazanmış əcnəbi təmsilçilərimizin potensialından daha sonra da maksimum dəyərlənmək lazımdır. Məsələn, tutaq ki, Mariya Stadnik və Xetaq Qazyumov kimi güləşçilərimiz nə vaxtsa karyeralarını başa vursalar, onlara heç nə olmamış kimi Ukraynaya və Rusiyaya qayıtmağa yol vermək olmaz. Onların qazandıqları təcrübələrini daha sonra Azərbaycanda yerli idmançıların yetişməsinə, ölkəmizin yeni uğurlar qazanmasına sərf etmələrinə nail olmaq lazımdır.

Xatırladaq ki, Rio-2016-da Azərbaycanı təmsil edən atletlərdən taekvondoçu Radik İsayev (+80 kq) qızıl, cüdoçular Rüstəm Orucovla (73 kq), Elmar Qasımov (100 kq), güləşçilər Toğrul Əsgərov (65 kq), Xetaq Qazyumovla (97 kq), Mariya Stadnik (48 kq), boksçu Lorenzo Sotomayor (64 kq), kanoeçi Valentin Demyanenko (200 m) gümüş, taekvondoçular Patimat Abakarova (49 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), boksçu Kamran Şahsuvarlı (75 kq), güləşçilər Rəsul Çunayev (66 kq), Sabah Şəriəti (130 kq), Nataliya Sinişin (53 kq), Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), kayakçı İnna Osipenko-Radomska (200 m) isə bürünc medal qazanıblar.

Əyarından asılı olmayaraq, Olimpiadada medal qazanmış hər bir idmançımızla fəxr edir, onlardan, eyni zamanda ölkəmizi təmsil edən digər atletlərdən yeni-yeni uğurlar gözləyirik. Ümid edirik ki, bizim də ikiqat və üçqat Olimpiya çempionlarımız olacaq, biz də digər meyarlarla yanaşı, medal əyarına görə də ölkələrin siyahısında ən öndə, ilk onluqda, hətta ilk beşlikdə gedənlərdən olacağıq. Bunun üçün təbii ki, hərtərəfli çalışmaq lazımdır...

Azərbaycanın tarixi uğuru - Rio 2016

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla