Valyuta məzənnəsi
Xəbər lentİ
 09:37  Manat BUGÜN

Məsum popkorn və ləkəli vicdan qoxusu...- Esmira Naxçıvanlı

16:11, 15.05.19
azerbaycan, kose
Məsum popkorn və ləkəli vicdan qoxusu...- Esmira Naxçıvanlı

Bəzən insan uşaqlaşır, ürəyi uşaqlar kimi, popkorn, şirin pampıq, şəkər alması və s. istəyir axı... Bu gün ürəyim elə məhz popkorn istədi... Yolda gözüm çox axtarsa da, lakin tapa bilmədim. O popkornun iştahaçıcı iyini axtardı könlüm... hər dəfə qızım almaq istəyəndə, mütləq özüm üçün də alardım və yedikcə, bu mənə bir uşaq sevinci bəxş edərdi... hər dəfə onun iyi gələndə, nədənsə, uşaqlığıma qayıdıram sanki,.. həmin illərin sevincini, qayğısızlığını xatırladır bu iy mənə...

Amma bu dəfə axtarsam da, tapa bilmədim... Birdən "barmağımı dişlədim"(bu ifadəni işlədəndə, qızım kiçik olanda, hər dəfə maraqla barmağıma baxardı))... Xatırladım ki, mənim niyəsə sevdiyim bu iy, şəhərimizdəki qonaqları narahat edirmiş... Məşhur filmdə də deyildiyi kimi, "məsələ sosiskada deyil, məsələ "vnimatelni" olmaqdadır"...
Sən demə, məsələ heç də popkorn iyində deyilmiş, əsas məsələ sadəcə yanıq qoxusundaymış...

Eşidəndə ki, Paris Notr-Dam kilsəsi 8 saat yarım ərzində yanıb, kilsənin qülləsi və damı çöküb, “Parisin qəlbi” adlandırılan, 850 illik tarixə malik olan Notr-Dam kilsəsində baş verən yanğına fransızlar ağlayaraq tamaşa ediblər və Fransa prezidenti Makron hadisəni "faciə" adlandırıb,.. bax o zaman, az da olsa təsəlli tapmışdım. Düşünməyin ki, 850 illik bir tarixi qüllənin bu vəziyyətə düşməsinə az da olsa, heyifslənməmişdim. Təbii ki, könlümdən təəssüf hissləri də keçmişdi. Lakin, təcavüzkar ermənilərin himayədarlarının az da olsa, məyusluğu, nə aldadım, məni bir o qədər də sevindirmişdi. "Faciə" məfhumunun ağrı-acısını az da olsa, dadmışdılar... Yəqin ki, Makron həyatı boyu heç bir faciə yaşamamışdı, yəqin ki, onun "faciə" anlayışı da, məhz bu qədərmiş... Makron, əgər cansız qüllənin yanıb-tüstülənməsini (nə qədər tarixi olması mənimçün önəmli deyil), "faciə" adlandırırsa, görəsən, qarşısında hər-hansı bir insanın yanıb, kül olmasını necə adlandırardı?.. Ona görə sevinmişdim ki, hər zaman "keyf edən Paris əhli", heç olmazsa, bir az məyusluq yaşamış, az da olsa, hər hansı daş-divar üçün də olsa, gözyaşı axıtmışlardı. Bu onların bəlkə də, bizim faciələrimizi nə zamansa, anlayacaqları, ağrılarımızı ürəklərində yaşayacaqları barədə bir ümid işığı idi... amma bu ümid işığı yandı da, közərdi də, tezliklə sönüb getdi də... Necə deyərlər: "Allahın barmağı yoxdur ki, gözünə soxsun"... Bəlkə elə bu onların gələcəkdə baş verə biləcək faciələri üçün və bizim faciələrimizi öz canlarında hiss etməkləri üçün bir işarə imiş"- deyə, düşünmüşdüm. "Parisin qəlbi"nin yanıq iyi, bizə qədər gəlib çatdı,.. buna üzülənlər də oldu, sevinənlər də... xalqımız heç bir dövlətin ağrı-acısına sevinəcək qədər qəddar deyil... mənim millətim humanistdir, insansevərliyi, xeyirxahlığı ilə bütün millətlərə örnəkdir. Sadəcə, bu sevincdə, bir azca intiqam qoxusu vardı... İllərin intiqam qoxusu...

Bəli, məhz qoxu! Fərq etməz intiqam qoxusu, yoxsa, azərbaycanlıların erməni təcavüzkarları tərəfindən yandırılmış meyidlərinin qoxusu... Popkorn qoxusu bu qoxuların, bu yanıq iylərinin yanında o qədər məsum, o qədər günahsız, o qədər zərərsiz qalır ki,.. bir qüllənin yanıq qoxusu, bizim milləti bu qədər narahat edərkən, əndişələndirərkən, bəs bizim insanlarımızın yanıq meyidlərirnin qoxusu niyə paris əhlinin heç tükünü belə tərpətmədi?... Bax, bunu düşündükcə, insanın öz təpəsindən belə tüstü çıxır, odsuz-alovsuz yanır ürək və Parisdən, Ermənistandan və s. gələcək yeni yanıq qoxularına susayır könül...

Ən məsum qoxu - uşaq sevincli popkorn qoxusu... bir uşağın, bir yeniyetmənin ən kiçik arzularının gerçəkləşməsinə doğru yönələn məsum popkorn qoxusu... bəlkə də, ailəsinə çörək, dərman, balaca ayaqlarına yeni corab almaq arzusu... ayaqqabı demirəm, çünki bu bir az böyük arzularının siyahısına daxildir, bəlkə bu məsum qoxulu popkorn qazancı ilə alınması yetərli deyil, kim bilir?... Hələ məktəb, çanta, hələ məktəbli forması, hələ karusellərə bir jeton arzusundan danışmıram... Biz insanlar, bəzən o qədər qəddarlaşırıq ki,.. məhz belə balaca arzuları, popkorn satan uşaqlar üçün isə böyükdən-böyük olan bu əlçatmaz arzuları boğmaqda, o qədər mahirik ki,.. bəlkə də bundan savayı, nə işimiz var, nə marağımız, nə də arzumuz...

Hər il şəhidlərimizi yad etmək üçün, arsız qürur və qətiyyətlə, saxtakar vüqarla addımlayırıq məzarlar qarşısında... Heç utanırıq? Yox!
Yeri gəlsə, arsızcasına onlar üçün göz yaşı tökür, solmuş həyatlarına acıyırıq, arsızca... Heç düşünürük ki, məzarda yatan o igid və şərəfi ilə bu həyatdakı, Vətən qarşısındakı öz missiyalarını layiqi ilə başa vurmuş, o torpağa gömülmüş uca zirvədəki şəhidlərimiz, bəlkə bizə gülürlər, bəlkə acıyırlar, bəlkə də heç bizim onları ziyarət etməyimiz belə onlar üçün təhqirdir?.. Nə üzlə gedirik, hansı vicdanla onları ziyarət edirik?.. səssiz ruhlarının bizim bacarıqsızlığımıza ağlamağını seyr etməkdirmi, məqsədimiz?.. "Öldülər" deyirik, lakin anlamırıq ki, ölən onlar deyil, onlar daima yaşayacaqlar... Bəlkə elə ölü olanlar məhz bizik,.. canlı ölülər kimi axın-axın xəcalət təri tökməyə gedirik, yoxsa "hələ bacara bilmədik", "bu il də torpaqlarımızı qaytarmaq cəsarəti tapmadıq özümüzdə", " qız-gəlinlərin, ana-bacıların namusunu hələ bu il də təmizləyə bilmədik", "bizi bağışlayın!"deməyə gedirik şəhid məzarlarına?.. Əfsuslar olsun ki, bağışlanmırıq, heç buna ümid belə etməyək...
Bəs onların yanan ürəklərinin fəryadını, yanıq qoxusunu hiss edirik?.. Yox! Axı biz başqa millətlərin ürəkləri yananda daha çox məlhəm olmağa özümüzü niyəsə borclu hiss edirik...


Rəssam olmaq arzum vardı... arzum gerçəkləşsəydi, düçünürəm ki, portretdə zənginləri rəngsiz boyalarla işləyərdim. Çünki, zənginləri zatən hər kəs görür, alqışlayır, qulluğunda dayanır... Yoxsulları, kimsəsizləri, yetimləri isə rəngli boyalarla işləyərdim. Çünki onları kimsə görmür, duymur, hiss etmir... bu da onların əzilməsinə, incinməsinə və kiçik ümidlərinin belə sınmasına səbəb olur... uşaq qəlblərində uçuruma bərabər yaraların açılması ilə nəticələnir...

Evə bir tikə çörək aparmaq həvəsi, xəstə anaya dərman almaq arzusu, balaca bacı-qardaşlara ən dadlı sendviç aparmaq kimi ali bir istəkmi, yoxsa,.. qonaqlara narahatlıq yaradar deyə, qorxduğumuz üçün, böyük qəlbli, balaca bir məsum məxluqun boğazından kəsilən popkorn qazancı... Ən böyük xoşbəxtliyimiz isə, "qonaq"larımızın bizdən narazı və gileyli getməməsidir... Həyatda ən böyük qazancımız budursa,.. bəs gələcəyimizin - uşaqlarımızın xoşbəxtliyi, kimisə maraqlandırır?.. Bəs "ləkəli vicdan qoxusu"na nə deyək?.. O qoxunu heç hiss edən oldumu?..

ESMİRA MİRZƏYEVA
(NAXÇIVANLI)

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla