Valyuta məzənnəsi

Uşaqlığı zorla əlindən alınan uşaqlar...

10:56, 01.06.20
azerbaycan, siyaset
Uşaqlığı zorla əlindən alınan uşaqlar...

Uşaqların qətlə yetirilməsi Ermənistanın yürütdüyü terrorizm siyasətinin tərkib hissəsidir.

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının qəbul etdiyi qərara əsasən dünyanın hər yerində qeyd edilən bu günün əsas məqsədi uşaq hüquqlarının qorunmasını bir daha qabartmaqdır. Lakin dünyada hələ də uşaqlar təcavüzə, zorakılığa, irqi və milli ayrı-seçkiliyə, deportasiya və soyqırımlarına məruz qalırlar. Təəssüf ki, onların içərisində Ermənistann apardığı müharibə nəticəsində uşaqlıqları, yaşamaq və sağlam böyümək haqları çalınıb qəsd edilən, atəşkəs rejimində belə düşmənin ölüm saçan güllələrinin hədəfində, atəş səsləri altında dünyaya göz açan və böyüyən minlərlə məsum, günahsız azərbaycanlı uşaqlar da var.

Azərbaycana qarşı aparılan müharibədə Ermənistan tərəfindən törədilən soyqırımı və beynəlxalq hüquq normalarına zidd digər cinayət əməlləri uşaqları da əhatə edib. Mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi Ermənistanın yürütdüyü dövlət terrorizm siyasətinin tərkib hissəsidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 193 azərbaycanlı uşaq ermənilər tərəfindən qətlə yetirilib, 71 uşaq itkin düşüb, 29 uşaq hələ də girovluqdadır. Təkcə Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 dinc sakinin 63-ü, yaralanan 487 nəfərdən isə 76-sı uşaq olub. Bu amansız soyqırımı zamanı 155 uşaq bir və ya hər iki valideynini itirib. Ermənistan silahlıları tərəfindən 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsində isə səkkizi məktəbli olmaqla 91 nəfər dinc sakin qətlə yetirilib, 146 uşaq yetim qalıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulan bir milyondan artıq sakinin 300 mindən çoxu uşaqlar idi. Bu uşaqlar uşaqlığı zorla əlindən alınanlar, ömürlərinin ən gözəl, qayğısız çağları müharibəyə qurban edilənlərdir.

1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki şəxslər, o cümlədən uşaqlar hələ də yaralanır və qətlə yetirilir. Təkcə son illərdə 34 uşaq erməni terrorunun qurbanına çevrilib. 2 yaşlı Zəhra Quliyevanın, 9 yaşlı Fariz Bədəlovun və daha neçə balaca uşağın amansız qətli Ermənistanın uşaq qatili olduğunu bir daha təsdiqləyir. Ermənistan heç bir beynəlxalq hüquqi sənədlərə və humanitar təşəbbüslərə məhəl qoymayaraq, uşaqları qətlə yetirməkdə davam edir.

Azərbaycanda uşaqların pozulmuş hüquqlarının bərpası üçün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ədalətli mövqe tutmalı, Ermənistandan işğalçılıq siyasətinə son qoymağı tələb etməlidirlər. İşğal olunmuş Azərbaycan torpaqları tezliklə azad edilməli və öz vətənində məcburi köçkünə çevrilmiş bir milyon insanın, o cümlədən yüz minlərlə uşağın pozulmuş hüquqları bərpa olunmalıdır.

Tahir Ağaməmmədov

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla