Valyuta məzənnəsi
Xəbər lentİ

Heydər Əliyev məktəbi - aydınlanma, zəka, inkişaf qapısıdır! - Qənirə Paşayeva

11:55, 11.05.22
azerbaycan, siyaset
Heydər Əliyev məktəbi - aydınlanma, zəka, inkişaf qapısıdır! - Qənirə Paşayeva

Ümummilli liderin anadan olmasından 99 il ötür...

Heydər Əliyev ömrü xalqın rifahına, dövlətin inkişafına, Vətənin çiçəklənməsinə həsr olunmuş ömürdür. Çox xoşbəxtim ki, jurnalistlik fəaliyyətimdə, gənclik illərimdə o böyük şəxsiyyətin xarici səfərlərində iştirak edən jurnalistlərdən olmuşam. Bu səfərlərdə, eləcə də, respublika əhəmiyyətli tədbirlərdə Ümummilli liderə sual vermək, cavab almaq imkanım olub. Bu imkan Heydər Əliyevin düşüncə miqyasını, təfəkkür diapazonunu, siyasət və dövlət xadimi olaraq peşəkarlığını və vətəndaş cəmiyyəti təmsilçilərinə yüksək səmimi münasibətini ifadə edirdi.

“Azərbaycan dünyaya Günəş kimi doğacaq!” deyən liderin özü xalqın parlaq Günəşiydi. Xalqımızın xoşbəxtliyi ondadır ki, ondan sonra, dövlətin sükanı arxasında o böyük insanın layiqli siyasi varisi dayanıb.

15 oktyabr 2003-cü il Prezident seçkiləri ərəfəsində Ümummilli liderin xalqa müraciətində bu sözlər vardı: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”!

İlham Əliyevin rəhbərliyi ilə respublikamızın əldə etdiyi uğurlar o ümidin, inamın təntənəsi və yüksək təsdiqidir!

İlham Əliyevin ali hakimiyyətə gəlişindən bəri ölkəmizin əldə etdiyi böyük uğurların təməlində Heydər Əliyev siyasi və dövlət idarəetmə məktəbi, Heydər Əliyev irsi dayanır. 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərimizin sevincini Heydər Əliyevin ruhu ilə bölüşməyimiz də xalqımızın qədirbilənliyinin, siyasi yetkinliyinin, dövlətçilik təfəkkürünün ifadəsiydi. Heç təsadüfi deyildir ki, Müzəffər Ali Baş Komandanımızın 8 noyabr 2020-ci ildə Xalqa müraciətində dediyi bu sözlər dillər ərzbəridir: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan!
Gözünüz aydın olsun, dünya azərbaycanlıları”!

Heydər ƏliyevİN həyatı məktəbdir. O məktəb öyrənmək istəyən, xeyirxahlıq etmək, öyrətmək istəyən, xidmət etmək istəyən bütün Vətən övladlarının üzünə açıqdır. – Heydər Əliyev məktəbinin qapısı ümidsizlik qapısı deyil, aydınlanma qapısıdır, zəka qapısıdır, inkişaf qapısıdır.

Çağdaş Azərbaycanın yeni inkişaf tarixi Ümummilli liderin adı ilə sıx bağlıdır. 29 il öncə - 1993-cü ildə böyük səs çoxluğu Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli lider andiçmə mərasimindəki nitqində deyirdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Heydər Əliyev siyasi sabitliyin təminatçısı idi. O, rəhbərlik etdiyi dönəmdə Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı, ölkəmizin gələcəyini, inkişaf strategiyasını müəyyən etdi və həmin strategiyanın həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ümummilli liderin ikinci dəfə ali hakimiyyətə gəlişindən sonra çağdaş Azərbaycanın hüquqi, siyasi və iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Zəmanəmizin böyük Azərbaycanlısı ilk növbədə, respublikamızda ictimai-siyasi sabitliyin bərpa olunması yönündə gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Bu isə öz növbəsində respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən önəmli amil idi.

Heydər Əliyev hüquqi dövlətin sarsılmaz əsaslarını yaratdı. Onun Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, çağdaş Konstitusiyasının hazırlanması və geniş müzakirələrdən sonra ümumxalq səsverməsinə çıxarılaraq qəbul edilməsi oldu. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu yönündə davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin öz yerini alması üçün əsaslı zəmin yaratdı. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi.

Beləliklə, Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət fonunda respublikamızın siyasi-hüquqi sistemində müsbət anlamda əsaslı dəyişikliklər vaş verdi.

Ardınca, müstəqil dövlətin hüquq bazasının gücləndirilməsi yönündə növbəti zəruri addımlar atıldı:

-məhkəmə islahatları həyata keçirildi,
-Konstitusiya Məhkəməsi və Ombudsman təsisatı yaradıldı,
- ölüm hökmü ləğv edildi və
bu kimi digər onlarla inqliabi xarakterli demokratik təşəbbüs və ideyalar həyata keçirildi.

Ardıcıl, düşünülmüş siyasət nəticəsində, iqtisadi müstəqilliyin təmin olunması strategiyası, o cümlədən 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması; ölkəmizin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi olaraq gerçəkliyə çevrildi.

- Ordu quruculuğu məsələlərinə ayrılan xüsusi diqqət,
- Dünyanın siyasi xəritəsində Azərbaycanın haqq etdiyi yerə sahiblənməsi,
- Milli mətbuata göstərilən dəstək (o cümlədən, 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla ölkədə KİV üzərində senzuranın ləğvi),
- Ölkədə Milli həmrəyliyi təmin edilməsi, o cümlədən birləşdirici Azərbaycançılıq məfkurəsinin inkişafı (Milli birlik rəmzinə çevrilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Dünya Azərbaycanlıları ilə iş üzrə Dövlət Komitəsinin yaradılması, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi və s.),
- Azərbaycan dili ilə bağlı tarixi təşəbbüslər və müvafiq fərmanlar, digər hüquqi aktların qəbulu,
-Gənc nəslə diqqət və qayğının təmin edilməsi, müvafiq sahədə siyasəti həyat keçirən mərkəzi icra hakimiyyəti orqanının yaradılması, Müstəqil Azərbaycan

Respublikası Gənclərinin Forumlarının keçirilməsi, gənc yazarlar üçün Prezident təqaüdünün təsis edilməsi və s.

Bu işlər hər biri ayrı-ayrılıqda böyük hadisələrdi; bu işlər bir-birini tamamlayan, üzvi surətdə əlaqəli olan hadisələr - bir bütövün parçalarıdır.

ULU ÖNDƏRİN RUHU ŞAD,

DÖVLƏTİMİZİN BAYRAĞI UCA OLSUN!


QƏNİRƏ PAŞAYEVA

MİLLİN MƏCLİSİN MƏDƏNİYYƏT KOMİTƏSİNİN SƏDRİ

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla