Valyuta məzənnəsi
Xəbər lentİ

ATƏT-in Minsk Qrupu kimə və nəyə xidmət edir?

11:29, 18.09.20
azerbaycan, siyaset
ATƏT-in Minsk Qrupu kimə və nəyə xidmət edir?

ATƏT-in Minsk Qrupu susqunluğuna son verməlidir.

Azərbaycan hökuməti dəfələrlə işğalçı Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı ciddi etirazını ATƏT-in Minsk qrupunun həmsədrləri qarşısında, müvafiq beynəlxalq təşkilatlar qarşısında qaldırıb.

Xeberpress.az bildirir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsini nizama salmaq missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupu isə bir milyondan çox insanın hüquqlarını pozan, başqasının torpağına göz dikən işğalçı Ermənistanın saxta demokratiyasını görməzdən gəlir. Beynəlxalq aləm tərəfindən təcavüzkar və işğalçı ölkə kimi tanınan Ermənistanın Azərbaycanın tarixi ərazilərini işğal etməklə, sonra isə həmin ərazilərdə erməni əsillilərin qeyri-qanuni məskunlaşdırılması cəhdi dünya ictimaiyyətinin gözü önündə baş verdiyi halda ATƏT-in Minsk Qrupunun işğalçı ölkənin qanunsuz əməlləri ilə bağlı qəti qərara gələ bilməməsi bu qurumun lazımsız olduğunu nümayiş etdirir.

Sentyabrın 14-də ATƏT-in Minsk Qrupu həmsədrləri Parisdə intensiv müzakirələr keçirərək, regiondakı vəziyyəti nəzərdən keçirib. Həmsədrlər bəyanatla çıxış edərək “iyul ayında Ermənistan-Azərbaycan sərhədində yaşanmış gərginliyə xüsusi diqqət ayıraraq, regiondakı vəziyyəti müzakirə etdiklərini bildiriblər. Nəticədə isə Azərbaycan və Ermənistan XİN başçıları yaxın həftələrdə “qeyd-şərtsiz” danışıqlara başlamağa çağırılıb. Həmsədrlər Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Manatsakanyanla ayrılıqda telefonla danışıblar. Telefon danışığında hər iki ölkənin nazirini heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fərdi olaraq üzbəüz görüşə dəvət ediblər. Eyni zamanda həmsədrlər ATƏT-in mandatına uyğun olaraq, münaqişənin sülh yolu ilə hərtərəfli həlli üçün danışıqlar prosesində aktiv vasitəçi olmaqla bağlı öhdəliklərinə sadiq qaldıqlarını ifadə ediblər.

İyulun 12-də işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə əvvəlcədən planlaşdırılmış hücum cəhdindən keçən 3 ay ərzində susan ATƏT-in Minsk Qrupunun birdən-birə Azərbaycan-Ermənistan sərhədində yaşanmış gərginliyə xüsusi diqqət ayırması, regiondakı vəziyyəti müzakirə etməsi təəccüb doğurur. Halbuki ATƏT-in Minsk Qrupu hadisələrə elə həmin an reaksiya verməli, beynəlxalq hüquq normalarını pozan Ermənistanın işğalçılıq siyasəti qəti şəkildə pislənməli idi.

İllərdir ATƏT-in Minsk Qrupu Ermənistanın bütün beynəlxalq norma və konvensiyalara zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində süni və qanunsuz məskunlaşma aparmasına reaksiya vermir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nizama salmaq misiyasını yerinə yetirmək əvəzinə susqun müşahidəçiyə çevrilib.

ATƏT-in Minsk Qrupu ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar əvəzinə avantürist Ermənistan hökumətinin işğalçılıq siyasətinə göz yumur, təxribatlar, atəşkəsin pozulmasına, günahsız insanların qətlə yetirilməsinə, yaşayış məntəqələrinin darmadağın edilməsinə seyrici mövqeyi nümayiş etdirir.

Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu bir institut kimi kimə və nəyə xidmət etdiyi və onun fəaliyyətinin əhəmiyyətinin nədən ibarət olduğunu hələ də məlum deyil. Bu da ATƏT Minsk Qrupunun passiv, mandatına uyğun fəaliyyət göstərməyən, işğalçı dövlətə qarşı təsirli tədbirlər görülməsi istiqamətində heç bir addım atmayan lazımsız qurum olduğunu göstərir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla