Valyuta məzənnəsi
Xəbər lentİ

Böyük Britaniya Lordlar Palatasında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik şam yeməyi keçirilib

14:22, 05.12.16
azerbaycan, siyaset
Böyük Britaniya Lordlar Palatasında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik şam yeməyi keçirilib

Dekabrın 2-də Böyük Britaniya Lordlar Palatasının məşhur "The Peers" zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik şam yeməyi keçirilib.
Xeberpress.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya tərəfdən həmsədri Lord German, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, həmçinin cəmiyyətin üzvləri, Birləşmiş Krallıqda fəaliyyət göstərən Azərbaycan diasporunun təmsilçiləri və müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.

Lord German iş qrafikinin sıxlığı ilə əlaqədar tədbirdə iştirak edə bilməyən Cəmiyyətin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayevaya təşkilatın fəaliyyətindəki böyük xidmətlərinə görə minnətdarlığını bildirib.

O, 1997-ci ildə yaradılmış bu Cəmiyyətin Azərbaycan və Böyük Britaniya arasında mədəni, humanitar, xeyriyyə və digər bu kimi sahələrdə fəaliyyət göstərən təşkilat olduğunu bildirib. Əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini diqqətə çatdıran həmsədr təhsil və mədəniyyət sahələrinin xüsusi əhəmiyyətə malik olduğunu vurğuladı. Ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişaf etdirilməsində qarşıya qoyduğu məqsədlərə və missiyalara nail olduğunu görmək həqiqətən qürurverici olduğunu bildirən həmsədr Cəmiyyətin il ərzində gördüyü işlər haqqında məlumat verib.

O, Böyük Britaniyanın ən məşhur və nüfuzlu ilk ixtisaslaşmış "Purcell" musiqi məktəbi ilə (http://www.purcell-school.org) Azərbaycanda fəaliyyət göstərən Bülbül adına musiqi məktəbi arasında əməkdaşlıq imkanlarını nümunə göstərərək bildirib ki, ötən ilin iyununda o, professor Nərgiz Paşayeva ilə birlikdə Purcell məktəbini ziyarət edərək, məktəbin rəhbərliyi ilə görüşlər keçirib, buradakı tədris sistemi və infrastrukturu ilə tanış olublar. Səfər zamanı professor Nərgiz Paşayeva "Purcell" musiqi məktəbinin rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən Bülbül adına ixtisaslaşmış musiqi məktəbi arasında əməkdaşlıq imkanlarını müzakirə edib və dünyanın ən məşhur ixtisaslaşmış tədris müəssisəsi olan Purcell məktəbində iki azərbaycanlı məktəblinin təhsil almaları ilə bağlı müzakirələr də aparmışdı. Xatırladaq ki, bu layihə çərçivəsində Bülbül adına musiqi məktəbinin direktoru, Azərbaycan Respubikasının xalq artisti Teymur Göyçayev və məktəbin iki şagirdi "Purcell" məktəbini ziyarət ediblər. Sözü gedən məktəb tərəfindən bakılı qonaqlar üçün həftəlik proqram hazırlanıb. Bu həftə ərzində onlar məktəbdə keçirilən dərslərdə iştirak ediblər, Britaniyanın musiqi təhsili sistemi ilə yaxından tanış olublar. Qeyd edək ki, Purcell məktəbinə Britaniya taxtının varisi, Uels şahzadəsi Çarlz himayədarlıq edir.

2016-cı ilin ən yadda qalan görüşlərindən biri kimi mart ayının 3-də Londonda, Böyük Britaniya parlamentinin Lordlar palatasının məşhur "Hоme Room" zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, professor Nərgiz Paşayeva və Cəmiyyətin Böyük Britaniyadan olan həmsədri Lord Germanla bərabər keçirdikləri dəyirmi masanı xüsusilə qeyd etmək olar.

Həmin tədbirdə Britaniya parlamenti Lordlar Palatasının üzvləri, görkəmli ictimai və siyasi xadimlər, tanınmış jurnalistlər, alimlər iştirak ediblər. İştirakçılar arasında məşhur Britaniya tarixçisi, yazıçı-ssenarist, BBC telekanalında və radiosunda aparıcı kimi çalışmış, ssenaristlər Gildiyasının mükafatına layiq görülmüş, bir çox elmi-fəlsəfi kitab və əsərlərin, sənədli filmlərin müəllifi xanım Bettani Hyuz, Britaniya Parlamenti Lordlar Palatasının üzvləri Lord Qrin, baronessa Endryus, baronessa O'Kahoyn, Oxford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Böyük Britaniya tərəfdən rəhbəri, şərqşünas-alim, Oksford universitetinin professoru Robert Hoylandı xüsusi qeyd etmək olar. Dəyirmi masada qədim ipək yolunun təşəkkül tapmasında Qafqaz bölgəsinin rolu və konkret olaraq Azərbaycanın o illərdəki mühüm əhəmiyyəti haqqında fikir mübadiləsi aparılmışdır. Həmçinin professor Nərgiz Paşayeva müsəlman Şərqində ilk Respublika - Azərbaycan Xalq Cumhuriyyətinin (ADR) yaranması barədə və ümümiyyətlə 1905-1920-ci illər Azərbaycan tarixində intibah, yüksəliş, keyfiyyətcə yenilənmə dövrünün olması barədə görüş iştirakçılarına geniş məlumat vermiş və möhtərəm qonaqların suallarını cavablandırmışdır.

Ötən ilin noyabr ayında professor N.A.Paşayevanın Böyük Britaniya Lordlar palatasının yeddi üzvü ilə Londonda görüşü zamanı Qlamorqan Universitetinin fəxri doktoru, Uelsin məşhur musiqili-teatr kral kollecinin prezidenti Lord Rou-Beddou professor N.Paşayevanı onun rəhbərlik etdiyi Kral kollecinə dəvət etmişdir. Həmin dəvətə əsasən, 2016-cı ilin mart ayında həmsədrlər Britaniyanın Uels Kral Musiqi və Dram kolecini (www.rwcmd.ac.uk) ziyarət ediblər, bu təhsil müəssisəsinin direktoru, musiqi və incəsənət sahəsində tanınmış mütəxəssis Hilari Bolding, kollecin musiqi üzrə direktoru Jon Cranmer, Beynəlxalq Əlaqələr üzrə məsul şəxs Luiza Cons, eləcə də sözügedən təhsil müəssisəsinin tələbə və müəllimləri ilə görüşüblər. Bu işin davamı olaraq Uels Kral Musiqi və Dram kolecinin müəllimi, Böyük Britaniyalı məşhur pianoçu-pedaqoq Ceyms Korbinin cari ilin 31 oktyabr - 6 noyabr tarixlərində, Bülbül adına musiqi məktəbində şagirdlər üçün aparılmış fortepiano dərsləri ilə bağlı da tədbir iştirakçılarına məlumat verildi.

Lord German Talessemiyya xəstəliyinin Azərbaycanda daha ixtisaslaşmış şəkildə müalicəsi üçün İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya və Azərbaycan arasında ixtisaslı mütəxəssislərin və labaratoriya texnoloqlarının bu il təlim səfərlərinin təşkil edilməsi sahəsində bir sıra vacib işlər gördüyünü bildirib.

Həmsədr bu ilin oktyabrın 19-da Böyük Britaniyanın Bakıdakı səfirliyində professor Nərgiz Paşayeva ilə birlikdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Kerol Meri Krofts və digər rəsmi şəxslərlə görüşü də xatırladı. İngiltərə-Azərbaycan Cəmiyyətinin Bakıda həyata keçirdiyi layihələr, o cümlədən, oktyabrın 20-də keçirilmiş görkəmli elm və ictimai xadimlərin, mədəniyyət və incəsənət nümayəndələrinin, iş adamları və əcnəbi qonaqların iştirak etdikləri xeyriyyə gecəsi haqqında da danışdı. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrlərinin təşəbbüsü ilə keçirilən gecədə toplanan vəsait və xeyriyyə lotereyasından əldə olunan məbləğ Şağan və Saray qəsəbələrindəki uşaq evlərində yaşayan, fiziki və əqli imkanları məhdud uşaqlara yardım göstərilməsi üçün Azərbaycana Birgə yardım (UAFA) təşkilatına təqdim olunduğu bildirildi.

Tədbirdə çıxış edən Səfir Tahir Tağızadə İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin inkişafına töhfələrini yüksək qiymətləndirib. O, İngiltərə-Azərbaycan Cəmiyyətini Azərbaycanın müstəqillik illərində Böyük Britaniyada yaradılmış ən uzunmüddətli fəaliyyət göstərən ictimai təşkilat olduğunu qeyd etdi. Səfir bildirdi ki, İngiltərə-Azərbaycan Cəmiyyətinin əsas məqsədi vətəndaş cəmiyyətlərinə xidmət etməkdir və belə cəmiyyətlər müasir dünyada gündən-günə öz əhəmiyyətini artırır. Cəmiyyətin həmsədrlərinin fəaliyyətinin təqdirəlayiq olduğunu bildirən səfir gələcəkdə daha böyük uğurlar əldə ediləcəyinə əminliyini bildirib, professor Nərgiz Paşayeva və Lord Germana minnətdarlığını ifadə edib.

Tədbir çərçivəsində gənc britaniyalı skripkaçılar Sophie Marter, Villemijn Steenbakkers, Virginia Slater və Madeleine Ridd Azərbaycan və dünya klassiklərinin əsərlərindən parçalar ifa ediblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla