Valyuta məzənnəsi
Xəbər lentİ

Ermənistanla bərabər, tərəfdaşları da məsuliyyət daşıyırlar

12:57, 22.04.21
azerbaycan, siyaset
Ermənistanla bərabər, tərəfdaşları da məsuliyyət daşıyırlar

Ölkəmizin sərvətlərinin talan edilməsində Ermənistanla bərabər, onun xarici tərəfdaşları da məsuliyyət daşıyırlar.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan “Dəmir yumruq” əməliyyatı uğurla başa çatdıqdan sonra qarşımızda dayanan əsas prioritet istiqamət işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpa edilməsi və uzun illər öz dədə-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızın doğma yurdlarına qayıtmasıdır. Otuz illik həsrət, nəhayət, sona çatır və soydaşlarımızın doğma el-obalarına qayıdacağı günə az qalır.

Xeberpress.az xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.

Ölkəmizin 30 ilə yaxın müddətdə pozulmuş ərazi bütövlüyünün 44 gün davam edən Vətən müharibəsi nəticəsində bərpa edildiyini vurğulayan Milli Məclis sədrinin müavini deyib: “Azərbaycanın misilsiz Qələbəsi ilə başa çatan Vətən müharibəsi, eyni zamanda, Ermənistanın yürütdüyü faşizm siyasətinə vurulan ən böyük zərbə oldu. Müharibədəki məğlubiyyətdən sonra Ermənistanda hələ də sabitlik yoxdur və yaxın vaxtlarda olacağı da gözlənilmir. Bu ölkədə rəhbər şəxslərin getdikləri yerlərdən biabırcasına qovulması, hər gün davam edən mitinqlər Ermənistan dövlətçiliyinin təhlükədə olmasının əyani göstəricisidir”.

Adil Əliyev bildirib ki, Vətən müharibəsi erməni faşizminə ağır zərbə vurdu. O faşizmə ki, Azərbaycan xalqına məxsus qədim abidələri, dini məbədləri, məscid və ziyarətgahları, türbələri amansızcasına məhv edir, dağıdırdı. O faşizm ki, zəbt etdiyi torpaqlarda Azərbaycan mədəniyyətinə və tarixinə şəhadət edən bütün maddi mədəniyyət abidələrini yer üzündən – bizim öz torpağımızdan silməyə çalışırdı. İndi isə törədilmiş bu cinayətlərə görə cavab vermək zamanı gəlib çatıb – Azərbaycana vurduğu zərərə görə Ermənistan barəsində beynəlxalq məhkəməyə müraciət edilir. İşğal dövründə törədilmiş dağıntılarla yanaşı, ölkəmizin təbii sərvətlərindən – qızıl və mis yataqlarından, mineral su mənbələrindən, digər təbii ehtiyatlarından qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəməyə verilir. Dövlətimiz bu sahədə hüquqi prosedurları hazırda davam etdirir.

“Hazırda Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin minadan təmizlənməsi kimi çox vacib bir prosesi həyata keçirir. Bu, vətəndaşlarımızın doğma yurd yerlərinə qaytarılması istiqamətində atılan ən mühüm addımlardan biridir. Təəssüf ki, savaşda məğlub olaraq sülh sazişi üçün yalvaran Ermənistan yenə də beynəlxalq humanitar hüququ pozaraq minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bu kimi davranışlar onu deməyə əsas verir ki, Ermənistan hələ də məğlubiyyəti həzm edə bilmir və gücü çatdığı qədər nifaqı davam etdirmək istəyir. Ermənistanın bu əməli növbəti hərbi cinayətdir və noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarına ziddir”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.

Adil Əliyev qeyd edib ki, Vətən müharibəsinin başa çatmasından aylar keçsə də, ərazilərin minalardan təmizlənməsi işləri hələ də davam edir. Hazırda ANAMA-nın (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) əməkdaşları ilə yanaşı, Türkiyə və Rusiyadan gələn hərbçilər də bu işdə ölkəmizə kömək göstərirlər. Lakin Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməməsi səbəbindən indiyədək 100-dən çox mülki vətəndaş yaralanıb və ya həlak olub. “Ermənistanın törətdiyi cinayətlər, vurduğu ziyan göz qabağındadır. İşğaldan azad olunmuş bölgələrə səfər edənlər bu vəhşiliyin şahidi olur. Ağdamdakı vəziyyəti görən xarici qonaqlar dağıntıların miqyasından dəhşətə gələrək Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırıblar. Digər şəhər və kəndlərimizdəki vəziyyət də Ağdamdan çox fərqlənmir. Ermənistan tərəfi amansızcasına hər yeri və hər şeyi dağıdıb, məhv edib. Bütün abidələrimizə, yaşayış məskənlərimizə qarşı vandal siyasətlərini həyata keçiriblər. Onların törətdikləri vəhşiliklər gözəl guşələrin bərpa prosesini ləngidir”, - deyə A.Əliyev vurğulayıb.

Milli Məclis sədrinin müavini bildirib ki, mina təmizləmə prosesi ilə paralel olaraq, işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin icrası çox sürətlə davam etdirilir. Aparılan abadlıq və quruculuq işləri sayəsində hazırda ölkəmizin Mədəniyyət paytaxtı olan Şuşa şəhəri tam şəkildə elektrik enerjisi ilə təmin edilib. İndi Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa olunur. Ən qısa zamanda isə kəndlərimizin bərpası təmin ediləcək. Hazırda Cəbrayıl, Ağdam, Füzuli rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası istiqamətində işlər görülür.

“İşğaldan azad edilmiş ərazilərə gediş-gəliş yollarının bərpası və yenidən qurulması istiqamətində də məqsədyönlü tədbirlər icra olunur. Zəfər yolu adlandırılan Füzuli-Şuşa yolunun, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğana-Kəlbəcər avtomobil yollarının tikintisi gedir, Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolları infrastrukturu yaradılır. Hansı ki, bu yolun sonu düz 101 ildən sonra bizi əlimizdən alınmış tarixi torpağımız olan Zəngəzura qaytaracaqdır”, - deyə Adil Əliyev qeyd edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla