Valyuta məzənnəsi

Tanınmış jurnalist Tofiq Yusifovun 60 yaşı tamam olur - Şərəfli ömür yolu

14:28, 25.01.17
azerbaycan, cemiyyet
Tanınmış jurnalist Tofiq Yusifovun 60 yaşı tamam olur - Şərəfli ömür yolu

Tofiq Sədrəddin oğlu Yusifov — Azərbaycan alimi, jurnalist, filologiya üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universiteti jurnalistika kafedrasının dosentidir.

Tofiq Sədrəddin oğlu Yusifov - 1957-ci il yanvarın 25-də Azərbaycan Respublikası Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olmuşdur. 1974-cü ildə həmin rayonun Turan (keçmiş S.Orconikidze adına taxılçılıq sovxozu) qəsəbə opta məktəbini bitirmişdir.

1974-cü ildə Bakı Dövlət Universitetinin (keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olmuş, 1979-cu ildə orada təhsilini fərqlənmə diplomu ilə başa vuraraq jurnalist ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə "Şəki fəhləsi" qəzetində müxbir kimi başlamışdır. 1980-1982-ci illərdə Şəki Şəhər Komsomol Komitəsinin ikinci, 1982-1985-ci illərdə isə birinci katibi vəzifələrində çalışmışdır. 1985-1987-ci illərdə Şəki Rayon XDS İcraiyyə Komitəsinin şöbə müdiri, 1987-1990-cı illərdə Şəki Rayonlararası Turizm İdarəsinin direktoru olmuşdur. 1980-1986-cı illərdə iki çağırış Şəki Şəhər Sovetinin deputatı seçilmişdir.

Tofiq Yusifov 1991-2006-cı illərdə "Səhər" qəzetinin şöbə müdiri, Azərbaycan-Türk İnformasiya Agentliyinin baş redaktoru, "Aydın sabah" beynəlxalq müstəqil qəzetin baş redaktoru, "Fakt" İnformasiya Agentliyinin baş redaktoru, "Günay" qəzetinin şöbə müdiri, parlament müxbiri, baş yazarı və baş redaktoru vəzifələrində çalışmışdır. 2006-2011-ci illərdə bir sıra strukturlarda mətbuat və kadr məsələləri üzrə menecer vəzifəsində işləmişdir.

T.Yusifov 2002-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşğuldur. "Təfəkkür" Universitetinin professorudur. Bakı Dövlət Universitetində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi üzrə mühazirələr oxumuşdur.

Hazırda Bakı Slavyan Universitetinin jurnalistika kafedrasında çalışır. 2012-ci ildə "Azərbaycanda açıq cəmiyyətin formalaşmasında mətbuatın rolu" (1991-2004-cü illər) mövzusunda dissertasiya müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki (2015) və Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür (2016). BSU magistr dissertasiyaları üzrə İxtisaslaşmış Şuranın sədridir. İki kitabın, 14 elmi, 3500-ə yaxın kütləvi-publisistik məqalənin müəllifidir. Əsərləri rus, ingilis, qazax və türk dillərinə tərcümə edilib. Azərbaycan jurnalistlərinin I, II, III, IV və VI qurultaylarının nümayəndəsidir. 2005-ci ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 2013-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olmuşdur. H.Zərdabi, H.Z.Tağıyev adına, həmçinin Ali Media, "Qızıl qələm" və digər mükafatlara layiq görülmüşdür.

Azərbaycanın tanınmış publisisti və yazıçısı Tofiq Yusifov Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Akademiyanın Rəyasət Heyətinin 2016-cı il iyunun 26-da keçirilmiş iclasında Tofiq Yusifovun Avropa dəyərlərinin təbliği, Azərbaycan-Avropa inteqrasiya prosesləri, insan hüquqları və azadlıqları, ölkəmizdə açıq cəmiyyətin formalaşması və bərqərar olması proseslərinin tədqiqi üzrə uğurlu araşdırmaları və publisistika sahəsində çoxillik elmi-praktik fəaliyyəti nəzərə alınaraq bu məşhur elm ocağının akademiki seçilməsi haqqında qərar qəbul edilib.

Ailəlidir, 3 övladı var.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla