Valyuta məzənnəsi
Xəbər lentİ
 09:37  Manat BUGÜN

Həyat davam edir - Esmira Naxçıvanlı

13:33, 29.08.18
azerbaycan, kose
Həyat davam edir - Esmira Naxçıvanlı

Həyatın hər üzü varmış; həm yaxşı, həm pis, həm xeyirxah, həm qəddar, həm kobud, həm mülayim... Maraqlıdır ki, heç kim həyatın heç bir üzündən sığortalanmayıb. Bəzən bu həyatı idarə etməyə çalışan insanlar, yeri gəlsə, heç özlərini belə idarə etməkdə acizdirlər... Kənardan bir izləyici kimi dayanıb, dünyanın gərdişinə baxsaq nələr-nələr görərik; Bəzən oğru elə qışqırır doğrunun bağrı yarılır. Qeyrətsiz adam qeyrətdən, namusdan elə dəm vurur ki, qeyrətli insan onun qarşısında ağız açıb söz deməyə utanır. Haqsız haqlını susdurur. Şərəfsizlər başqalarına qara yaxır, şər atır... Hələ yalançı “dindarlar” var ki,..
İslam dinimizə, Qurana etiqadım sonsuzdur. Deyir “Namaz qılan yaşlını sevərəm, amma namaz qılan gəncə aşiqəm”. Ürək ağrısıyla qeyd edirəm, əfsuslar olsun ki, indiki dövrdə elə insanlar var ki, dinimizi əllərində “bayraq” edərək, dindar adı altında layiqsiz əməllərlə məşğul olurlar. Hələ bəzi qızlarımızın başlarını dəb məqsədilə bağladığı halda qadına layiq olmayan hərəkətlər etməsi dinimizi hörmətdən salır və mənfi rəy formalaşdırır. Mahiyyətini belə anlamadıqları baş örtüyündən öz əməllərini ört-basdır üçün istifadə etmək yolverilməzdir. Bu hərəkətlər əsl dindar xanımlarımızın da inam və etiqadını “kölgə” altına salır. Nəticədə isə namuslu, əxlaqlı dindar qız və gəlinlərimizə də bəzən şübhə ilə baxılır. Zəmanəmizdə bu cür kişilərin də sayı az deyil. Onlar namaz qılaraq. Özlərini din adamı kimi təqdim edərək, bununla yanaşı həm içki içir, söyüş söyür, həm də başqalarının halalına haram məqsədlə baxırlar... Həm də bütün bunların İslam dininə zidd olmasına baxmayaraq. Həqiqətən də bu dəhşətlidir.
İnsanlar var ki, nifaq salmağı sevirlər. İki nəfərin arasını vurub, onları bir-birinə qarşı düşmən edir və özləri kənardan bu mənzərəni böyük zövqlə izləyirlər. Amma heç ağıllarına belə gətirmirlər ki, bir gün gələcək bu düşmənçilik onların özlərinə qarşı yönələcək...
Həyatda yəqin ki, lovğa, təkəbbürlü adamlarla qarşılaşmısınız? Onlar adətən, özlərindən qat-qat ağıllı insanlara ağıl dərsi keçməyə çalışırlar. Bir həqiqəti unudurlar bəzən. Deyir; “ Yer üzündə təkəbbürlə gəzib-dolanma, çünki sən nə yeri yara bilərsən, nə də boyca yüksəlib dağlara çata bilərsən!”(Qurani-Kərim)
Maraqla izləyib şahidi olduğun bu həqiqətlərə baxdıqca düşünürəm ki, görəsən niyə bütün bunlar baş verir? Həyat niyə bu qədər qəribə və ziddiyyətlidir. Bütün bunlarda günahkar cəmiyyətdir, yoxsa insanlar?..
Anlayırsan ki, həyatın dözülməz olmaması üçün iki şeyə inanmaq və alışmaq lazımdır. Zamanın vurduğu yaralara və insanların ədalətsizliyinə. Dünyanın ən varlı insanlarından biri olan Bill Qatesin çox sevdiyim bir kəlamı var. Deyir ki, “Dünya ədalətsizdir, buna adət edin!” Və maraqlıdır ki, həyat bir mübarizə meydanıdır. Unutmayaq ki, ideal cəmiyyət yoxdur! Həyatda iradəsi güclü və zəif olan insan tipləri var. İradəsi zəif olanları cəmiyyət ac qurd kimi udur, məhv edir.
İradəsi zəif, daxilən gücsüz insanlar həyatın çətin sınaqları qarşısında acizləşir və nə edəcəklərini bilmirlər. Bəzən çıxış yolunu intiharda, bəzən hətta ən dəhşətli ölüm – özlərini yandırmaqda görürlər. Axı bu heç də çıxış yolu deyil. Özünə qəsd edən insanları heç Allah da bağışlamaz, nəinki yaxınları, doğmaları.
Görəsən bu intiharların, özünə qəsdetmələrin günahkarı kimdir, nədir?.. Bəlkə...
Çox bəlkələr saymaq olar və saydıqca da bitməz... Amma bu addımı atmamışdan öncə nə qədər əlacsız olsanız belə, hər kəs öz həyatını gözü önünə gətirib, arxada qoyub gedəcəklərinə bir nəzər salsın. Kiminin ailəsi başsız, kimsəsiz qalacaq, kiminin gözüyaşlı valideynləri, doğmaları... yaşanmamış gəncliyini qoyub getmək çarə deyil. Ölüm heç nəyi həll eləmir. Həyatla mücadilə edib problemlərin çarəsini tapmaq lazımdır. Bilməlidirlər ki, canlarına qıymaqla heç nə həll olunmur. Ölmək yox, yaşamaq, bütün problemlərin, çətinliklərin üzərinə getmək lazımdır. Bilməlisiniz ki, hara qaçırsan qaç, üç şey səninlə gələcək; kölgən, acın və keçmişin! Qədərin isə onsuz da səni gözləməkdədir. İmkanların bitdiyi yerdə iman var. Dərdiniz nə qədər böyük olursa, olsun dərddən böyük Allah vardır. Allahdan hər şey istə! Güc, sağlıq, xoşbəxtlik, məhəbbət istə. Özün üçün bir şey tapmasan başqaları üçün istə. Amma heç vaxt ölüm istəmə! Sənə verilən həyatın, ömrün dəyərini bil!
Iradəsi güclü insanlar isə hər zaman qalibdir. Həyatda bir həqiqəti öyrətdilər mənə: “Haqlı olduğun zaman heç kimsəyə boyun əyməyəcəksən!” Özünəinam dünyada ən böyük qalibiyyətdir. Və bir də həyatda nəyi çox istərsən, bil ki, o sənin imtahanındır. Necə deyərlər, böyük risqlər gözə alınmadan, böyük döyüşlər qazanılmaz!
Tez-tez düşünürəm, bu çətin keşməkeşli, haqsızlıqlarla dolu bir dünyada kaş ki, hər kəs fələkdən bir gün çalardı. Və həmin günü günahsız, tərtəmiz, şəffaf yaşayardı. Səhər açılandan axşama kimi heç kim heç kəsə pislik etməyərdi. Bir köməksizə əl tutardı, kömək edərdi. Bir yetimin başını sığallayardı. Heç kimin ruzusuna göz dikmədən, kimsənin qəlbini qırmadan, heç kimsəni öldürmədən, incitmədən... həmin günü söyüşsüz, qeybətsiz başa vurardı. Yeməyini yeyəndə yadına salardı ki, dünyada bu dəqiqə aclıqdan, susuzluqdan ölən minlərlə uşaq var, Insan var... O zaman ən azından Allahın verdiyi bir tikə ruzi üçün şükr edərdi.
Və gəzib-dolandığı zaman düşünərdi ki, qürrələnə-qürrələnə gəzdiyi bu torpağın altında Vətəni üçün, torpaqlarının bütövlüyü üçün, ailəsinin, millətinin rifahı üçün uğrunda can verdikləri minlərlə igid, qəhrəman, qeyrətli şəhid oğlanlarımız yatır.
O zaman geri boylanıb öz həyatına nəzər saldıqda, həyatı boyu çəkmədiyi qədər xəcalət çəkmək olardı...
Təmiz qəlbli insanlar heç zaman rahat yaşamazlar, çünki özlərini başqalarının xoşbəxtliyi üçün fəda edərlər. Şəhidlərimiz kimi! Kaş ki, bunu hər kəs anlaya bilsə... Kaş ki,..
Eh, mənə “kaş ki,..” dedirdən həyat, gələcəyimdən çalıb bəlkə də dedirtdin, amma indi mən də həyata qarşı bircə cümlə qoyuram:
“ Nə isə!”
Esmira Mirzəyeva Naxçıvanlı

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla