Valyuta məzənnəsi
Xəbər lentİ
 10:56  Manat BUGÜN

Evimizin damındakı göyərçinlər ölüblər,.. anam da hey dən səpir...

11:48, 27.11.19
azerbaycan, kose
Evimizin damındakı göyərçinlər ölüblər,.. anam da hey dən səpir...

Xeberpress.az şair Şəhriyar Del Geraninin "Küçəmizə" adlı yeni şeirini təqdim edir:

Küçəmizə...

Durub baxırsan ömrə, görürsən ki, o deyil.
Ağlayırsan göz yaşların isladınca yağışı.
Gözünü yumub saydığın bir əlçim divar qalıb,
onu da hey didişdirir durar-tutmaz baxışın.
Evimizin damındakı göyərçinlər ölüblər,
anam da hey dən səpir ey... ölü göyərçinlərə.
O tindəki əncir ki var, altında durmaq olmaz,
hələ də ürpədir məni yuxuma girən cinlər.
Əlində təndir çörəyi uzaqdan atam gəlir,
atam gəlir uzaqdan, əlində təndir çörəyi.
Təndir çörəyi əlində atam gəlir uzaqdan,
uzaqdan atam gəlir - təndir çörəyi əlində.
Və belində gümüş kəmər incə belə dar gələn,
qonşu qızı asta-asta ötüb keçir yanımdan.
Axşam üstü... qaş qaralır... günəş də elə batır
guya bundan sonra heç vaxt çıxmayacaq yadımdan...
Yox e, vallah belə olmur, deyirəm belə olmur,
gözümü yumub saydığım divar həminki deyil.
Ömrümün içində gəzir yuxuma girən cinlər,
amma o tindəki əncir, öldür, həminki deyil!
Ay nə gözəl şeymiş Allah, hamıya unudulmaq,
unudulmaq o ağaca, divara, quşa bir-bir.
Bu payız axşamüstüsü darıxdım, elə darıxdım
hələ belə darıxdığım, inan, yadıma gəlmir.
Di gəl, yenə atam gəlir elə həmin uzaqdan,
əlində təndir çörəyi... məni gördü və güldü.
Axşam üstü... qaş qaralır... günəş də elə batır,
Srağagün o dediyim qonşu qızı da öldü.
Və durub baxdım ömrə, gördüm ki, həmin deyil.
Gözümü yumub saydığım bir əlçim divar qalıb...

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla