Valyuta məzənnəsi
Xəbər lentİ

Xocalı sakinlərinin yaddaşı - Azər Həsrət

16:55, 25.02.19
azerbaycan, bolge
Xocalı sakinlərinin yaddaşı - Azər Həsrət

Ötən ilin avqustunda “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin rəhbəri Lamiyə İsazadənin dəvətlisi olaraq Gəncəyə səfər etmişdim. Məqsəd, qurumun uşaqların zərərli dini cərəyanlardan qorunması üçün gerçəkləşdirdiyi layihə çərçivəsində seminarda iştirak idi. Tədbir geniş auditoriyada, Gəncə yaxınlığında yerləşən Yeni Qəsəbə 2-də keçirildi. Burada əsasən Xocalıdan olan məcburi köçkünlər yaşayır. Təbii ki, başqa bölgələrdən olan köçkünlər də var.

Qeyd olunduğu kimi, mövzu zərərli dini cərəyanlar barədə maarifləndirməyə həsr edilmişdi. Xeyli sayda müəllim, şagird, ayrı-ayrı sahələrdə çalışan insan bizi çox səmimi qarşılamışdı. Nizam-intizam, sakinlərin qonaq olaraq bizə göstərdiyi nəzakət heç zaman unudulmayacaq xatirə buraxdı yaddaşımızda. İnsanlar bizi öz doğmaları, yaxınları kimi qəbul etdilər, uşaqlı-böyüklü könül verdilər, isinişdilər. Tədbirimiz də çox yüksək səviyyədə keçdi. Çıxışlarımız maraqla dinlənildi, yerli təmsilçilər də çıxışlar etdilər.

Əsas məruzənin edilməsi mənə həvalə olunmuşdu. Bir qədər geniş, ayrıntılı danışdım. Ayrı-ayrı sektaların, zərərli dini cərəyanların özəlliklə də uşaqları hədəfə almasını vurğuladım. Böyüklərin, müəllimlərin bu məsələdə daha həssas davranmasına gərək olduğunu təkrar-təkrar qeyd elədim. Onu da bildirdim ki, Azərbaycan dövlətini içəridən zəiflətmək üçün müxtəlif humanitar aksiyalar adı altında dini sektalar evimizə, məktəbimizə qədər gəlib çıxır, övladlarımızı şirnikləndirib öz təsirləri altına alır, bir müddət sonra onların işğalçı Ermənistana və ermənilərə münasibətdə loyallaşmasına nail olur. Bu isə o deməkdir ki, günün birində əlimizə silah alıb torpaqlarımızı işğaldan azad etməyə məcbur olsaq, həmin uşaqlar dirəniş göstərəcək ki, insana güllə atmaq günahdır. Hətta işğalçı erməni olsa belə.

Əlqərəz, hardasa yarım saat çəkən çıxışımı salondakılar nəfəslərini dərərək, çox diqqətlə dinlədilər. Açığı, əvvəlcə elə sandım ki, bəlkə danışdıqlarımı çox da anlamırlar. Amma günaha batdım. Çünki sonra bəlli oldu ki, nəinki anlamırlar, əksinə, anlayırlar, dinlədikcə düşünürlər və bizim onlara izah etməyə çalışdıqlarımızı gündəlik həyatlarında tətbiq edirlər. Halbuki biz düşünmüşdük ki, adi kənd adamlarıdır, gündəlik qayğılarıyla məşğuldurlar və dövlətin bu yöndə siyasətini çox da izləməzlər. Əksini gördüm. İzləyirlərmiş, diqqətə alırlarmış və əməl edirlərmiş. Ki, günün birində Ali Baş Komandan düyməyə basdığında böyüklü-kiçikli hamısı savaşa hazır olsun!

Bunun belə olduğunu Xocalı köçkünlərinin təmsilçilərinin çıxışlarından anladıq. Birmənalı və qətiyyətlə qeyd etdilər ki, o qəsəbədə yaşayanlar arasında bir nəfər də olsun yad-yabançı sektalara, bölücülərə könül verən kimsə yoxdur və ola da bilməz. Çünki Xocalı yaddaşı, Qarabağ yaddaşı hətta o qanlı günlərdəkindən də canlıdır, ayaqdadır. O sadə insanlar Azərbaycan dövlətinin rəsmi siyasətinin arxasında oldulaqlarını nəinki dilə gətirdilər, həm də öz emosiyalarıyla göstərdilər də.


Yeni Qəsəbə 2-dəki Xocalı abidəsinin önündə

Biz bu duruma sevindik. Sevindik ki, hansısa humanitar fəaliyyət, demokratikləşmə, din qardaşlığı adı altında içimizə soxulmaq istəyənlərə Xocalı sakinləri keçid vermirlər! Onlar uşaqdan böyüyə bir nəfər kimi yalnız bu mövqedədirlər: nə olursa olsun, Azərbaycan dövləti Ermənistanın işğalı altındakı torpaqlarda öz hakimiyyətini bərpa etmədikcə heç bir yabançı qüvvə onlara “demokratiya”, “din” nağılları danışa bilməz!

Xocalı sakinləri – Xocalı yaddaşı budur! Sevindim buna. Halbuki o insanlar nə qanlar görmüş, nə faciələr yaşamışdır. Bu insanları nə o qorxunc anlar, nə də zaman yolundan-inancından döndərə bilməyib. Aradan 27 il keçir, amma onlar 27 il öncə olduğu qədər inamlıdır ki, ermənilərdən intiqam alınacaq! Bunlar Xocalı sakinləridir. Bunlar Xocalı şahidləridir. Bunlar Xocalı yaddaşımızdır bizim!

Fevralın 26-da Xocalı soyqırımının daha bir ildönümünü qeyd edirik. Bizə o acını yaşadanlar illərin yaddaşımızı korşaldacağına ümid edirdilər. Olmadı amma. Bizim yaddaşımız 27 il öncə olduğu qədər yenidir. Biz Xocalını unutmadıq, unutdurmadıq. Dövlətimizin başında duran şəxs – Prezident İlham Əliyev, Heydər Əliyev Fondu və onun rəhbəri, 1-ci vitse-prezident Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, eləcə də Prezidentin komandasındakı layiqli və sadiq dövlət adamları Xocalını daim öz içlərində yaşadılar, yaşatdılar. Ona görə də yaddaşımız korşalmadı, qisas hissimiz öləzimədi.

Bu arada, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bugünlərdə yayımlanmış “Xocalı həqiqətlərini dünyaya çatdıraq” adlı məqaləsini də ayrıca qeyd etmək lazımdır. Biz oxuduq, hər kəsə oxumağı tövsiyə edirik. Bəlkə də gündəlik olaraq bu cür məsələlərlə məşğul olduğumuz üçün fərqinə varmamışıq. Amma məqaləni oxuyanda görürük ki, Azərbaycan dövləti Xocalı soyqırımını tanıtmaq üçün nə qədər iş görüb. Bu məqalə həm də bir yol xəritəsidir. Ağılla, təmkinlə öz ədalət haqqımızı tələb etmək üçün yol xəritəsi.

Sonda: Aparılan dövlət siyasəti onu deməyə əsas verir ki, çox da uzaq olmayan bir zamanda Xocalı da daxil artıq bizim üçün müqəddəs vazkeçilməzlik olan o torpaqlara qayıdacağıq!

AZƏR HƏSRƏT

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla