Valyuta məzənnəsi
Xəbər lentİ

Bakı Şəhər İcra Hakimiyyətində müşavirə

12:12, 04.05.21
azerbaycan, cemiyyet
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə

Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtdakı istirahət parkları, bağlar və “Abad məhəllə”lərin hazırki vəziyyəti ilə bağlı videokonfrans formatında müşavirə keçirilib.

Xeberpress.az-ın məlumatına görə, BŞİH-in mətbuat xidmətindən bildiriblər ki, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son illərdə Prezident İlham Əliyevin səyləri nəticəsində paytaxtın parklar şəhərinə çevrildiyini və bu prosesin davam etməkdə olduğunu diqqətə çatdırıb. Praktiki olaraq şəhərin bütün rayonlarında çoxsaylı park, bağ və istirahət guşələri yaradılıb. İDEA İctimai Birliyi və şəxsən təşkilatın rəhbəri Leyla Əliyevanın fəaliyyətinin nəticəsi olaraq məhəllələrarası parklar yaradılıb və bu proses inkişaf etməkdədir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, paytaxtda parkların sayı çoxaldıqca onlara göstərilən qulluğun səviyyəsi də artmalıdır. Lakin bəzən səhlənkarlıq hallarına da yol verilir. Məsələn Sabunçu rayonunda yerləşən EKO park yerli icra qurumlarının diqqətsizliyi nəticəsində baxımsız vəziyyətə düşmüşdü. Buna görə də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə iradlar tutulub. Hazırda mövcud nöqsanların aradan qaldırılması məqsədilə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən həmin ərazidə müvafiq tədbirlər həyata keçirilir.

Müşavirədə dövlətimizin başçısının Bakı şəhərindəki park, bağ və istirahət guşələrində müvafiq şəraitin yaradılması ilə bağlı tələbləri rayon icra hakimiyyətləri başçılarının nəzərinə çatdırılıb. Qeyd edilib ki, hər bir rayon icra hakimiyyətinin başçısı ərazisindəki parkların vəziyyəti ilə bağlı məsuliyyət daşıyır. Əgər ərazidəki park şəhər və ya rayon icra hakimiyyətinin balansında deyilsə, o zaman rayon rəhbəri məsələdən kənarlaşmamalı, koordinator kimi çıxış edərək mövcud problemləri həll etməlidir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı əlavə edib ki, son vaxtlar bəzi məmurlar problemləri həll etmək əvəzinə, bir sıra bəhanələr gətirirlər, bu isə yolverilməzdir.

Eldar Əzizov, həmçinin bildirib ki, dünyada mövcud iqtisadi vəziyyətə baxmayaraq, dövlətimizin başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda iqtisadi inkişaf templəri nəinki qorunub saxlanılıb, həm də yeni imkanlar yaranıb. İşğaldan azad edilmiş Qarabağda genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Biz isə dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində abadlıq işlərinin templərini qorumağa və həm də əvvəl yaradılanların saxlanılmasına çalışmalı, həmçinin vətəndaşların müraciətlərinə diqqətli olmalıyıq.

Qeyd edilib ki, may ayının 20-dən sonra görülən işlərlə bağlı paytaxt rayonlarının icra hakimiyyətləri başçılarının hesabatları dinləniləcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla