Valyuta məzənnəsi
Xəbər lentİ

Prezident və xanımı Bakıda yeni yaradılan park kompleksləri ilə tanış olublar

09:29, 07.10.16
azerbaycan, siyaset
Prezident və xanımı Bakıda yeni yaradılan park kompleksləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 6-da Bakının Nəsimi rayonunda yeni salınan "Qızılgül bağı" parkında yaradılan şəraitlə tanış oldular.

Xeberpress.az Prezident.az-a istinadən bildirir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına və xanımına yeni salınan parkda görülən işlər barədə məlumat verdi.

Yeni park "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin uzun müddət istifadə olumayan Radio Mərkəzinin 1906-cı ildə inşa edilən binasının ərazisində salınıb. Ümumi sahəsi 6300 kvadratmetr olan istirahət parkı dünyanın məşhur şirkətinin dizaynı əsasında layihələndirilib. Təmir işləri yüksək keyfiyyətlə, müasir tələblər səviyyəsində və qısa vaxtda həyata keçirilib. Əvvəllər Radio Mərkəzinin binası kimi fəaliyyət göstərən tikili də yenidən qurulub. İndi bura kafe kimi fəaliyyət göstərəcək. Təmir zamanı qədim binanın tarixi element və fiqurları yüksək keyfiyyətlə bərpa edilib. Bu isə binanın xarici görünüşünün qorunub saxlanılmasına, eyni zamanda, müasir memarlıqla uzlaşdırılmasına geniş imkanlar yaradıb. İstirahət məkanı orijinal elementlər və formalarla daha da zənginləşdirilib, bu da parka xüsusi yaraşıq verir.

Yeni salınan parkda Bakı sakinlərinin, şəhərin qonaqlarının mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Park yaradılarkən balacalar da yaddan çıxmayıb. Onlar üçün xüsusi istirahət guşəsi, müxtəlif attraksionlar qurulub. Bu istirahət məkanında yaradılan meydança və fəvvarə ərazinin gözəlliyini daha da artırır.

Parkda aparılan abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən geniş yaşıllaşdırma işləri də diqqəti cəlb edir. Bu işlər görülərkən ərazidə mövcud olan çoxillik ağaclar saxlanılıb. Bundan başqa, parkda 200-dən çox müxtəlif növ yeni ağaclar, gül və bəzək kolları əkilib.

Bu cür yeni müasir istirahət ocağının yaradılması Prezident İlham Əliyevin tapşırığı ilə Bakıda parkların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması işinə bir töhfədir. Bu cür layihənin həyata keçirilməsi həm də ümumilikdə paytaxtımızın simasının gündən-günə gözəlləşməsini bütün dünyaya nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

-----------

13:08

Oktyabrın 6-da Bakının Xətai rayonunda yeni yaradılan "Sevirəm" park kompleksinin açılışı olub.

Xeberpress.az Prezident.az-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva parkın rəmzi açılışını bildirən lenti kəsdilər.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yeni yaradılan park kompleksi barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, yeni park kompleksinin ümumi ərazisi 3,2 hektardır. Ərazidə aparılan geoloji işlərin nəticəsində neft tullantıları və mərmər tozu aşkar edilib. Ərazinin torpağı mərmər tozundan və neft tullantılarından təmizlənəndən sonra 2016-cı ilin iyunundan parkın yaradılmasına və tikinti işlərinə başlanılıb. Burada işlər sentyabrda başa çatıb.

Qeyd edək ki, ərazisi münbit torpaqla örtülən parkın uzunluğu 288 metr, eni isə 110 metrdir. Park kompleksinin üç girişi var.

Yaşıllaşdırma zamanı IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təşəbbüsü ilə parkda ağacəkmə kampaniyası keçirilib. Ərazidə 4 mindən artıq müxtəlif növ ağac, o cümlədən 30 illik Eldar şamı, 35 illik sərv, 12 illik tuya ağacları əkilib.

Parkda avtomat suvarma sistemi, su və yanğın çənləri, nasosxana, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb.

Ərazidə təbii daşlardan yonulmuş heykəllər landşaftla vəhdət təşkil edir. Parkda qoyulmuş 14 heykəlin hər biri xüsusi dizaynı və üslubu ilə fərqlənir. Müxtəlif mövzularda olan bu heykəllər Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilmiş "Daşın nəğməsi" birinci Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində müxtəlif ölkələrdən olan heykəltəraşların yaratdıqları əsərlərdir.

Parkda eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə "Ürəklər" kompozisiyası təqdim olunur. Bu kompozisiya Bakıya, təbiətə, insanlara olan sevgini əks etdirir.

Yeni istirahət guşəsinin ərazisində yaradılmış şəlalədə dekorativ və təbii daşlardan istifadə olunub. Burada uşaqlar üçün əyləncə meydançası və yelləncəklər quraşdırılıb.

Kompleksin ərazisində iki yerdə avtodayanacaq, bir dekorativ perqola - keçid və kafe var. Ərazidə yanğınsöndürən maşınlar və velosipedçilər üçün hərəkət zolaqları da salınıb.

Parkın ərazisində, həmçinin "GreenCar" mərkəzi tərəfindən elektriklə işləyən nəqliyyat vasitələrinin enerjidoldurma stansiyası quraşdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva yeni park kompleksində ağac əkdilər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla