Valyuta məzənnəsi
Xəbər lentİ

Daha bir klinikanın qanunsuz əməlləri ifşa edildi

12:08, 22.04.21
azerbaycan, hadise
Daha bir klinikanın qanunsuz əməlləri ifşa edildi

“Yeni klinika” tibb müəssisəsinin direktorunun qanunsuz əməlləri ifşa edildi.

Koronavirus pandemiyasının qlobal problem olaraq davam etdiyi hazırkı dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çevik və sistemli tədbirlər nəticəsində əhalinin bu infeksiyanın törətdiyi fəsadlardan qorunması ən yuxarı səviyyədə təmin olunmaqla, qısa zaman kəsiyində çoxsaylı ixtisaslaşmış səhiyyə ocaqları, laboratoriya və tibbi istehsal müəssisələri istifadəyə verilib, əksər dünya ölkələrindən fərqli olaraq müxtəlif növ effektiv vaksinasiya vasitələri idxal edilərək əhalinin vaksinasiya prosesinin uğurla tətbiqinə başlanılıb, habelə insan sağlamlığının qorunmasına xidmət edən digər bu kimi proqram xarakterli addımlar atılıb.

Xeberpress.info xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, eyni zamanda, yoluxucu xəstəliyin geniş yayıldığı dövrdə yaranmış təbii narahatlıq və çaşqınlıqdan sui-istifadə edərək vətəndaşların haqlı narazılığına səbəb olan, bununla da dövlətin pandemiyaya qarşı geniş mübarizə siyasətinə kölgə salan bəzi vəzifəli şəxslərə, habelə onların yaratdıqları korrupsiya şəbəkələrinə də rast gəlinir ki, bu cür neqativ hallara qarşı da prokurorluq orqanları tərəfindən kompleks mübarizə tədbirləri görülməkdədir.

Belə ki, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu və Əliyeva Vüsalə Firidun qızı vasitəsilə ayrı-ayrı koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub.

Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Habelə qeyd edilən qanunsuz əməllərin törədilməsində Pərviz Abbasova köməklik etmələrinə əsaslı şübhələr müəyyən olunmuş Əvəz Hüseynov və Vüsalə Əliyeva həmin məcəllənin 32.5, 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almada köməkçilik) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilib, Samir Mirzəyev isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan pozuntularla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli “Çağrı mərkəzi”nə və Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini tövsiyə edir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla