Valyuta məzənnəsi
Xəbər lentİ

Bu gün Azərbaycan Od çərşənbəsini qeyd edir.

10:36, 01.03.16
azerbaycan, cemiyyet
Bu gün Azərbaycan Od çərşənbəsini qeyd edir.

Bu gün odlar yurdu Azərbaycan Od çərşənbəsini qeyd edir. EVERYTİME.AZ-ın məlumatına görə, Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı" da deyirlər. İnanclara görə, odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Günəş istisini arzulayan ulu babalarımız böyük bir tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər. Adət-ənənələrə görə, çərşənbə tonqalı tamamilə yanıb qurtardıqdan sonra gənclər tonqalın külünü kəndin kənarına, yaxud da yol boyunca səpərək bununla da tonqaldan tullanan insanların azar-bezarının çıxıb getməsini simvolizə edirdilər.

Xalqımız qədim zamanlardan odu müqəddəs hesab etmiş, hətta rəvayət görə, hər kimsə öz günahsızlığını sübuta yetirmək üçün od üstündən tullanıb. Belə ki, inanclara görə, əgər o şəxsi od yandırmayıbsa, deməli, günahı yoxdur və doğru söyləyir.

Od çərşənbəsinin ən gözəl adətlərindən, xalqımızın həmrəyliyini, birliyini nümayiş etdirən ənənələrindən biri isə hər hansı bir yaxınını itirmiş ailənin evi qarşısında tonqal yandırılaraq həmin ailənin qəm-kədərinə son qoyulmasıdır.

Od çərşənbəsində hər bir ailə çalışır ki, evində istilik yaradan yeməklər bişirsin, süfrələrdə şamlar yandırılsın, xonçalar bəzənsin. İnsanlar bir qayda olaraq bu bayramda tonqalların ətrafına yığışaraq arzu və diləklərini söyləyirlər.

Od çərşənbəsində açılan süfrə mütləq zəngin olmalıdır. Burada quru meyvələr, müxtəlif şirniyyatlar, su, süd mütləq qoyulmalıdır. Bütün çərşənbələrdə süfrənin şahı plovdur. Od çərşənbəsində də insanlar bir-birinə qonaq gedər, "Çərşənbən mübarək" deyər. "Ağrın, acın Odda yansın, Yel dərd-qəmini aparsın" söyləyərlər.

Çərşənbə günü bişirərək ailənizlə nuş edə biləcəyiniz ləzzətli Səbzi plovun hazırlanma qaydasını sizə təqdim edirik.

Lazım olan ərzaqlar:

1 kq uzun düyü

3 dəstə kəvər, 1 dəstə ispanaq, 1 dəstə keşniş, 1 dəstə şüyüd

2 ədəd baş soğan

4-5 xörək qaşığı ərdilmiş kərə yağı

7-8 ədəd albuxara

1 xörək qaşığı zəfəran

Duz-istiot zövqə görə

Qazmaq üçün:

1 ədəd yumurta

3 xörək qaşığı qatıq

Hazırlamaq qaydası

Qoyun əti xırda tikələrə bölünüb suda kəfini götürmək şərti ilə qaynadılır. Tam bişdikdən sonra yağda qovrulur. Daha sonra soğan 4 yerə bölünərək nazik-nazik doğranıb yağda qızıl rəng alana qədər bişirilir.

Zəfəranın üzərinə bir qədər qaynar su əlavə edilərək dəm almağa qoyulur.

Qovrulmuş soğanla əti qarışdırıb üzərinə dəm almış zəfəran suyu, limon duzu, albuxara yuyulub əlavə edilir.

Göyərtilər təmizlənib, xırda-xırda doğranıb qovurmanın üzərinə əlavə edilir. Onların üzərinə ½ stəkan ətin bulyonundan əlavə edib 20-25-dəq bişirilir.

Adi qaydada plov dəmlənir. Dəmə qoymazdan əvvəl qazanın dibinə 1 sm-dən qalın olmamaq şərti ilə yumurta qatıq, bir az da düyü əlavə edilərək qazmaq hazırlanıb dəmə qoyulur.

Ən sonda üzərini qazmaqla və səbzi ilə bəzəyərək çərşənbə süfrənizə dad qatmış olarsınız.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla