Valyuta məzənnəsi
Xəbər lentİ

İmmunitetimizi hansı pulla gücləndirək ki, ölməyək?

13:45, 05.02.22
azerbaycan, kose
İmmunitetimizi hansı pulla gücləndirək ki, ölməyək?

İmmunitetin güclənməsində qidalanmanın rolundan və əhəmiyyətindən çox danışılır.

Danışanlar, yaxşı qidalanmanın faydalarından bəhs edənlər, bir də həmin qidaları hansı pulla almağın yollarından danışsaydılar, əhali biz az maariflənərdi, güclənərdi, immuniteti yüksələrdi.

Fikir verirsinizsə, qiymət artımından sonra xəstə sayı kəskin çoxaldı. Çünki yoxsul əhalinin bazardan alış-veriş imkanı azaldı, depressiyadan halı pisləşənlər, pulsuzluqdan, fikirdən xəstələnənlər xeyli artdı. Maaşlar, adətən, 5-10 manat artır, qiymətlər isə hər həftə yüksəlir, ərzaqların qiymət artımı isə heç səngimir. Nəzarət isə, ümumiyyətlə, yox dərəcəsində. İnsanlar iynə-dərman üçün pul tapmırlar. Apteklərdə isə dərmanların qiymətləri dodaq uçuqladır. Yaxşıı təsiri olan ucuz dərmanların, demək olar ki, əksəriyyəti satışdan çıxarılıb, bahalı və keyfiyyətsiz dərmanlar aptek virtinlərindən əhaliyə "diş ağardır". Yaxşı və keyfiyyətli dərmanlar niyə satışdan çıxarılıb? Daha əlçatan və xeyirli idi, ona görə?

Sual olunur, 150-300 manat pensiya-maaşla yoxsul təbəqə öz immunitetini necə möhkəmləndirsin? Bu "büdcə" ilə hansı dərdinə əlac etsin? Yerindən qalxan deyir ki, əhali məsuliyyətsizdir, məsafə saxlamır, qaydalara riayət etmir. Əhalini günahlandırmaq o qədər asan işdir ki,.. İnsanları yaşatmaq lazımdır, depressiyaya salıb, öldürmək, məhv etmək yox.

Cənab Prezidentdən xahiş etsək ki, nazirlər kabinetinin əməkdaşlarına, ölkədəki yüksək vəzifəli hər bir məmura, çox demirəm, bircə ay 150 manat maaş verilsin. Və nəticəni izləsək. Məqsəd, xalqı anlasınlar, öz canlarında hiss etsinlər! Bir ay ərzində neçə nəfər bu testdən sağ çıxar? Yəqin ki, hamısı yox. Baxın, elə həmin testdən yoxsul təbəqədən olan insanların da hamısı sağ çıxa bilmir. Camaat artıq çox gözəl anlayır ki, koronavirusdan ölənlərin siyahısında, heç də hamısı həmin xəstəlikdən həyatlarını itirmirlər. İnanın ki, acından, əlacsızlıqdan, fikirdən, mərhumiyyətdən ölənlər də az deyil. Yəni bu əhalini yaxşı səviyyədə yaşatmaq belə müşkül məsələdir? Ədalətlilik prinsipinə riayət etməklə, bu problemləri aradan qaldırmaq, heç də mümkünsüz deyil. Birinə 7 min - 10 min manat təqaüd - maaş, birinə isə 150 - 300 man verilərsə, təbii ki, vəziyyət heç zaman düzəlməyəcək...
Hər kəs bu dünyada məsuliyyətli olsaydı, yaşamağa nə vardı ki?! Danlamağa nə var ki, sosial baxımdan zəif olan cəmiyyəti oturdaq qarşımızda danlayaq, gələn vursun, gedən söysün. Nə dəyişəcək? Əhali futbol topu deyil! İnsanların qayğısına qalmaq lazımdır, vacibdir. Öncə insanların motivasiyasını yüksəltmək, aylıq gəlirini yaxşı səviyyədə tənzimləmək, sonra onlardan nəticə gözləmək gərəkdir. Elə indi ölkəmizin beş-on nəfərini "silkələməklə", ölkədəki bütün yoxsul təbəqənin yaşayış səviyyəsini yaxşılaşdırmaq olar. Başqa büdcəyə, heç gərək də qalmaz...
Kor nə istər, iki göz, biri əyri, biri düz!
İnsanlar öz vətənlərində insan kimi yaşamaq istəyirlər. Başqa ölkələrdəki həyat səviyyəsinə baxıb, köks ötürmək yox, bu ölkədən qaçmaq üçün variant axtarmaq yox...
Yaxşı yaşamaq, Məhəmmədəlisi, Pirvəlisi kimi, Adilin, Vəlinin də haqqıdır. Bəlkə də daha çox! Çünki Vətənin dar günündə, Ümidimiz yenə də Adilin, Vəlinin övladlarına qalacaq, Məhəmmədəlinin, Pirvəlinin "uşaq"ları Dubayda daldalananda...
Deyirlər ki, ədalət axsaqdır, amma buna baxmayaraq, gec-tez mənzil başına çatır! Yəni ki, geci-tezi var, sadəcə...

Esmira Naxçıvanlı

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla