Valyuta məzənnəsi
Xəbər lentİ

Hər erməni yaxşı bilir ki,..

09:26, 14.09.20
azerbaycan, siyaset
Hər erməni yaxşı bilir ki,..

Qarabağa köçürülən ermənilər Azərbaycana qarşı “nifrət məktəbi” keçiblər.

Otuz ilə yaxındır işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər, xüsusilə, Livandan olan ermənilərin torpaqlarımıza köçürülməsinə ciddi-cəhdlə çalışır. Artıq bunu təsdiqləyən müəyyən dəlillər ortaya çıxır. Bu, sözsüz ki, Azərbaycanda böyük narahatlıq yaratmaqdadır.

Xeberpress.az bildirir ki, bu fikirləri Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.

Deputatın sözlərinə görə, Ermənistan indiyədək işğal edilmiş ərazilərə başqa yerlərdən erməniləri gətirib məskunlaşdırmağa çalışsa da, niyyətinə tam nail ola bilməyib: “Ermənistan işğal etdiyi ərazilərdə müəyyən infrastruktur layihələri həyata keçirsə də, bu ermənilər üçün cəlbedici olmayıb. Çəkilən yollar da, aparılan tikintilər də erməniləri işğal olunmuş ərazilərə köçməyə təşviq edə bilməyib. Bunun başlıca səbəbi ermənilərin bir xalq olaraq sayının az olması ilə bağlıdırsa, digər səbəbi bunun perspektivsiz iş olmasını dərk etmələri ilə əlaqədardır. Hər erməni yaxşı bilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində köçüb daimi yaşamaq perspektivi hər zaman risk altındadır. Azərbaycan imkan düşən ilk fürsətdə öz torpaqlarını işğaldan azad edəcək. Bu səbəbdən də, Ermənistanın məskunlaşma siyasəti iflasa uğuradığı üçün yaranmış boşluğu xaricdən ermənilərin gətirilməsi ilə doldurmaq istəyir. Suriya və Livandan ermənilərin köçürülərək ərazilərimizdə yerləşdirilməsi də bu məqsədə xidmət edir”.

Aqil Məmmədovun fikrincə, sözügedən ölkələrdən köçürülən ermənilərin işğal olunmuş torpaqlarımızda məskunlaşdırılması Azərbaycanın təhlükəsizliyi üçün təhdid yaradır: “İlk növbədə beynəlxalq konvensiyalar pozulur. Digər tərəfdən Suriyadan, Livandan gətirilənlər terror təşkilatlarının təlim keçdiyi muzdlu döyüşçülər, daha dəqiqi terrorçular ola bilər. Biz bilirik ki, həm Suriya, həm də Livan hər zaman erməni terrorçu təşkilatlarının təlim və sığınacaq yeri olub. Əminliklə deyə bilərəm ki, Livandan Qarabağa gətirilən ermənilər beyinləri Azərbaycana, Türkiyəyə qarşı “nifrət məktəbi” keçib. Ona görə də, Ermənistanın bu addımı atmaqda məqsədi həm münaqişənin nizamlanması üçün aparılan danışıqları pozmaq, həm də xaricdən gətirilən ermənilərdən muzdlu döyüşçü kimi Azərbaycana qarşı istifadə etməkdir”.

Bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və qrupa üz dövlətlər bu köçürülmələrə qarşı çıxmalı, kəskin mövqe ifadə etməlidirlər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla