Valyuta məzənnəsi
Xəbər lentİ

Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirir

15:05, 28.12.20
azerbaycan, siyaset
Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirir

Fransa prezidenti Emmanuel Makronun Ermənistan mətbuatında yer alan son fikirləri onun qatı ermənipərəst, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasətinin təsdiqidir. Azərbaycanın və Türkiyənin hədəf seçildiyi bu absurd fikirlərdən açıq-aydın görünür ki, Makron dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Fransanın ATƏT-in Minsk qrupunun həmsədri mandatının mahiyyətini yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və indiyədək məhz buna uyğun hərəkət edib. Makronun açıqlamaları və fəaliyyəti bir daha onu göstərir ki, Fransa indiyədək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində balanslaşdırılmış, ədalətli, həmsədr mandatının tələblərinə uyğun heç bir addım atmayıb və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirmək niyyətini açıq-aydın ortaya qoymaqdadır. Bir daha isbatlanır ki, Fransa prezidenti bu ölkənin erməni lobbisinin, ermənipərəst dairələrinin tam təsiri altındadır və rəhbərlik etdiyi dövlətin, Fransa xalqının maraqlarının əksinə olaraq, məğlub Ermənistanın “vəkili” kimi çıxış edir. Bunu, eyni zamanda, Fransanın dövlət başçısının son günlər Ermənistanı düşdüyü bataqlıqdan xilas etmək üçün Cənubi Qafqaz regionunda maraqları olan müxtəlif ölkələrin rəhbərləri ilə intensiv xarakter alan təmasları da bir daha sübuta yetirir.

Xeberpress.az bildirir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.

Qırx dörd günlük İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı günlərdə Fransanın anti-Azərbaycan mövqeyində durmasının bu ölkənin bəyanatlarında və əməllərində səmimi olmadığını nümayiş etdirdiyini bildirən Vüqar Rəhimzadə deyib: “Birmənalı olaraq vurğulamaq lazımdır ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi neytral mövqe tutmaq əvəzinə, işğalçı Ermənistanı açıq şəkildə dəstəkləmələri, hətta bu barədə ölkə rəsmilərinin məsuliyyətsiz bəyanatlar vermələri, anti-Azərbaycan və qatı ermənipərəst fikirlər səsləndirmələri artıq Fransanın beynəlxalq etimad limitini tükətməkdədir”.

Vasitəçi mandatı daşıyan Fransa kimi nüfuzlu bir dövlətin başçısının belə bir fikirlərlə çıxış etməsinin bu ölkənin münaqişənin həllində bitərəfliyinə ciddi zərbə vurduğunu diqqətə çatdıran “İki sahil” qəzetinin baş redaktoru vurğulayıb: “Bundan sonra Fransanın ATƏT-in Minsk qrupunun həmsədri statusunu daşımağa nə mənəvi, nə də hüquqi və siyasi haqqı yoxdur. Ən əsası, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi Fransanın belə ədalətsiz, təcavüzkarı dəstəkləyən mövqe tutması onun münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir, neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. Çox təəssüflər olsun ki, münaqişənin davam etdiyi son 30 ildə işğalçının adı ilə çağırılması bir qayda olaraq ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən birtərəfli mövqe tutmaq kimi dəyərləndirilir, amma fürsət düşən kimi onlar tərəfindən işğalçı Ermənistana açıq-aşkar dəstək ifadə edilir. Görünür, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, o cümlədən bu məsələlərdə daha çox canfəşanlıq edən Fransanın “özünəməxsus” prinsipləri mövcuddur”.

“Fransanın Ermənistana dost ölkə olduğu da məlum faktlardandır”, - deyən Vüqar Rəhimzadə əlavə edib ki, məhz dünyanın ən sivil dövlətlərindən biri sayılan müasir Fransanın hakim dairələrində kök salmış erməni sevgisi bu ölkənin heç bir araşdırma aparmadan qondarma “erməni soyqırımı”nı tanımasını şərtləndirib, hətta o, bu tələblə digər dövlətlərə də müraciət edib.

Bu gün Makronun Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirmək istiqamətində addımlar atmasının danılmaz fakt olduğunu bildirən V.Rəhimzadə qeyd edib: “Makronun faşizm ideologiyasını dövlət siyasətinə çevirmiş Ermənistana belə məhəbbətlə qucaq açması bu gün dünya miqyasında demokratiya, insan hüquq və azadlıqlarının təminatçısı olduğunu iddia edən Fransanı sürətlə uçuruma doğru aparır. Görünür, Makron növbəti seçkidə qalib gəlmək üçün Fransanın “kiçik bacısı” adlandırılan Ermənistana, daha doğrusu, erməni lobbisinin, diasporunun maliyyəsinə, dəstəyinə arxalanır. Bununla da Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirir”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla