Valyuta məzənnəsi
Xəbər lentİ

Şamaxıda sürüşmə sahəsi 40 hektara çatıb.

12:51, 08.11.16
azerbaycan, bolge
Şamaxıda sürüşmə sahəsi 40 hektara çatıb.

Son bir ayda intensiv olaraq yağan yağışlardan sonra Şamaxının Mədrəsə qəsəbəsində torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib və ciddi fəsadlara səbəb olub.

Xeberpress.az APA-ya istinadən bildirir ki, son vaxtlar qəsəbədə sürüşmə sahəsi daha 20 hektar genişlənərək 40 hektara çatıb. Torpaq sürüşməsi zamanı vətəndaşlara məxsus daha 4 fərdi evin divarlarında iri çatlar əmələ gəldiyindən yaşayış üçün təhlükəli vəziyyət yaranıb. Hazırda Mədrəsə qəsəbəsində qəzalı evlərin sayı 20-dən çoxdur. Qəsəbə sakini Vahid Qasımovun evi tamamilə yararsız hala düşdüyü üçün ailənin 6 üzvü müvəqqəti olaraq kirayə evdə qalır.

Şamaxı Rayon İcra Hakimiyyətinin Mədrəsə kəndi üzrə icra nümayəndəsi Fuad Abdulrazaqov APA-ya bildirib ki, kəndin şimal-şərq hissəsində hazırda 20-dən çox ev qəzalı vəziyyətdədir. Mənzillərin divarlarında iri çatlar əmələ gəlib. Evlər hər an sürüşməyə məruz qalaraq dağıla bilər. Kənd sakinlərinə məxsus tərəvəz və bostan əkini yerlərində, meyvə bağlarında çoxsaylı batmalar baş verib, sürüşmə hər gün davam edir".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri Mədrəsə qəsəbəsindəki sürüşmə zonasına baxış keçirib, sakinlərlə görüşüblər. ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası Şamaxı rayonunun Dədəgünəş, Mədrəsə, Qızmeydan və Muğanlı kəndindəki sürüşmə sahələrində monitorinqlər aparıblar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla