Valyuta məzənnəsi
Xəbər lentİ

Qədim sivilizasiyanın mərkəzlərindən biri - Ordubad

11:01, 11.01.17
azerbaycan, bolge
Qədim sivilizasiyanın mərkəzlərindən biri - Ordubad

Dünyada çox az yerlər var ki, orada insanı, necə deyərlər, keçmişin sehri, aurası əhatə edir. Məsələn, paytaxt Bakıdakı İçərişəhər, Şəki şəhəri, İsmayıllı rayonundakı Lahıc kəndini buna misal göstərmək olar. Bunların sırasında Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu xüsusi yer tutur. Burada küçələrlə addımlayarkən, həyətlərə daxil olarkən, dağlara qalxarkən, düzlərə enərkən atdığın hər addımda özünü keçmişə səyahət edirmiş kimi hiss edirsən. Bu mənada dağı, daşı, evlərinin tikiliş üslubu, küçələri, tarixi məhəllələri, çinarları ilə bir tarixdir Ordubad.

Qədim sivilizasiyanın mərkəzlərindən biri

Qədim sivilizasiyanın əsas mərkəzlərindən biri hesab edilən, müasir inkişaf mənzərəsi ilə seçilən Ordubadın adı çəkiləndə, təbii ki, Dünya tufanını yada salmamaq mümkün deyil. Rəvayətlərə görə, Dünya tufanından sonra Nuh Peyğəmbərin ilk ayaq basdığı torpaq da məhz Ordubad rayonu ərazisindəki Kiçik Qafqaz dağları silsiləsinin ən uca nöqtəsi, 3906 metr yüksəklikdə yerləşən Qapıcıq zirvəsi olub. Bura Nuh Peyğəmbərin əfsanəvi gəmisinin birinci limanı, ilk dayanacağı olub. Həmin zirvədə - Gəmiqayadan qaynayıb çıxan Baca bulağı iki min metrədək məsafədə Nəsirvaz kəndinə qədər axaraq, əslində, həm də insanlığa qədim tarixin öyrənməyin bir “yolunu” da göstərir. Belə ki, Ordubad rayonundakı Nəsirvaz kəndinin adı “Bilqamıs” dastanında Nuh Peyğəmbərlə əlaqədar təsvir olunan Nisr dağını yada salır. Gəmiqayanın yüksək ətəyindəki Nəbi yurdu (Nuh-Nəbi yurdu) Dünya tufanından sonra artıq burada ilkin məskunlaşmanın başlandığı məkan mənasını daşıyır. Bu ərazidəki Qaranquş yaylağı Nuh Peyğəmbər əsatirindəki dimdiyində dəfnə yarpağı gətirən, yaxud caynaqları palçığa batmış vəziyyətdə gəmiyə geri qayıtmış qaranquş əhvalatının yadigarı hesab edilir.

Ordubaddakı Gəmiqaya abidələrini, I Plovdağ, Sumbatan yaşayış yerlərini, Xaraba Gilan şəhər yerini, I və II Plovdağ, Xalı-Keşan, Mərdan gölü, Dəlmə, Muncuqlu təpə nekropollarını göz önünə gətirdikdə buranın qədim sivilizasiyanın beşiklərindən biri olduğu təsdiqlənir.

Son illərdə ciddi arxeoloji tədqiqatların aparıldığı Sumbatan yaşayış yeri də tariximizin ən dərin qatlarından xəbər verir. Xaraba Gilan şəhər yeri isə həm qədim dövr, həm də orta əsrlər dövrü tariximizin ən zəngin sübutlarını özündə yaşadan bir məkandır. Xaraba Gilan ərazisində şəhərin müdafiə sistemi, yaşayış evləri, memorial abidələr, kəhrizlər, aşkarlanan maddi-mədəniyyət nümunələri, məişət əşyaları xüsusilə maraq doğurur.

Ordubad kəhrizləri

Ordubadda tarixi abidələr kimi bu gün də qorunan “qırxpillə” və ya “qırxayaq” adlanan Ordubad kəhrizləri dərinliklərindən asılı olaraq müxtəlifdir. Yəni “40” rəqəmi burada şərtidir. Pillələrin sayı bəzən az da ola bilər. Həmin qırxpillələrdə yer səthindən suya qədər olan məsafə səkkiz metr, bəzən daha çox olur. Qırxpillələrin özünəməxsus inşa sistemi var. Belə ki, pillələrin düzülüşü yerləşdiyi ərazinin şəraitinə və kəhrizlərin dərinliyinə görə birbaşa enən və ya döngəli, yəni 10-15 pillədən bir istiqamətini dəyişərək dolanan pillələrdir. Bu cür kəhrizlərdə həmişə 8-10 dərəcə arasında sabit istilik olur. İlin fəsillərindən asılı olmayaraq, qırxpillələrin yan divarlarında düzəldilmiş oyuqlara qoyulan müxtəlif növ ərzaqlar heç zaman xarab olmur.

Maili lağım şəbəkəsindən ibarət olan kəhrizlər peşəkar kankanlar tərəfindən qazılır və həmin lağımlar biri-biri ilə şaquli quyular vasitəsilə birləşdirilir. Kəhrizlər qazılarkən əvvəlcə baş quyu (buna güman quyusu da deyilir), daha sonra isə digər quyular qazılır.

Kəhrizlərin qazılmış lağımları daşla və ya bişmiş kərpiclə tağvarı hörülür. Bu su sistemləri min illər boyu məişət və təsərrüfatda istifadə edilib, qədim zamanlarda dəyirmanların işlədilməsində böyük əhəmiyyət daşıyıb. Bundan əlavə, yay ayları zamanı müxtəlif meyvələri, ət-süd məhsullarını saxlamaq üçün kəhrizlərdən soyuducu kimi də istifadə olunub.

Şəhərdə kəhrizlərdən hələ də istifadə edilir. Əksər həyətlərdə kəhrizlər çoxpilləlidir. Bişmiş kərpicdən inşa olunan qırxpillələr kəhriz sistemləri üzərində yeraltı abidə sayılır.

El ağsaqqalları deyirlər ki, bu gün Ordubadda 35 belə su mənbəyindən istifadə edilir. Vaxtilə şəhərə Əngəs dağından 100 qolla su vurulub. Bu sular “Sərşəhər” adlanan məhəllədən müxtəlif istiqamətlərə yönəldilib. Su həmin məhəllədə elə o adla tanınan məsciddə iki qola ayrılıb. Maraqlıdır ki, məhəllənin mürəkkəb relyefi var. Belə ki, şəhərin müxtəlif məhəllələri hündürdə, bəzi məhəllələr orta hündürlükdə yerləşir. Lakin bu, suyun normal hərəkətinə təsir etmir. Ona görə ki, həmin ünvana gələn su güclü təzyiqə malikdir. Ümumilikdə isə bu qənaət bütün şəhər üçün xarakterikdir.

Daş abidə: Gəlinqaya

Türk dünyasının bir çox ərazilərində mövcud olan Gəlinqayalara ekzotik təbiət abidələri ilə diqqətçəkən Ordubadda da rast gəlirik. Rayonunun Unus və Pəzməri kəndləri arasında yerləşən Gəlinqaya insan fiquruna bənzəyir. Onu da deyək ki, Gəlinqaya abidəsi muxtar respublikanın Şahbuz və Şərur rayonlarının ərazisində də var.

Tarixən dağları, qayaları əfsanələşdirən xalqımız bu Gəlinqayanı da əfsanələşdirib. Həmin əfsanələrdə qadın ləyaqəti, qadın isməti xüsusi yer tutur. Həm folklorumuzu öyrənmək, həm də mənəviyyat baxımından əhəmiyyətli olan gəlin-qaya, qız-daş, qız-gəlin və sair bu kimi təbiət abidələrinin mərkəzində qədim türklərə məxsus daş kultu dayanır.

Tarixilik, memarlıq, ekoloji və coğrafi baxımdan diqqəti cəlb edən Ordubad rayonu bu xüsusiyyətlərinə görə gələcəkdə ölkəmizin turizm mərkəzlərindən birinə çevrilə bilər.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla