Valyuta məzənnəsi
Xəbər lentİ

Neçə icra başçısı həbs edilib, digərləri nəticə çıxarmalıdır - Deputat Elman Nəsirov

13:55, 12.07.22
azerbaycan, siyaset
Neçə icra başçısı həbs edilib, digərləri nəticə çıxarmalıdır - Deputat Elman Nəsirov

Niyə qazi öz həyatına sui-qəsd etsin? Bu sualın cavabını axtararkən məsuliyyət gəlir çıxır yerlərdəki məmurların üzərinə.

“Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində ölkə vətəndaşının sosial rifahı və təhlükəsizlik məsələləri dayanır. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələlərə çox böyük diqqət və qayğı göstərirlər. Həssas kateqoriyadan olan vətəndaşlarımıza, ilk növbədə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət və qayğı daha böyükdür. Təsadüfi deyil ki, indiyə qədər, təxminən, 13 minə yaxın şəhid ailəsi, qazimiz ev və mənzillə, 7400-dən çox qazimiz avtomobillə təmin olunub. Əlilliyi olan və əzalarını itirən qazilərimizin çoxunun yüksək texnologiyalı protezlərlə təminatı həyat keçirilib. Buna baxmayaraq, son zamanlar ayrı-ayrı hallarda qazilərin narazılıq etmələrinin, hətta bəzən intihara əl atmalarının da şahidi oluruq. Burda bir qədər təzad, ziddiyyət əmələ gəlir. Bir tərəfdən dövlət rəhbərliyi səviyyəsində bu insanlara ən yüksək diqqət və qayğı göstərilir, digər tərəfdən də anlaşılmaz məsələlər baş verir. Niyə qazi öz həyatına sui-qəsd etsin? Bu sualın cavabını axtararkən məsuliyyət gəlir çıxır yerlərdəki məmurların üzərinə. Görünür, bəzi cavabdeh məmurlar vəzifə borclarını layiqli və ləyaqətli şəkildə həyata keçirə bilmirlər. Bu da qazilərimiz arasında süni narazılığa səbəb olur”.

Xeberpress.az Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Prezident ayrı-ayrı məmurlara, xüsusilə icra başçılarına böyük etimad göstərərək onları vəzifəyə təyin edib: “Təyin edərkən cənab Prezidentin əsas tələbi bu oldu ki, gedin xalqa ləyaqətlə xidmət edin, kabinetlərdə oturub vaxt keçirməyin, xalqın içində olun, problemlərini öyrənin, araşdırın, həll edin. Cənab Prezident “xalqın içində olun” deməklə bu xüsusda qeyd edir ki, şəhid ailələrinə, qazilərimizə çox böyük diqqət göstərilsin. Onlar növbədənkənar qəbul edilməli, problemləri həllini tapmalıdır. Görünür, bir çox hallarda məmurlar onlara göstərilən etimadı layiqincə doğrulda bilmirlər, vəzifədən başları gicəllənir. Qazi niyə həyatına qəsd etməlidir? Deməli, onun problemi yerindəcə araşdırılmalı, həlli istiqamətində addımlar atılmalıdır. Nəzərə almalıyıq ki, qazilərimizin səhhətində ciddi problemlər var, bu səbəbdən məsələ uzandıqca onların səbirləri, təmkinləri yerində olmaya bilər. Məmur döyüş zamanı kontuziya almış bir qazinin əsəbi ilə oynayacaqsa, onda istənilən hal baş verə bilər. Məmur düşünməməlidir ki, müharibədən gəlmiş və bütün dəhşətləri yaşamış insanın əsəbləri, sinir sistemi məmurda olduğu kimidir. Bəs niyə onlara həssas kateqoriya deyirlər? Ona görə ki, qazinin sağlamlıq durumu qarşısındakı məmur kimi deyil. Məmur kabinetində oturub kondisionerli otaqda, əlində pult öz işi ilə məşğul olarkən, qazilərimiz gedib Vətən uğrunda canlarını fəda ediblər, əzalarını itiriblər, nə qədər oğullar şəhidlik zirvəsinə yüksəlib. Bu məsələlərə son dərəcə ciddi yanaşılmalıdır. O məmurlar ki üzərilərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmirlər, onlar vəzifədən uzaqlaşdırılmalıdırlar. Bunun dəfələrlə şahidi olmuşuq. Cənab Prezident onlara qarşı ən sərt tədbirlərə əl atıb, neçə icra başçısı həbs edilib. Bundan digərləri nəticə çıxarmalıdır. Eyni, oxşar tale onların da başına gələ bilər…”

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla