Valyuta məzənnəsi
Xəbər lentİ

Miqrasiya orqanlarına qulluğa qəbul üçün müsabiqə

11:58, 14.05.22
azerbaycan, cemiyyet
Miqrasiya orqanlarına qulluğa qəbul üçün müsabiqə

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə elan edir.

Xeberpress.az DİM-in məlumatına əsasən bildirir ki, 31 iyul 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin test imtahanını keçirəcəkdir. Vakant vəzifələrin tələblərinə cavab verən, ali təhsilə malik olan, müsabiqənin test imtahanı mərhələsində iştirak etmək arzusu olan namizədlərin qeydiyyatı may ayının 16-dan iyun ayının 24-dək aparılacaqdır.

Vakant vəzifələr:

Lənkəran regional miqrasiya idarəsi – 3 yer (inspektor);

Xaçmaz regional miqrasiya idarəsi – 2 yer (inspektor);

Şəki regional miqrasiya idarəsi – 1 yer (inspektor);

Ağsu regional miqrasiya idarəsi – 3 yer (inspektor);

Yevlax regional miqrasiya idarəsi – 2 yer (inspektor);

Şirvan regional miqrasiya idarəsi – 1 yer (inspektor);

Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi – 2 yer (inspektor).

Vakant vəzifələr haqqında məlumat, vəzifələrin tutulma şərtləri və s. barədə buradan tanış ola bilərsiniz.

Namizədlər qeyd olunan vakant vəzifələrdən biri üzrə müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

Müsabiqə iki mərhələdən – test imtahanı və söhbətdən ibarətdir. Müsabiqənin test imtahanı mərhələsində namizədlərə qanunvericilik sahəsi üzrə 50, Azərbaycan dili üzrə 10, Azərbaycan tarixi üzrə 10, kompüter bilikləri üzrə 10, məntiqi təfəkkürün müəyyən edilməsi üçün 20 olmaqla, cəmi 100 test tapşırığı təqdim olunacaq. Hər test tapşırığı 1 balla qiymətləndirilir. Test imtahanında 70 və daha artıq bal toplayan namizədlər ikinci mərhələyə buraxılırlar.

İmtahanda müvəffəqiyyət qazanan namizədlər barədə məlumatlar Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim olunacaq.

Namizədlərə imtahana daha səmərəli hazırlaşmaları üçün test imtahanı proqramı ilə tanış olmaları tövsiyə olunur:

Test imtahanı proqramları və ədəbiyyat siyahısı

İmtahanda iştirak etmək istəyən namizədlər Dövlət İmtahan Mərkəzinin internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet”lərini yaratmalıdırlar (bax, “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”). Kabinet yaradılan zaman pul hesabı açılır. Namizədin imtahanda iştirak etməsi üçün ödənişin məbləği 82 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.

“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet saytında “Azərbaycan Respublikasının miqrasiya orqanlarına qəbul üzrə imtahanda iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı namizədin ali təhsili haqqında məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından Dövlət İmtahan Mərkəzinin "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə də öyrənə bilərlər.

Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər Dövlət İmtahan Mərkəzinə (Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299 və ya Dövlət İmtahan Mərkəzinin regional bölmələrinə) müraciət etməlidirlər.

Qeydiyyatdan keçən, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

İmtahan, iştirakçıların sayı, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq kağız daşıyıcılar vasitəsi ilə və ya xüsusi ayrılmış zallarda kompüter vasitəsi ilə elektron formada aparılacaqdır. İmtahan kompüter vasitəsi ilə elektron formada aparılacağı təqdirdə Bakı şəhəri üzrə Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçiriləcəkdir. İmtahan kağız daşıyıcılar vasitəsi ilə aparılacağı təqdirdə namizəd buraxılış vərəqində göstərilən vaxtda və yerdə imtahanda iştirak etməlidir.

DİQQƏT!

Aşağıda göstərilən şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər və onlarla yalnız söhbət aparılır:

prokurorluqda və digər dövlət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər;

digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları;

hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Test imtahanından azad edilən şəxslər şəxsən sənədlərini (kadrlar uçotunun şəxsi vərəqəsi, ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsil haqqında sənədin surəti, hərbi biletin surəti (kişilər üçün), əmək kitabçasının surəti (olduğu təqdirdə), 2 (iki) ədəd fotoşəkil (3x4sm ölçüdə)) 2022-ci il may ayının 16-dan iyun ayının 24-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatına (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) təqdim etməlidirlər.

Ali hüquq təhsilinə və xarici dil (yüksək səviyyədə) biliklərinə malik olan şəxslərə üstünlük verilir.

Əlaqə nömrəsi: (012) 562-53-01

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla