Valyuta məzənnəsi
Xəbər lentİ

Prezident İlham Əliyevin yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş MÜSAHİBƏSİ

10:34, 24.12.19
azerbaycan, siyaset
Prezident İlham Əliyevin yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş MÜSAHİBƏSİ

Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki, belə bir şərait yaratmısınız və müsahibə ilə bağlı müraciətimizə müsbət cavab vermisiniz. Əlbəttə, bu, bizim üçün imkandır və biz müxtəlif sahələrlə bağlı suallar hazırlamışıq. Amma mən istərdim ki, 2019-cu il ərzində beynəlxalq münasibətlər sistemində regional və qlobal miqyasda Azərbaycanın atdığı addımlar və əldə etdiyimiz diplomatik nəticələrlə bağlı Sizin fikirlərinizi eşidək. Ümumiyyətlə, 2019-cu il bu baxımdan bizim üçün nə ilə yadda qaldı?

- 2019-cu il sona yaxınlaşır və əlbəttə ki, il ərzində görülmüş işlər, ölkəmizdə və regionda baş vermiş hadisələr çox ciddi təhlil tələb edir. Bir şeyi tam dəqiqliklə deyə bilərəm ki, ölkəmiz üçün bu il uğurlu olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr həyatda öz əksini tapıb. Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun.

O ki qaldı, xarici siyasətlə bağlı olan məsələlərə, hesab edirəm ki, bu sahədə də böyük uğurlar əldə edilib. Bizim ənənəvi tərəfdaşlarla əlaqələrimiz daha da yüksək pilləyə qalxıbdır, qonşu ölkələrlə bir çox birgə təşəbbüslər irəli sürülüb, bir çox önəmli razılaşmalar əldə edilib. Deyə bilərəm, - mən dəfələrlə bu mövzu ilə bağlı fikirlərimi bildirmişəm,- qonşu ölkələrlə münasibətlər hesab edirəm ki, bütövlükdə hər bir ölkə üçün xüsusi məna daşıyır, o cümlədən Azərbaycan üçün. Mən çox məmnunam ki, son illər ərzində qonşu ölkələrlə bizim əlaqələrimiz inkişaf edir. Bu əlaqələr qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmama prinsipləri əsasında qurulubdur. Mənim qonşu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olub və hər bir görüş məhsuldar olub. Ona görə hesab edirəm ki, bu istiqamətdə atılmış addımlar və tərəfdaşlarımızın addımları bu əlaqələri gücləndirib, eyni zamanda, regional əməkdaşlığa da müsbət təsir göstərib. Artıq Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə bizim üçtərəfli əməkdaşlıq formatımız var. Bu format həm məna, həm də ki, əldə edilmiş nailiyyətlər baxımından çox müsbət formatdır. Eyni zamanda, bizim başqa ölkələrlə ikitərəfli əlaqələrimiz inkişaf edibdir. Deyə bilərəm ki, bu il Azərbaycana 40-dan çox dövlət və hökumət başçısı səfər edib, həm beynəlxalq tədbirlərdə iştirak etmək üçün, həm də ki, ikitərəfli formatda. Bu baxımdan bu il rekord il olmuşdur.

Bu il ölkəmizdə önəmli beynəlxalq tədbirlər keçirilib. Onların arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünü qeyd etmək olar. Bildiyiniz kimi, Azərbaycan bu təşkilatda çox fəal rol oynayır və təşkilata sədrlik Azərbaycana keçibdir. Biz bu təşkilata bir il ərzində sədrlik edəcəyik. Eyni zamanda, Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanda keçirilibdir. Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisata 120 ölkənin yekdil qərarı ilə 3 il ərzində sədrlik edəcəkdir. Qeyd etdiyim kimi, bizim sədrliyimiz yekdil qərarla qəbul olunub. Bunun çox böyük mənası var. Çünki Qoşulmama Hərəkatında birləşən ölkələrin arasında bəzi ixtilaflar var, qarşıdurma da var, anlaşılmazlıq da var. Bəzi ölkələr bir-biri ilə, sadə dildə desək, yola getmirlər. Belə olan halda, bütün dövlətlər tərəfindən bizə göstərilən dəstək əlbəttə ki, bizim siyasətimizi əks etdirir, onu göstərir ki, Azərbaycana çox böyük hörmət və böyük rəğbət var. Biz üç il ərzində bu təsisata sədrlik edəcəyik və bu sədrlik formal xarakter daşımayacaq. Biz istəyirik ki, bu təsisatın dünyadakı rolunu artıraq. Azərbaycan sədrliyi dövründə bir neçə önəmli təşəbbüslə çıxış edəcəkdir. Bu təşəbbüslərin əsas mahiyyəti ondan ibarətdir ki, dünyada beynəlxalq əməkdaşlıq yeni pilləyə qalxsın və ölkələr arasında, o cümlədən sivilizasiyalararası məsələlər sağlam təməl üzərində öz həllini tapsın. Bizim bu sahədə çox böyük təcrübəmiz vardır.

Eyni zamanda, hesab edirəm ki, bu il Avropa İttifaqı ilə bizim əlaqələrimiz uğurla inkişaf edib. İl ərzində bir neçə önəmli tədbir keçirilib, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti cənab Tuskun iyul ayında Azərbaycana səfəri xüsusi məna daşıyır. Avropa İttifaqı ilə bizim əlaqələrimiz bu il müsbət istiqamətdə inkişaf edibdir. Onu da bildirməliyəm ki, keçən il Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri adlı sənəd paraflanmışdır. Bu sənəddə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına Avropa İttifaqı tərəfindən dəstək ifadə edilmişdir. Eyni zamanda, Qoşulmama Hərəkatının Yekun Bəyannaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həll olunması ilə bağlı açıq ifadələr öz əksini tapıbdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının da Yekun Bəyannaməsində buna oxşar bənd öz əksini tapıbdır. Beləliklə, Qoşulmama Hərəkatında birləşən 120 ölkə, Avropa İttifaqına üzv olan 28 ölkə, eyni zamanda, türkdilli ölkələr, hansılar ki, Qoşulmama Hərəkatına üzv deyil, beynəlxalq aləmin mütləq əksəriyyəti bizi dəstəkləyir, bizə inanır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini bizim mövqeyimizi dəstəkləyərək ərazi bütövlüyü çərçivəsində görür. Hesab edirəm ki, bu, xarici siyasət istiqamətində yaddaqalan əsas məsələlərdir. Əlbəttə ki, bizim xarici siyasətimiz çox çevikdir, çox düşünülmüşdür. Hesab edirəm ki, xarici siyasətlə bağlı bütün başqa məsələlər və nəticələr yüksək qiymətə layiqdir.

- Cənab Prezident, Siz Avropa İttifaqı ilə əlaqələrə toxundunuz. Yeri gəlmişkən, bilmək istərdik, Avropa İttifaqı ilə yeni sazişlə əlaqədar aparılan danışıqlar hansı mərhələdədir? Ümumilikdə bu məsələ ilə bağlı Sizin fikrinizi bilmək maraqlıdır.

- Deyə bilərəm ki, bir neçə ildir yeni saziş üzərində iş aparılır. Bizim əvvəlki saziş uzun illər bundan əvvəl imzalanmışdır və yeni sazişə əlbəttə ki, ehtiyac var. Biz hesab edirik və təklif etmişik ki, bu saziş hər iki tərəfin maraqlarını təmin etməlidir, əks halda, sazişə ehtiyac qalmayacaq. Biz, eyni zamanda, Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda uğurla əməkdaşlıq aparırıq və 28 ölkədən 9–u ilə bizim strateji tərəfdaşlıq haqqında sənədlər ya imzalanıbdır, ya da qəbul edilibdir. Yəni, hesab edirəm ki, Avropa İttifaqı ilə imzalanacaq sazişin təməli bax, bu 9 sənəddə təsbit edilib. Hesab edirəm ki, gələcək sazişdə həm strateji əhəmiyyət daşıyan məsələlər, həm də Azərbaycanı maraqlandıran, bizim maraqlarımıza xidmət edən məsələlər öz əksini tapmalıdır. Saziş bərabərhüquqlu tərəflər arasında imzalanmalıdır, saziş bütün bərabərhüquqlu əməkdaşlığa zidd olan məqamlardan azad olmalıdır. Bu təqdirdə, əlbəttə ki, sazişin imzalanması mümkün olacaqdır. Deyə bilərəm ki, sazişin bəndlərinin mütləq əksəriyyəti razılaşdırılıb, məsələlərin təqribən 90 faizi razılaşma əsasında öz həllini tapıb. Hesab edirəm ki, qalan məsələlər xoşniyyətli ab-hava çərçivəsində öz həllini tapmalıdır. Bilirsiniz, sazişlə bağlı bəzi hallarda mətbuatda həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. O cümlədən bir fikir ondan ibarətdir ki, Avropa İttifaqı bu sazişi bizimlə ona görə imzalamır ki, biz Avropa İttifaqına uyğun olan hansısa meyarlara cavab vermirik. Bu, tamamilə əsassız bir fərziyyədir, belə məsələ gündəlikdə yoxdur. Onu da açıq bildirməliyəm ki, sazişin bu günə qədər imzalanmamasının səbəbkarı da bizik. Nəyə görə? Bunu da mən izah edəcəyəm. Çünki hesab edirəm ki, cəmiyyətdə bu məsələ ilə bağlı tam dəqiq məlumat olmalıdır. Sazişin bir neçə məsələsi hələ ki, müzakirə mövzusudur. Biz təklif olunan məsələlərə öz razılığımızı verməmişik və bunun səbəbi var. Onlardan biri ticarətlə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Əgər biz indi Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləliklə, yerli istehsala böyük ziyan vurulacaq. Onu da bildirməliyəm ki, hazırda Dünya Ticarət Təşkilatı çərçivəsində də böhran yaşanır. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları bu təşkilatda öz üzvlüyünə yenidən baxır. Demək olar ki, bəzi ölkələr arasında - təşkilata üzv olan ölkələr və müttəfiq ölkələr arasında ticarət müharibələri baş alıb gedir və genişlənir. Belə olan halda, əlbəttə ki, bu məsələyə bizim ehtiyatlı yanaşmağımız çox məntiqlidir və əsaslıdır. Ona görə imzalanacaq sazişdə ticarətlə bağlı məsələlər bizi qane etmir və biz qarşı tərəfə öz fikirlərimizi bildirmişik. Ümid edirik ki, onlar buna anlayışla münasibət göstərəcəklər.

Digər vacib məsələ energetika sektoru ilə bağlıdır. Burada da baxmayaraq ki, Avropa İttifaqı ilə enerji sahəsində bizim əməkdaşlığımız uğurludur və birgə layihələr icra edilir, ancaq sazişdə təklif olunan məsələlərin biri də, - mən istəyirəm ictimaiyyət onu da bilsin, - enerji daşıyıcılarının qiymətləri ilə bağlıdır. Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Reallıqda bu nə deməkdir, bunu anlamaq o qədər də çətin deyil. Hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır. İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda, ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni, istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda, biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Belə olan halda, Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil. Ya da ki, biz böyük çətinliklə və böyük səylər göstərərək, böyük investisiyalar qoyaraq Cənub Qaz Dəhlizini demək olar ki, başa çatdıraraq xarici bazarlara öz qazımızı 58 dollara çatdırmalıyıq. Bu, qətiyyən qəbuledilməzdir və təəccüb edirəm ki, nə üçün bizim tərəfdaşlarımız, bu sadə məntiqlə, bu hesablamalarla razılaşa bilmirlər. Ona görə bu iki əsas məsələ razılaşdırılmamış qalır və bizim mövqeyimiz birmənalıdır. Bu saziş bizim maraqlarımıza uyğun olmalıdır. Prinsip etibarilə mən avropalı tərəfdaşlarıma sual vermişəm ki, “Siz mənə cavab verin, nə üçün biz bu sazişi imzalamalıyıq?”. Biz indi bu sazişsiz də yaşayırıq, yaxşı da inkişaf edirik, heç kimdən heç nə gözləmirik, heç bir imtiyaz üçün müraciət etməmişik. Biz sazişi ona görə imzalamaq istəyirik ki, bu saziş əlaqələrimizi yeni mərhələyə çıxarsın və maraqlarımız təmin edilsin. Əks təqdirdə, əlbəttə ki, bu saziş imzalanmayacaq.

- Cənab Prezident, mən “Şərq tərəfdaşlığı” məsələsi ilə bağlı sual vermək istərdim. Postsovet ölkələrindən bir neçəsi “Şərq tərəfdaşlığı” proqramında iştirak edir. Onlardan bəziləri Avropa İttifaqı ilə müvafiq sazişlər imzalayıblar. Bundan öncə Siz qeyd etdiniz ki, Azərbaycanla bu təşkilat arasında tərəfdaşlıq prioritetləri barəsində sənəd paraflanıb. Siz “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın perspektivləri barədə nə deyə bilərdiniz?

- Bilirsiniz, biz “Şərq tərəfdaşlığı” proqramına başqa ölkələrlə birlikdə qoşulduq. O vaxt bu proqramın nədən ibarət olacağı haqqında bizim təsəvvürümüz yox idi. Deyə bilərəm ki, son 10 il ərzində Avropa İttifaqı daxilində bir çox proseslər cərəyan edib. Hazırda təbii ki, Avropa İttifaqının gələcək fəaliyyəti, genişlənmə proqramı ilə bağlı fərqli fikirlər üstünlük təşkil edir. Yəni, 10 il bundan əvvəlki vəziyyət indiki vəziyyətlə ziddiyyət təşkil edir. Bu, birincisi.

İkincisi, “Şərq tərəfdaşlığı”na üzv olan ölkələri bir amil birləşdirir. O da ondan ibarətdir ki, bu ölkələr postsovet respublikalarıdır. Mən başqa birləşdirici amil görmürəm. Çünki ölkələrin həm xarici siyasəti fərqlidir, daxili vəziyyətdə böyük fərqlər var, təbii ki, iqtisadi inkişaf fərqlidir. Ona görə bu ölkələri bir proqramda birləşdirmək hesab edirəm ki, o vaxt üçün bəlkə də məqbul variant idi. Ancaq bu gün bu, belə deyil və bu ölkələrin bir neçəsi - daha doğrusu 3 ölkə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb. Bir ölkə genişlənmiş əməkdaşlıq müqaviləsi bağlayıb. Azərbaycan isə assosiasiya sazişini bağlamayıb və hazırda ikitərəfli saziş üzərində iş aparılır. Mən artıq bu barədə öz fikirlərimi bildirdim. Ona görə bu proqramın gələcəyi haqqında bir şey demək çətindir. Bu proqram bizə təqdim olunanda biz bəri başdan öz fikrimizi bildirmişik ki, ikitərəfli formata üstünlük veririk. Azərbaycan Avropa İttifaqından hər hansı bir imtiyaz gözləmir və proqramda iştirak edən bəzi ölkələrdən fərqli olaraq biz özümüzü təmin edən ölkəyik, biz artıq Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında sırf donor ölkəyə çevrilmişik. Yəni, biz artıq borc verən ölkəyik. O ki qaldı, Qərb texnologiyalarına, biz Qərb texnologiyalarını alırıq, heç kim bizə bunu müftə vermir. Ona görə proqramda bizim mövcudluğumuz qalır, ancaq, sözün düzü, biz buna o qədər də böyük əhəmiyyət vermirik. Çünki bu proqramın çox dəqiq məramı və məqsədi bizim üçün aydın deyil. Əgər bu, Avropa inteqrasiyasıdırsa, artıq hər kəsə bəllidir ki, postsovet respublikaları üçün bu məqsəd əlçatmazdır. Əgər hansısa başqa bir ölkələr arasındakı əməkdaşlıqdan söhbət gedirsə, bu ölkələrin bəziləri ilə bizim sıx əlaqələrimiz var, bəzi ölkələrlə ümumiyyətlə əlaqələrimiz çox aşağı səviyyədədir, Ermənistanla isə müharibə şəraitindəyik. Ona görə bu proqramda bu ölkələri birləşdirmək və hansısa bir istiqamətə yönləndirmək cəhdləri hesab edirəm ki, bu proqramı təsis edənlər tərəfindən icra olunmadı. Ona görə biz proqramdan çıxmırıq, ancaq proqramda da fəal iştirak etmək fikrində deyilik.

- Cənab Prezident, istərdik bir məqama da toxunaq. Ümumiyyətlə, düşünürük ki, ilin ən yaddaqalan hadisələrindən biri Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə keçirilən mərasimdə Sizin çıxışınız idi. Həmin çıxış ölkə ictimaiyyəti tərəfindən çox böyük rəğbətlə qarşılandı. Siz faktiki olaraq, professor, müəllim və tələbə heyəti qarşısında Azərbaycanın bugünkü uğurlarını şərtləndirən əsas amillərə, strateji vəzifələrə toxundunuz və bir fikriniz xüsusilə ictimaiyyət tərəfindən geniş müzakirə olundu. Bu, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı məsələ idi. Siz birmənalı şəkildə bildirdiniz ki, Azərbaycan heç yerə inteqrasiya etmək fikrində deyil, bizim öz milli-mənəvi dəyərlərimiz, milli prinsiplərimiz var. Ümumiyyətlə, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı ortaya qoyduğunuz bu konkret mövqeni şərtləndirən əsas səbəblər, əsas qaynaqlar nədən ibarətdir?

-Bilirsiniz, Avrointeqrasiya haqqında artıq bəzi dairələrdə çox danışılır. Ancaq əsas məsələ ondadır ki, Avrointeqrasiya deyəndə nəyi nəzərdə tuturlar. Mən hesab edirəm ki, biz artıq Avrointeqrasiya istiqamətində öz addımlarımızı atmışıq və gələcək addımlara həm ehtiyac yoxdur, həm də o addımlar nəticəsiz olacaq. Misal üçün biz ATƏT-in üzvüyük. ATƏT Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır. Biz 2001-ci ildən Avropa Şurasına üzv olmuşuq və artıq 20 ilə yaxındır ki, bu təşkilatda fəaliyyət göstəririk. Bu, Avrointeqrasiyanın bir növüdür. Eyni zamanda, Azərbaycan Avronest Parlament Assambleyasında da təmsil olunur. Belə olan halda, hesab edirəm ki, bu istiqamətdə mümkün olan addımlar atılıbdır və həm gələcək addımların atılmasına ehtiyac yoxdur, həm də bunun nəticəsi olmayacaq. Çünki əgər biz Avrointeqrasiya deyəndə Avropa İttifaqına üzvlük haqqında danışırıqsa, bu, tamamilə qeyri-mümkündür. Bunu həm tarix göstərir, həm Avropa məkanında gedən proseslər göstərir, həm də onu Brexit göstərir. İndi əksinə, necə deyərlər, Avropada mərkəzdənqaçma tendensiyaları göz önündədir. Eyni zamanda, Avropa İttifaqının genişləndirilməsi ilə bağlı Avropanın aparıcı ölkələrinin rəhbərlərinin çıxışlarına fikir vermək kifayətdir görək ki, artıq genişlənmə ilə bağlı heç bir perspektiv yoxdur. Hətta namizəd olan ölkələr - Balkan ölkələri, hesab edirəm ki, onlar da indi bir qədər çətin vəziyyətdədir. Çünki vaxtilə onlara vəd verilmişdi ki, siz bu məsələləri həll etməklə Avropa İttifaqına üzv ola bilərsiniz və onlar da bu addımları atıblar. Bəziləri çox ağrılı addımlar atmalı oldular. Mən indi o ölkələrin adlarını çəkmək istəmirəm, amma biz hamımız bilirik söhbət nədən gedir. Bəziləri üçün bu addımlar çox baha başa gəldi, bu, ölkələrdə daxili qarşıdurmaya, böyük etirazlara gətirib çıxardı. O ölkələrin cəmiyyətləri parçalandı. Nəyə görə onlar bu addımı atdılar? Onlara söz verildi ki, sizin gələcəyiniz var, siz bunu, bunu, bunu etsəniz biz sizi qəbul edəcəyik. Amma indi Avropanın aparıcı ölkələrinin liderləri deyirlər ki, artıq heç kimi qəbul etməyəcəyik. Hesab edirəm ki, hətta uzunmüddətli perspektivdə Avropa ölkələri üçün belə imkan yoxdur.

Digər misal bizim qardaş Türkiyə ilə bağlıdır. Görün nə vaxtdan Türkiyə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb? Bəlkə də onilliklər bundan əvvəl. Amma ondan sonrakı addımlar nəticə veribmi? Əlbəttə ki, yox və bu da böyük ədalətsizlikdir. 2000-ci ildən başlayaraq Avropa İttifaqına keçmiş sosialist bloka aid bir çox ölkələr daxil oldu. İndi onlar Türkiyədən dahamı inkişaf etmiş ölkələrdir? Yox. Dahamı Avropa İttifaqına üzv olmaq üçün hazırlıqlıdırlar? Yox. Nə üçün onları qəbul ediblər, Türkiyəni qəbul etməyiblər? Sual aydındır, ritorikdir. Bir amilə görə, o da ondan ibarətdir ki, Türkiyə müsəlman ölkəsidir. Artıq bunu açıq deyirlər. Əvvəllər bu əsas tezisi pərdələmək üçün bəzi başqa fikirlər, müxtəlif bəhanələr gətirilirdi ki, bu ölkə hazır deyil və yaxud da hansısa proseslər baş verib. Ancaq indi bunu gizlətmirlər və müsəlman ölkəsi olduğu üçün Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Belə olan halda, Azərbaycanı qəbul edəcəklərmi? Əlbəttə ki, yox. Əgər belədirsə, onda biz öz işimizi bəri başdan elə tutmalıyıq ki, reallaşdırıla bilməyən vədləri verməyək və lazım olmayan addımları da atmayaq. Bu, birincisi.

İkincisi, lap tutaq ki, sabah bizə dedilər, bax, Azərbaycan belə ölkədir ki, biz Azərbaycanı filan tarixdə qəbul edəcəyik. Bu, bizə lazımdırmı? Avropada gedən proseslərə hər bir vətəndaş nəzər yetirəndə görür ki, hansı hadisələr baş verir, o cümlədən dini zəmində, milli-mənəvi dəyərlər zəminində. Bu proseslər bizə uyğundurmu? Əlbəttə ki, yox və bunu açıq deməliyik. Ona görə bəzi hallarda Avropa İttifaqının bayraqları ilə küçələrə çıxmaq istəyən dırnaqarası müxalifət nümayəndələri bilməlidirlər ki, onlar nə istəyirlər? İstəyirlər ki, Azərbaycanın taleyi Brüsseldəmi həll olunsun? İstəyirlər ki, bizim əsrlərboyu qoruduğumuz dəyərlər məhv olsun? Biz bu dəyərləri əsrlərboyu qorumuşuq, hətta müstəqil olmayan dövrdə. Başqa ölkələrin, imperiyaların tərkib hissəsi olan dövrdə dilimizi də, dinimizi də, dəyərlərimizi də, ənənələrimizi də, həyat tərzimizi də qorumuşuq. İndi belə olan halda müstəqillik dövründə biz özümüz öz taleyimizi kiməsə əmanət edə bilərik? Qətiyyən yox və qətiyyən biz buna gedə bilmərik. Bizim öz tariximiz, öz mədəniyyətimiz, öz dəyərlərimiz var. Ona görə onlar bizə təklif versə belə, buna qətiyyən getmək olmaz.

İndi Avropada miqrantlarla bağlı vəziyyət göz önündədir. Bunu bəziləri demək istəmir, amma mən hesab edirəm ki, biz deməliyik. Niyə biz bu həqiqəti deməməliyik, niyə bunun üstündən keçməliyik? “Stop İslam”, “İslam miqrantlara yox” şüarları ilə artıq siyasi qüvvələr hakimiyyətə gəlir. Populist vədlər indi islamofob prinsiplər əsasında qurulur. Ona görə daha çox səs toplamaq istəyən siyasi qüvvə mütləq bu mövzunu istismar edir. Belə olan halda, müsəlman ölkəsi Azərbaycan hansı formada orada təmsil oluna bilər? İkinci dərəcəli ölkə kimi? Yaxud da ki, hansısa bir imtiyaz diləyən ölkə kimi? Qətiyyən yox! Biz qürurlu ölkəyik, biz öz yolumuzla gedirik, heç kimə də bizim ehtiyacımız yoxdur, heç kimdən də asılı deyilik!

Ona görə Bakı Dövlət Universitetində Avropa inteqrasiyası ilə bağlı dediyim fikirləri bu gün mən daha geniş formada ictimaiyyətə çatdırıram, hesab edirəm ki, yeganə düzgün yoldur. Biz indi Avropa qurumlarının bəzilərinin üzvüyük, mən bunu qeyd etdim. Avropa İttifaqı ilə əməkdaşlıq zəminində əlaqələr qururuq və gələcəkdə də həm ikitərəfli formatda, həm Avropa İttifaqı ilə bu əsaslar üzərində öz işimizi qurmalıyıq.

-Cənab Prezident, mənim növbəti sualım xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaq. Münaqişənin həlli ilə bağlı danışıqlar prosesi nə yerdədir?

-Bilirsiniz, deyə bilərəm ki, 2019-cu il danışıqlar prosesi üçün itirilmiş il olubdur. Bunun da yeganə səbəbi odur ki, Ermənistan rəhbərliyi bu danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyir və beynəlxalq vasitəçilər işğalçı ölkəyə lazımi təsir və təzyiq göstərmirlər. Məhz buna görə 2019-cu ildə, deyə bilərəm ki, danışıqlar trekində hər hansı bir ciddi irəliləyiş əldə olunmayıb.

Eyni zamanda, Ermənistan rəhbərliyinin ziddiyyətli və bir-birini təkzib edən bəyanatları da əlbəttə ki, həm təəccüb, həm də təəssüf doğurur. Biz hamımız yaxşı xatırlayırıq ki, Ermənistanın yeni rəhbərliyi ilkin mərhələdə ortalığa belə bir məsələ atmışdı ki, Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır, Dağlıq Qarabağ “müstəqil dövlətdir” və Ermənistan bu dırnaqarası müstəqil dövlətin işlərinə qarışa bilmir. Bunların hamısı cəfəng fikirlərdir. Çünki bu gün Dağlıq Qarabağda yerləşən hərbi birləşmənin 90 faizi Ermənistan vətəndaşlarından təşkil edilir. Hər il Ermənistan büdcəsindən Dağlıq Qarabağ büdcəsinə böyük vəsait transfert edilir. Ona görə buna müstəqil dövlət demək tam yalandır. Sadəcə olaraq, danışıqları uzatmaq, yaxud da ki, öz məsuliyyətini boynundan atmaq üçün belə ifadələr işlədilir.

Biz qətiyyən bu ifadələrlə razı ola bilmərik. Öz fikirlərimizi bildirmişik və eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri də oxşar bəyanatlar vermişlər. Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Bu il önəmli hadisələrdən biri də odur ki, danışıqlar formatı dəyişməz olaraq qaldı. Hesab edirəm ki, bu, bizim diplomatik nailiyyətimizdir. Yəni, Ermənistan rəhbərliyinin cəhdləri və təklifləri qəbul edilmədi. Bunu təsdiqləyən həm də o amildir ki, mənim Ermənistanın baş naziri ilə görüşlərim olubdur. Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri görüşürlər, danışıqlar aparırlar. Sonuncu görüş bu ayın əvvəlində olmuşdur.

Digər tərəfdən, Azərbaycan dırnaqarası Dağlıq Qarabağ respublikası ilə danışıqlar aparmalıdır fikri baş tutmayandan sonra növbəti bir cəfəng tezis ortalığa atıldı, bunu indi hər kəs eşidib, - Ermənistanın baş naziri dedi ki, Qarabağ Ermənistandır və nöqtə. Yəni, bu, əvvəlki tezisi tam təkzib edir və bu, növbəti yalandır. Çünki Qarabağ nə müstəqil ölkədir, - bunu heç kim tanımır, heç bir ölkə tanımır, - və bayaq qeyd etdiyim məsələlər - böyük beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar və yekun bəyannamələr onu göstərir ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və Qarabağ Ermənistan deyil və bunu sübut etmək üçün heç səy göstərmək də lazım deyil.

Ona görə birinci dəfə də, ikinci dəfə də yalan söylənildi. Amma həqiqət ondan ibarətdir ki, - mən bunu canlı efirdə demişəm, - Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bizim danışıqlar prosesində mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Tarixi həqiqət bizim tərəfimizdədir. Biz bunu dünyaya sübut edə bilmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, yaradıb. Biz hamımız yaxşı bilirik və bu gün dünya ictimaiyyəti də bizim apardığımız siyasət nəticəsində bilir ki, ermənilər Cənubi Qafqazda gəlmə millətdir, onlar çar Rusiyası tərəfindən XIX əsrdə Rusiya-İran müharibəsindən sonra bizim bölgəmizə köçürülüblər. Qafqaz Rusiya imperiyasının tərkib hissəsi olandan sonra bizim bölgədə xristian əhalinin sayını çoxaltmaq üçün Şərqi Anadoludan və İrandan kütləvi surətdə ermənilər Dağlıq Qarabağa köçürülmüşlər. Bunu təsdiqləyən çoxsaylı tarixi sənədlər, faktlar var. Bu, o qədər də uzaq tarix deyil. Yəni, ermənilər bizim tarixi torpaqlarımıza köçürülmüşlər, ona görə ki, burada xristian əhali çoxalmalı idi. Ona görə bu, bizim tarixi torpağımızdır və bunu indi bütün dünya bilir. Bu, birincisi.

İkincisi, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz müstəqil ölkə kimi BMT-yə daxil olanda artıq Azərbaycanın ərazi bütövlüyü qəbul edilib, dəstəklənib və təsdiq edilib. Ona görə həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

O ki qaldı, xalqların öz müqəddəratını təyinetmə prinsipinə, - Ermənistan həmişə buna istinad edir, - bu prinsip artıq bu münaqişə ilə bağlı işləmir. Çünki erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var, hansı ki, qədim Azərbaycan torpaqlarında yerləşir və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik.

Ona görə bizim prinsipial mövqeyimiz bundan ibarətdir ki, ərazi bütövlüyü prinsipi üstünlük təşkil etməlidir, bizim ərazimiz bərpa edilməlidir və münaqişə yalnız bu prinsiplər əsasında öz həllini tapmalıdır. Bundan əlavə, beynəlxalq təşkilatların qərar və qətnamələri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının oxşar qərar və qətnamələri var. Qeyd etdiyim kimi, keçən il Avropa İttifaqı bizimlə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyən sənəd imzalayıbdır.

-Cənab Prezident, elə mövzunun davamı olaraq bir mühüm məqama da toxunmaq istərdik. Siz müxtəlif beynəlxalq tribunalardan, önəmli tədbirlərdən Ermənistanın işğalçılıq mahiyyətini, terrorçu dövlət olduğunu və eləcə də terrorçu Njdenin əsl simasını konkret faktlarla, özü də əcnəbi mənbələrdən gətirdiyiniz sitatlarla ifşa etdiniz. Belə halı biz, eyni zamanda, bu il MDB Dövlət Başçılarının Aşqabadda keçirilən Zirvə Görüşündə izlədik. Siz bu faktları həmin tədbirdə iştirak edən liderlərin və dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırdınız. Paşinyan o faktların qarşısında nə dərəcədə məzlum və aciz göründü, biz bunun şahidi olduq. Ona görə biz Sizə minnətdarıq. Amma əfsuslar olsun ki, bu gün də Ermənistanın işğalçılıq siyasətini və terrorçu mahiyyətini dəstəkləyən Paşinyan kimi bəzi adamlar var. Sizcə nəyə görə?

- Bilirsiniz, bu məsələ ilə bağlı Azərbaycan ictimaiyyəti məsələni bir müddət öncə qaldırmışdı və Azərbaycanın ictimaiyyəti, o cümlədən veteranlar MDB dövlət başçılarının ünvanına Ermənistanda faşist Njdeyə abidənin ucaldılması ilə bağlı məktublar göndərmişdilər. Eyni zamanda, MDB ölkələrinin parlamentlərinə də oxşar məktublar getmişdi ki, bu gün MDB məkanında İkinci Dünya müharibəsi ilə bağlı prinsip etibarilə yekdil fikir var. Rəsmi bəyanatlarda müharibənin tarixi nəticələri və Sovet İttifaqının Qələbənin əldə edilməsində əsas rolu haqqında fikir ayrılığı yoxdur. Eyni zamanda, faşistlərin qəhrəmanlaşdırılması ilə bağlı fikirlər də üst-üstə düşür. Belə olan halda, necə ola bilər ki, İrəvanda, şəhərin mərkəzində faşist cəlladı Njdeyə altı metrlik abidə ucaldılır və bu abidənin açılışında Ermənistanın prezidenti və bütün rəhbərlik iştirak edir. Bu, nə deməkdir?!

Ona görə bu məsələ bizim gündəliyimizdə yeni deyil. Sadəcə olaraq, MDB Zirvə Görüşünün gündəliyindəki məsələlərdən biri də Qələbənin 75 illiyinə hazırlıq idi. Mən bu məsələni açıq və arqumentlərlə dilə gətirdim, tarixi sənədlərə istinad etməklə Njdenin faşist və cəllad sifətini ifşa etdim. Njdenin cinayətləri təkcə İkinci Dünya müharibəsi illərində törətdiyi cinayətlərlə məhdudlaşmır. O, dinc Azərbaycan əhalisinə qarşı qəddarlıq, soyqırımı törətmişdir, minlərlə günahsız azərbaycanlını qətlə yetirmişdir. Bütün bunlar tarixi faktlardır.

Əgər yadınızdadırsa, mən o çıxışda bildirdim ki, bunu Ermənistanın əvvəlki rəhbərliyi edib. Yəni, mən baş nazir Paşinyana bir növ imkan verdim ki, o, bu çirkin əməli öz boynuna almasın. Çünki onun bu abidənin ucaldılmasında iştirakı olmayıb. Ancaq əfsuslar olsun ki, düzgün yanaşma göstərməkdənsə, o, çox qeyri-adekvat bəyanatlarla Njdeyə bəraət qazandırmağa çalışdı. Arqumentlərin biri də o olmuşdur ki, - çünki mən dedim ki, o, “СМЕРШ” tərəfindən həbs olundu, “СМЕРШ” də abreviaturadır, “Смерть Шпионам” – “Casuslara ölüm”, - və 25 il müddətə məhkum edildi, öz həyatını Vladimir həbsxanasında bitirdi. Onun da arqumenti o oldu ki, Soljenitsın da sovet rejimi tərəfindən həbs olunmuşdur. Mən ondan sonra bir daha söz alıb dedim ki, cəlladı, faşisti Soljenitsın ilə eyniləşdirmək olmaz. Bu, qətiyyən qəbuledilməzdir.

Mən gözləyirdim ki, bundan sonra artıq sakit bir şəraitdə öz müşavirlərinin köməyi ilə Ermənistan bir çıxış yolu axtaracaq, hər hansı bir məqbul formada bunu təkzib edəcək. Amma biz bunun tam əksini gördük. Rusiyadan gəlmiş jurnalistlərlə görüşdə o, daha da uzağa getdi və dedi ki, nə olsun ki, Njde Hitlerlə görüşüb. Molotov da Hitlerlə görüşüb. Bilirsiniz, bunu şərh etmək üçün söz tapmıram. Çünki bu, o dərəcədə aşağı səviyyəli fərziyyədir ki, bunu şərh etmək mümkün deyil. Molotov Sovet İttifaqının Xarici İşlər naziri idi. Molotov-Ribbentrop paktı 1939-cu ildə bağlanmışdı, ona görə ki, Sovet İttifaqı müharibəyə hazır deyildi və müharibənin mümkünlüyünü ertələmək üçün imzalanmışdır. Molotov Njde kimi Hitlerə qulluq etmirdi. Molotov Njde kimi faşist şüarları səsləndirmirdi. Njdenin məşhur şüarı o idi ki, “Almaniya uğrunda ölən Ermənistan uğrunda ölür”. Yəni, o, faşistdir və bunu İkinci Dünya müharibəsi zamanı demişdir. Ona görə əlbəttə ki, Ermənistan rəhbərliyinin belə cəfəng sözləri ciddi qəbul oluna bilməz.

Ancaq buna baxmayaraq, hesab edirəm ki, mənim Aşqabaddakı çıxışım burada həlledici rol oynamışdır, - bu cəllada Rusiyanın Armavir şəhərində qoyulmuş lövhə dağıdıldı, söküldü və məhv edildi. Bunu ermənilər özləri etdilər. Onları Armavir şəhər hakimiyyəti məcbur etdi. Əminəm ki, gün gələcək və ermənilər özləri İrəvanda bu faşistə ucaldılmış bu eybəcər abidəni özləri sökəcəklər.

-Cənab Prezident, istərdim ki, ölkədə iqtisadi sahədə görülən işlərlə bağlı da fikirlərinizi öyrənək. 2019-cu ildə Azərbaycanda iqtisadiyyatın daha da inkişaf etdirilməsi istiqamətində çox mühüm, ciddi addımlar atıldı. İlin iqtisadi yekunları barədə nə deyə bilərsiniz?

-Bəli, bu il iqtisadi sahədə nəticələr yaxşıdır. Bilirsiniz ki, neftin qiymətinin kəskin şəkildə düşməsindən sonra bizim milli valyutamız da devalvasiyaya uğramışdır və iqtisadi fəallıq aşağı düşmüşdü. Əlbəttə, bu, bizim üçün gözlənilməz idi. Təsəvvür edin, əgər sizin əsas gəlir mənbəyinizin dəyəri dörd dəfə ucuzlaşırsa, əlbəttə ki, bunun iqtisadiyyata çox mənfi təsiri ola bilər. Ancaq buna baxmayaraq, biz heç bir sosial layihəni ixtisar etmədik. Bütün sosial öhdəlikləri yerinə yetirdik. İqtisadi sahədə əlbəttə ki, biz çox ciddi addımlar atmağa məcbur olduq. Ancaq hesab edirəm ki, sabitləşmədən sonra ilkin inkişaf təzahürləri özünü keçən il büruzə verdi. Bu il isə artıq inkişaf daha genişmiqyaslıdır və bütün iqtisadi parametrlər bunu göstərir. Ümumi iqtisadi artım 2 faizdən çoxdur və bəlkə də bu, o qədər də böyük rəqəm deyil. Amma bunun da səbəbi ondadır ki, neftin hasilatı bir qədər aşağı düşüb. Bizim ümumi daxili məhsulumuzda neftin həcmi önəmli rol oynayır. Ancaq qeyri-neft iqtisadiyyatımız təqribən 3,5 faiz artıb. Hesab edirəm ki, bu, pis nəticə deyil, daha da artıq olmalıdır və olacaqdır.

Sevindirici hal odur ki, qeyri-neft sənaye sahəsində artım təxminən 14 faizdir. Bu, onu göstərir ki, qeyri-neft sənayesinin inkişafı ilə bağlı bizim planlarımız artıq real rəqəmlərlə ölçülür. Bildiyiniz kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyuldu, böyük islahatlar paketi icra edilir və burada da 7 faizdən çox artım vardır.

Digər iqtisadi göstəricilər də müsbətdir. İnflyasiya 11 ayda təqribən 2,6 faiz olub. Xarici ticarət dövriyyəsi artdı. Qeyri-neft ixracımız təqribən 14-15 faiz artıbdır, baxmayaraq ki, daxili istehlak da artır. Bizim qeyri-neft ixracımızın daha böyük rəqəmlərlə artmamasının səbəbi odur ki, əhali artır, daxili istehlak artır və beləliklə, ixrac üçün təklif olunan malların həcmi o qədər də artmır. Amma buna baxmayaraq, qeyri-neft ixracı 14 faiz artıbdır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla