Valyuta məzənnəsi

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

14:11, 18.04.17
azerbaycan, cemiyyet
Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

"Məktəblərdə şagirdlərin çox əziyyət çəkdiyi xəstəliklər var. Bu problemlərə qamət pozğunluğu, skalioz, kifoz, lordoz, görmə pozğunluqları, həzm və sinir sistemi xəstəlikləri aiddir".

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və İT şöbəsinin sektor müdiri Tural Qulu "Sağlam təhsil - sağlam millət: görülən işlər, nailiyyətlər, perspektivlər" mövzusunda keçirilən elmi-praktik konfansda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, şagirdlər arasında rast gəlinən bu xəstəliklərin qarşısı profilaktik tədbirlər vasitəsilə alına bilər: "Sinif otaqlarında oturacaqların düzgün seçilməsi uşaqların qamətinin düzgün formalaşdırılması üçün önəmlidir. Müəllimlərin bu işə ciddi nəzarəti lazımdır. Vaxtaşırı uşaqların əllərini yuması da gigiyenik baxımdan olduqca önəmlidir. Fasilələrdə idman hərəkətləri etmək, yarışlar təşkil etmək, göz əzələlərini inkişaf etdirmək onların qarşılaşdığı xəstəliklərin profilaktikası üçün vacibdir".

T.Qulu bildirib ki, məktəblərdə pilot olaraq yaradılan "Sağlam sinif"lər vasitəsilə bu problemlərin qarşısını almaq üçün tədbirlərin görülməsi nəzərdə tutulur: "Sağlam təhsil üçün görüləcək işlər çoxdur. Bu işlərə oturaq həyat tərzinin azaldılması, düzgün və sağlam qidaların təbliği və s. aiddir".

O əlavə edib ki, uşaqların sağlamlığının qorunması da dövlətin əsas prioritetlərindən biridir: "Agentlik də icbari tibbi sığortaya keçəndə 18 yaşdan aşağı uşaqların icbari sığorta haqqından azad olacağı ilə bağlı qərar qəbul etdi. Onların sığorta haqlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub".

Təhsil nazirinin müşaviri Həsən Həsənli isə qeyd edib ki, hazırda “Sağlam təhsil - sağlam millət” layihəsi Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Təhsil İnstitutunun alimləri və digərlərinin birgə fəaliyyəti əsasında həyata keçirilir:

"Bu layihə tətbiq olunduğu müddətdə monitorinqlər aparılıb, sağlam təhsil texnologiyalarının səmərəlilik səviyyəsi öyrənilib, problemlər aşkar edilib, müxtəlif həll yolları müzakirə olunub. Aparılan monitorinq və araşdırmalar göstərir ki, qamət pozuntusu, görmə ilə bağlı problemlər və digər fiziki inkişaf göstəriciləri üzrə artıq tətbiq edilən yanaşmalar uğurlu nəticələr verir. Eyni zamanda, psixoloji-sosioloji və təhsil üzrə parametrlərlərdə müsbət dinamika müşahidə olunur".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla