Valyuta məzənnəsi
Xəbər lentİ

Təhsilimi xarici ölkədə davam edəcəyəm - 300 bal toplayan Hüseyn

11:45, 03.07.20
azerbaycan, cemiyyet
Təhsilimi xarici ölkədə davam edəcəyəm - 300 bal toplayan Hüseyn

Buraxılış imtahanında 300 bal toplayan Hüseyn Abdullayev: Ən böyük arzum Bakı Ali Neft Məktəbinə daxil olmaqdır.

Dövlət İmtahan Mərkəzinin 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrinə əsasən, Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli orta məktəbin məzunu Hüseyn Abdullayev 300 bal toplayaraq maksimal nəticəyə nail olub. Onun ən böyük arzusu qəbul imtahanlarında da maksimal bal toplayaraq, Bakı Ali Neft Məktəbinə qəbul olmaqdır.

Xeberpress.az Hüseyn Abdullayev ilə müsahibəni təqdim edir.

- İlk olaraq, 20 mindən çox məzun arasından belə yüksək nəticə əldə etməyiniz münasibətilə sizi təbrik edirik, gəlin, Sizi tanıyaq.

-Mən Hüseyn Abdullayev Ağsu rayonunda anadan olmuşam. Orta təhsilimə Xətai rayonu 264 nömrəli tam orta məktəbdə başlasam da, 3-cü sinifdən etibarən Xırdalan şəhəri 1 saylı məktəbdə təhsilimi davam etdirmişəm. Elə, həmin məktəbdən də bu il məzun oldum. “Əlaçı” televiziya verilişinin 9-cu mövsümünün respublika çempionu, “Xəmsə” verilişinin isə iştirakçısı olmuşam. Bundan başqa, bu il fizika üzrə keçirilən respublika fənn olimpiadasının yarımfinalçısıyam.

- Buraxılış imtahanında belə yüksək nəticəyə necə nail oldunuz?

- Uğurumun səbəbi daha çox çalışmaq, elmə olan həvəsim, onlayn dərslərin uğurlu təşkili oldu. Bundan başqa, əlbəttə ki, müəllimlərin və valideynlərimin dəstəyi də çox mühüm rol oynadı.

- Niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçmək istəyirsiniz?

- Hesab edirəm ki, Bakı Ali Neft Məktəbi, həqiqətən, respublikanın ən nüfuzlu universitetidir. Bundan əlavə, bu ali məktəbdə tədrisin keyfiyyəti, xarici universitetlərlə əməkdaşlıq əlaqələri (Heriot-Vatt xüsusilə) də diqqətimi cəlb edir.

- Hansı ixtisas üzrə hazırlaşırsınız?

- Hələ tam dəqiq qərar verməmişəm. Lakin böyük ehtimal, proseslərin avtomatlaşdırılması mühəndisliyi və ya informasiya təhlükəsizliyi ixtisasları istiqamətində seçim edəcəyəm. Seçimimin səbəbi həmin ixtisasların gələcəyin ixtisası olmalarıdır. Təbii ki, arzumun reallaşmasında qəbul imtahanlarının ikinci mərhələsində toplanılan bal böyük rol oynayacaq. Yüksək nəticə üçün əlimdən gələni edəcəyəm.

- BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?

- Hədəfim yüksəkixtisaslı, peşəkar mühəndis olmaq, eləcə də BANM-in köməyilə gələcək təhsilimi xarici ölkələrin birində davam etdirməkdir. Düşünürəm ki, bundan sonra ölkəmiz üçün daha faydalı kadr ola bilərəm.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla