Valyuta məzənnəsi
Xəbər lentİ

Hacı Əliyev “Minsk 2019”da Azərbaycana ikinci qızıl medalı qazandırdı

09:16, 28.06.19
azerbaycan, idman
 Hacı Əliyev “Minsk 2019”da Azərbaycana ikinci qızıl medalı qazandırdı

Hacı Əliyev II Avropa Oyunlarının qızıl medalını qazanıb

Azərbaycan güləşçisi Hacı Əliyev “Minsk 2019”da ölkəmizin aktivinə ikinci qızıl medalı yazdırıb.

Yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən H.Əliyev finalda Gürcüstan təmsilçisi, Olimpiya Oyunlarının qızıl ve gümüş medalçısı, üçqat Avropa çempionu Vladimer Xinçeqaşvili ilə üz-üzə gəlib. Görüşə daha inamlı başlayan güləşçimiz ardıcıl iki dəfə iki xallıq fənd tətbiq edərək üstünlüyü ələ alıb. Oyunda təşəbbüsü əldən verməyən pəhləvanımız güclü rəqibini 10:2 hesabı ilə məğlub edərək Azərbaycanın aktivinə ikinci qızıl medalı yazdırıb.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, ölkəmizin Belarusdakı səfiri Lətif Qəndilov və Azərbaycan nümayəndə heyətinin üzvləri güləşçimizin çıxışını izləyiblər.

Üçqat dünya və üçqat Avropa çempionu, “Rio 2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, “Bakı 2015” birinci Avropa Oyunlarının qalibi olan Hacı Əliyev “Minsk 2019”da mübarizəyə səkkizdəbir finaldan başlayıb. O, əvvəlcə Ermənistan təmsilçisi Volodya Franqulyanı, növbəti mərhələdə isə Belarus idmançısı Georgi Kolıevi məğlub edib. Yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Hor Ohannesyanı da məğlubiyyətə uğradan güləşçimiz adını finala yazdırıb.

Xatırladaq ki, ötən gün güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq) qızıl, Hacımurad Hacıyev və Cəmaləddin Maqomedov (125 kq) bürünc medal qazanıblar. Hazırda Azərbaycan yığmasının aktivində 2 qızıl, 4 gümüş və 9 bürünc medal var.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla