Valyuta məzənnəsi

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində bayram tədbiri

10:57, 30.12.19
azerbaycan, bolge
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində bayram tədbiri

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Xeberpress.az-ın məlumatına görə, nümayəndəlikdən bildiriblər ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov kollektivi hər iki bayram münasibətilə təbrik edib.

Bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının birliyi, bərabərliyi və bütövlüyü günüdür. Bu günün əsas məzmununu xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə, doğma torpağa bağlılıq, azərbaycançılıq məfkurəsi, duyğuları və ideyaları təşkil edir. Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşməsi ideyasının müəllifi ulu öndərimiz Heydər Əliyev olub. Belə ki, 1990-1993-cü illərdə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvandan başlanan xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. 1991-ci il dekabr ayının 16-da Ümummilli Liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olundu. Həmin sessiyadakı çıxışında Ulu Öndərimiz bu qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq demişdir: “Dünya Azərbaycan türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”. Qərara əsasən, 1991-ci ilin son günü - dekabrın 31-də həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd edildi. Dünya Azərbaycanlılarının birliyi və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram sonrakı dövrlərdə bu sahədə həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında sıx birləşməsində mühüm rol oynayıb. Prezident İlham Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarının təşkilatlanması prosesinin və vahid ideologiya ətrafında sıx birləşməsinin Ulu Öndərin adı ilə bağlı olduğunu dəfələrlə qeyd edərək deyib: “Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda Onun təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan edilmişdir. Bu gün, 31 dekabr bizim milli bayramımızdır”.

Bəxtiyar Əsgərov , həmçinin bildirib: “Ulu Öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar mənbəyi, isti ocaq, mənəvi dayaq və güc mənbəyi olub. Müdrik rəhbər Heydər Əliyevin “Dünya Azərbaycanlılarının birinci Qurultayının keçirilməsi haqqında” 2001-ci il 23 may tarixli müvafiq Sərəncamına uyğun olaraq, həmin il noyabrın 9-10-da Bakıda təşkil olunan qurultay soydaşlarımız arasında əsl həmrəyliyə, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə, diaspor quruculuğunun təkmilləşdirilməsi işinə böyük töhfə oldu. İştirakçısı olduğumuz bu tarixi qurultay milli həmrəyliyimizin dünyada nümayiş etdirilməsinin ən parlaq təzahürü idi. Ulu Öndərimiz qurultaydakı nitqində dünya azərbaycanlılarının həmrəyliyini vacib bir vəzifə kimi önə çəkdi, bunun üçün əsas, zəruri olan prioritet məsələləri vurğuladı və hər kəsin diqqətinə çatdırdı: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq məfkurəsi aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik”.

Daimi nümayəndəliyin qeyd edib ki, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli idealların, azərbaycançılıq ideyalarının gerçəkləşməsi istiqamətində çox mühüm və olduqca ciddi bir addım idi. Qurultay həm müstəqil Azərbaycanın, eləcə də dünya azərbaycanlılarının həyatında tarixi, ictimai-siyasi hadisə kimi yadda qaldı. Qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yarandı, soydaşlarımızın bir yerə toplaşdığı təşkilatlar dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başladılar.

Sonda Bəxtiyar Əsgərov bu bayramın yaranmasının məhz Naxçıvanla birbaşa bağlılığından, ulu öndər Heydər Əliyevin ideyalarının uğurla həyata keçirilməsindən, Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyimizin ildən-ilə daha da möhkəmlənməsindən danışıb. O deyib: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli birlik, həmrəylik və azərbaycançılıq ideyaları bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi istiqamətində gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma vətənə - müstəqil Azərbaycana bağlılıqlarının artmasına səbəb olub. Bu gün Azərbaycanın iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi olması dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırıb, onların müstəqil dövlətimizin ilhamlı və xoşbəxt gələcəyinə inamının, özünüdərk hissinin güclənməsinə, ümummilli maraqlar ətrafında sıx birləşməsinə zəmin yaradıb. Müstəqil Azərbaycanın əldə etdiyi uğurlar onların milli şüurunu gündən-günə möhkəmləndirir. Odur ki, müxtəlif ölkələrdəki Azərbaycan diaspor təşkilatları soydaşlarımızın təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinin məqsədyönlü xarakter alması naminə daha faydalı iş aparır, ölkəmizi daha yaxından tanıtdırmaq üçün müvafiq tədbirlər həyata keçirirlər. Prezident İlham Əliyevin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbriklər, müraciətlər Ümummilli Liderimizin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin dövlət səviyyəsində uğurla həyata keçirildiyini nümayiş etdirir”.

Əsası böyük Heydər Əliyev tərəfindən məhz Naxçıvan Muxtar Respublikasında qoyulmuş bu xalq bayramının hər il ulu diyarda təntənə ilə qeyd olunmasından, silsilə tədbirlərdən bəhs edən Bəxtiyar Əsgərov bildirib: “Ali Məclisin Sədri Vasif Talıbov Naxçıvanda ümummilli lider Heydər Əliyevin siyasi kursuna münasibətdə sözlə əməlin, dərin sədaqətlə konkret işin vəhdətini yaradıb. Bu gün Naxçıvanda həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində inkişaf və tərəqqi üçün mühüm amil olan ictimai-siyasi sabitlik təmin edilib, bütün fəaliyyət sahələrində yeniləşməyə yol açan səmərəli iqtisadi siyasət kursu götürülüb. Muxtar respublikanın şəhər və rayonlarında real canlanma yaranıb, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılıb, minlərlə yeni iş yerləri açılıb. Şübhəsiz ki, həyata keçirilən bu tədbirlərin insan amilinə yönəldilməsi nəticəsində muxtar respublika əhalisinin yaşayışında və həyat tərzində əsaslı dəyişikliklər baş verib. Özünün hərtərəfli inkişaf dövrünü yaşayan Naxçıvanın beş minillik tarixində ilk dəfədir ki, onun hətta ən ucqar dağ kəndləri də müasir şəhər görkəmi alıb, rahat yaşayış məskəninə çevrilib. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirərək, bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər etməkdədirlər”.

Tədbir çıxışlarla davam edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla