Valyuta məzənnəsi
Xəbər lentİ
 16:43  Sabahın HAVASI
 15:46  Sabahın HAVASI

DMX-da ötən ilin yekunlarına dair mətbuat konfransı

15:12, 14.01.21
azerbaycan, cemiyyet
DMX-da ötən ilin yekunlarına dair mətbuat konfransı

Dövlət Miqrasiya Xidmətində (DMX) 2020-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Xeberpress.az xəbər verir ki, tədbirdə ötən il miqrasiya sahəsində görülən işlər, əldə olunan nəticələr və statistik rəqəmlər barədə ətraflı məlumat verən DMX-nin rəisi Vüsal Hüseynov 2020-ci ilin bütün dünyada olduğu kimi, ölkəmizdə də davam edən pandemiya dövründə miqrasiya proseslərinin ən çox təsirə məruz qalmış sahələrdən biri olduğunu vurğulayıb. O bildirib ki, yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində Prezident İlham Əliyev tərəfindən yaradılmış və aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sistemli tədbirlər görülməklə yanaşı, miqrasiya prosesləri də diqqətdə saxlanılıb.

Ötən ildə də dövlət rəhbərliyi tərəfindən qurumun qarşısında müəyyənləşdirilmiş vəzifələrin vaxtında və uğurla yerinə yetirildiyini deyən Xidmət rəisi hesabat ilində şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların daha da sadələşdirilməsi, əcnəbilərin öz hüquqlarından səmərəli istifadəsinə şərait yaradılması, elektron xidmətlərdən geniş istifadə olunması istiqamətində tədbirlərin icrasının, eləcə də müxtəlif sosial layihələrin davam etdirildiyini diqqətə çatdırıb.

Vüsal Hüseynov bildirib ki, 2020-ci ilin ilk iki ayında 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə ölkəyə gələn əcnəbilərin (15 faiz artma) və Xidmətə edilən müraciətlərin sayında çoxalma müşahidə olunsa da, pandemiya dövründə dövlət sərhədindən giriş-çıxışın məhdudlaşdırılması səbəbindən bu dinamika azalmaya doğru dəyişib. Belə ki, 2019-cu illə müqayisədə hesabat dövründə ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 4 dəfə, olduğu yer üzrə qeydiyyatda 4,7 dəfə, ölkədə müvəqqəti yaşayanların arasında 16 faiz, daimi yaşayanlarda 18 faiz, iş icazəsi alanlarda 9 faiz azalma qeydə alınıb. Bundan başqa, qaçqın statusu üçün müraciətlərdə 87 faiz azalma olub.

COVID-19 infeksiyası ilə əlaqədar əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də ölkə vətəndaşlarının sağlamlığının və təhlükəsizliyinin qorunması, onların rahatlığının təminatı, evdən çıxma səbəblərinin minimuma endirilməsi məqsədilə məlumatlandırma tədbirlərinin gücləndirildiyini deyən Xidmət rəisi hesabat dövründə bütün elektron xidmətlərin yeniləndiyini və sadələşdirildiyini vurğulayıb. Tələb olunan sənəd siyahısı optimallaşdırılıb və güzəştlər müəyyənləşdirilib. Elektron xidmətlərin təkmilləşdirilməsi nəticəsində ötən il müvəqqəti olma müddətinin uzadılması, iş və yaşama icazələri ilə bağlı elektron müraciətlərin sayında 2019-cu il illə müqayisədə 8,5 dəfə artım müşahidə olunub. Pandemiya dövründə məlumatlandırmanın artırılması və qəbul edilən zənglərin kəskin çoxalması səbəbindən 919 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib, işçi qüvvəsi və texniki imkanları artırılıb, ümumilikdə fəaliyyətinin günün tələblərinə uyğun qurulması təmin olunub. Hazırda da Çağrı Mərkəzi ölkə xaricindən gələn zənglərə də açıq olmaqla yanaşı, fasiləsiz rejimdə fəaliyyətini davam etdirir. Hesabat ilində Çağrı Mərkəzinə edilən zənglərin sayı 2,2 dəfə artaraq, 244 min 398 olub. DMX tərəfindən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər nəticəsində “ASAN xidmət indeksi”ni təşkil edən meyarlar üzrə qiymətləndirilmənin yekunlarına görə Dövlət Miqrasiya Xidməti əvvəlki iki ildə olduğu kimi 2020-ci ildə də ən yüksək nəticəni (85,54 faiz) göstərib.

Pandemiya dövründə işəgötürənlər və təhsil sektorunun yaşaya biləcəyi mümkün çətinliklər və onları maraqlandıran məsələlərə dair ümumilikdə 138 nümayəndənin iştirak etdiyi onlayn görüşlərin keçirildiyini qeyd edən Xidmət rəisi İctimai Şura ilə də qurumun fəaliyyətinə dair faydalı müzakirələrin aparıldığını bildirib.

Daha sonra Vüsal Hüseynov Xidmətin beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nəticələr barədə danışıb. DMX-nin miqrasiya və inkişaf məsələlərinin qlobal miqyasda müzakirə olunduğu Miqrasiya və İnkişaf üzrə Qlobal Forumun Rəhbər Qrupuna üzv seçildiyini vurğulayan V.Hüseynov hesabat dövründə Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Azərbaycanda Miqrasiya üzrə Regional Mərkəzin yaradılmasına dəstək” layihəsinin icrasına başlanıldığını da qeyd edib. Həmçinin “Azərbaycanla Avropa İttifaqı arasında Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək” (MOBILAZE) layihəsi çərçivəsində qazanılmış uğurların davamı kimi ölkəmizin miqrasiya idarəçiliyi sahəsində mövcud prioritetləri nəzərə alınmaqla “Azərbaycanda miqrasiya sahəsində texniki və institusional potensialın gücləndirilməsi” (ETIMAD) layihəsinin müvafiq qaydada razılaşdırıldığını və bu ilin ilk rübündə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə əməkdaşlıq çərçivəsində icrasına başlanmasının nəzərdə tutulduğunu qeyd edib.

Vüsal Hüseynov Azərbaycanda olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurətinin aradan qaldırıldığını da diqqətə çatdırıb. Belə ki, 59 min 963 əcnəbinin ölkədə olma müddəti özləri müraciət etmədən uzadılıb. Bildirilib ki, dövlət sərhədində tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra həmin əcnəbilərin qısa müddətdə ölkəni tərk edə bilməsi üçün müvafiq tədbirlər planlaşdırılıb. Əcnəbilərin ölkədə qanuni olmaları və yaşamaları üçün yaradılmış şərait, o cümlədən onların qanunsuz miqranta çevrilməsinin qarşısının alınması ilə bağlı görülmüş qabaqlayıcı fəaliyyət və qanunsuz miqrasiyaya qarşı tədbirlərin qismən məhdudlaşdırılması nəticəsində keçən il DMX tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayında 51 faiz azalma qeydə alınıb. 2020-ci ildə, həmçinin Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslər, eləcə də onların ailə üzvləri ölkə hüdudlarından kənarda hərəkət etmək hüququ verən “Yol sənədi” ilə təmin olunub. Bu dövrdə də DMX-nin fəaliyyətində sosial layihələrin icrasının da prioritet olduğunu söyləyən Xidmət rəisi “Miqrasiya Məktəbi” layihəsinin onlayn formatda davam etdirildiyini, həmçinin “Miqrasiya könüllüləri” İctimai Birliyinin iştirakı ilə 125 aztəminatlı miqrant ailəsinə yardımlar göstərildiyini, könüllülərin müxtəlif aksiyalar və layihələr həyata keçirdiklərini diqqətə çatdırıb. Məlumatlandırma tədbirlərinin gücləndirilməsi məqsədilə atılan addımlardan biri kimi Xidmətin rəsmi veb-səhifəsinin yeniləndiyini bildirən Vüsal Hüseynov, həmçinin jurnalistlərə əcnəbilər üçün miqrasiya prosedurları sadə dildə izahlı təqdim olunan, Azərbaycanın turizm və investisiya potensialının təşviq edilməsi məqsədi daşıyan yeni bir internet səhifəsinin də (migrationto.az) ictimailəşdirilməsini qeyd edib.

Xidmət rəisi qarşıda görüləcək işlər barədə də ətraflı məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla