Valyuta məzənnəsi
Xəbər lentİ

Bu ilin dövlət büdcəsinə dəyişiklik, əmək pensiyalarının artırılması, yol hərəkəti ilə bağlı yeni qaydalar, pul təminatının artırılması son oxunuşda qəbul olundu

14:45, 12.07.19
azerbaycan, siyaset
Bu ilin dövlət büdcəsinə dəyişiklik, əmək pensiyalarının artırılması, yol hərəkəti ilə bağlı yeni qaydalar, pul təminatının artırılması son oxunuşda qəbul olundu

Milli Məclis bu şəxslərə verilən pul təminatının artırılmasını təsdiq etdi

Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə verilən aylıq pul təminatı artırılır.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılan "Məhkəmələr və hakimlər haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.

Hazırda isə bu məbləğ fərqlidir. Belə ki, hazırkı qanuna əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir.

Təklif edilən dəyişikliyə əsasən, bütün hakimlərə verilən aylıq pul təminatı bərabərləşdirilir, yəni apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə verilən pul təminatı 5 faiz, birinci instansiya məhkəmələrinin hakimlərinə verilən pul təminatı isə 10 faiz artırılır.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiq edilib.


***


Milli Məclis yol hərəkəti ilə bağlı yeni qaydaları son oxunuşda təsdiqlədi

Azərbaycanda yol hərəkətinin səmərəli şəkildə təşkili və yol hərəkəti iştrakçılarının təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi üçün “Üfüqi nişanlanma qrupu”na yeni nişanlanma xətti - “sarı kəsişmə toru” daxil edilir.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Hazırda üfüqi nişanlanma xətlərinə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi zolaqlar daxildir.

Yeni layihədə isə bu zolaqlarla yanaşı, “əlil” tanınma nişanı ilə təchiz edilən nəqliyyat vasitələri üçün ayrılmış duracaq yerini göstərən nişanlanma xətləri və yolun hərəkət hissələrinin kəsişmə yerini göstərən nişanlanma xətləri əlavə edilib.

Hazırkı qanuna görə, yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrininin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və kəsişmə yerlərinə girməsi qadağandır.

Yeni layihəyə görə isə sadalanan hallarda sürücünün qeyd edilən yolayrıcına və 1.25 nişanlanması ilə göstərilmiş, yəni “sarı kəsişmə toru” olan yerlərə daxil olması qadağandır.

Yolayrıcının “sarı kəsişmə toru” ilə işarələnməsi həm sürücülərin bu qaydaya daha ciddi riayət etməsinə, həm də bu sahədə törədilən inzibati xəta hallarının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə, müvafiq cərimələrin tətbiqinə imkan verəcək, yol ayrıcılarında qəzaların baş vermə ehtimalını azaldacaq.

Qeyd edək ki, bu yol nişanlanması hazırda nəqliyyat infrastrukturunun sürətli inkişaf etdiyi Böyük Britaniya, Türkiyə, Kanada, İndoneziya, Sinqapur, Rusiya kimi ölkələrdə, ABŞ-ın bir çox ştatlarında uğurla tətbiq edilir.

Layihədə təklif edilən digər yenilik "Məlumatverici-göstərici nişanlar" qrupuna “Daimi sağa dönmə!” nişanının əlavə edilməsi olub.

Dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


***


Əmək pensiyalarının artırılması Milli Məclisdə son oxunuşda təsdiq edildi

Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir.

Xeberpress.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda həmin məbləğə çatdırılmaqla ödənilir”.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


***


Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər müzakirə edilib.

Ölkədə minimum pensiya məbləğinin və əmək haqlarının artması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 200,0 milyon manat və işsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin icrası nəticəsində yaranmış qalıq vəsaitindən Fondun gəlir və xərclərinin 15,0 milyon manat artırılması zərurəti yaranıb.

Həmin xərclərin qarşılanması üçün 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlərin 350,0 milyon manat məbləğində əlavə daxil olması nəzərdə tutulur.

Bununla əlaqədar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri gözlənilməklə əlavə xərclərin maliyyə təminatı üçün 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin (limitinin) 215,0 milyon manat artırılması və dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir və xərclərinin balanslaşdırılması üçün Fonda ayrılan vəsaitin məbləğinin 150,0 milyon manat azaldılması nəzərdə tutulur.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla