Valyuta məzənnəsi
Xəbər lentİ

Putin - Paşinyan görüşü bir daha sübut etdi ki, onlar bu dəstəyi Rusiyadan alırlar

10:10, 11.09.18
azerbaycan, siyaset
Putin - Paşinyan görüşü bir daha sübut etdi ki, onlar bu dəstəyi Rusiyadan alırlar

Paşinyan Moskvada nəyi başa düşdü?

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri öncəsi ən az müzakirə olunan Qarabağ məsələsi idi. Hesab olunurdu ki, danışıqlarda daha çox Rusiya-Ermənistan münasibətlərindəki durğunluq və İrəvanın aşkar şəkildə Kremlə “buynuz” göstərməsi ətrafında olacaq.

Ancaq maraqlısı budur ki, erməni baş nazir səfərdən sonra daha çox məhz Dağlıq Qarabağ mövzusu ilə diqqət mərkəzinə gəlməyə çalışdı. Belə ki, Paşinyan prezident Putinlə görüşə saatlar qalmış Qarabağ bəyanatını verdi, həmçinin səfərin yekununda da ictimai rəyi məhz sözügedən mövzuya yönəltməyə çalışdı.

Xeberpress.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, şübhə yoxdur ki, N.Paşinyan bu yolla Rusiya-Ermənistan arasında yaşanan problemləri arxa plana keçirməyə cəhd etdi. Baş nazir bu zaman ziddiyyətli açıqlamaları ilə də gülüş obyektinə çevrildi. Belə ki, səfərdən əvvəl Rusiya prezidenti ilə hətta bir-birinin daxili işlərinə qarışmamaqla bağlı danışacağını bəyan edən Paşinyan görüşdən sonra Rusiya-Ermənistan münasibətlərinin “gözəlliyindən” danışmağa başladı. Əgər münasibətlər gözəl idisə, onda son həftələr ərzində yaşanan gərginlər nə idi?

Yaxud münasibətlərdə problem yox idisə, bəs Paşinyan Putinlə nəyi ayırd etmək istəyirdi? Şübhəsiz ki, erməni ekspertlərin dediyi kimi, Ermənistanın başına gəlsə də, onun sükanını idarə etməyi bacarmayan Nikola Moskvada bəzi məsələləri başa salıblar və “val”ı çevirib. Əks təqdirdə, o, səfəröncəsi vədlərinin üzərində dayanar və “müstəqillik davası”nı davam etdirərdi. Lakin reallığı başa düşdükdən sonra Azərbaycana yönəlik təhdidlərlə çıxış etməyə başladı, bu dəfə də “gah nala, gah mıxa vurma”sı ilə diqqət çəkdi.

N.Paşinyan gah dedi ki, “mənim nəzərimdə, Qarabağ Ermənistanın tərkib hissəsidir”. Təbii ki, Moskvada erməni əsilli iş adamları ilə görüşdə başqa söz deyə bilməzdi. Axı o, Ermənistanı səfil vəziyyətindən xilas edib hakimiyyətini uzatmaq üçün erməni iş adamlarının əlinə göz dikib. Erməni baş nazir bir az da irəli gedərək deyib ki, qarşılıqlı güzəştlər barədə danışmaq Ermənistan tərəfindən zəiflik göstərmək kimi qəbul oluna bilər, çünki Azərbaycan hələ də Ermənistanı təhdid etməkdədir. “Bizdən tez-tez Ermənistanın Qarabağ məsələsində qarşılıqlı güzəştlərə hazır olub-olmaması barədə soruşurlar. Hesab edirəm ki, bu sualı ilk növbədə Azərbaycanın özünə vermək lazımdır. Ermənistanın qarşılıqlı güzəştlərə razı olması haqqında danışmaq Azərbaycanın təhdid etdiyi şərtlərdə zəiflik nümayişi olardı. Heç kim Ermənistanla bu dildə danışmamalıdır”, - erməni baş nazir deyib.


Paşinyan Moskvaya səfəri zamanı “Kommersant”a müsahibə verib. O müsahibədə həm Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi danışıqlar, həm Qarabağa dair mövqeyi barədə danışıb. Və növbəti dəfə deyib ki, Azərbaycanla ancaq Ermənistanın baş naziri kimi danışıqlar apara bilər, Dağlıq Qarabağın adından danışmağa isə onun səlahiyyəti yoxdur.

Paşinyan daha da uzağa gedərək deyib ki, ətraf rayonlar “Dağlıq Qarabağın ərazisidir”. “Hazırda Dağlıq Qarabağın konstitusiyası var. Konstitusiyaya görə həmin ərazilər Dağlıq Qarabağın tərkib hissəsidir”, - o iddia edib.

Yuxarıda qeyd etdiyimiz kimi, Paşinyan Moskvada erməni biznesmenlərlə görüşündə Dağlıq Qarabağın “Ermənistanın tərkib hissəsi olduğunu” demişdi. “Bu cür yanaşma ilə nə isə irəliləyiş gözləmək çətindir. Azərbaycan bunu heç vaxt qəbul etməz. O zaman danışmağa nə qalır ki?” - jurnalist Paşinyanla polemikaya girib.

Ermənistanın baş naziri isə deyib ki, onlar kompromislərin mümkünlüyünü müzakirə edə bilərlər, ancaq bir şərtlə ki, Azərbaycan da kompromislərə hazır olsun. “Tez-tez soruşurlar ki, Ermənistan hansısa kompromisə hazırdırmı? Amma heç kim soruşmur ki, Azərbaycan buna hazırdır?” - Paşinyan bildirib. N.Paşinyanın son bir neçə açıqlaması onun necə ziddiyyətli və qeyri-konstruktiv olduğunu açıq nümayiş etdirir. Belə olan təqdirdə danışıqların növbəti raundunun hansısa nəticə verəcəyinə inanmaq, sadəcə, sadəlövhlük olardı.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirib ki, erməni baş nazirdən ayrı mövqe gözləmirdi: “Şəxsən mən Paşinyanın hər hansı konstruktiv addım atacağına və Qarabağ məsələsinin sülh yolu ilə həllində irəliləyiş edəcəyinə inanmırdım. O, bir erməni milliyyətçisidir və Qarabağı Ermənistanın tərkib hissəsi görür. Azərbaycanın bu adamla heç bir danışıq aparmasına ehtiyac yoxdur. Azərbaycanın indiyə qədər etdiyi güzəştləri bu və ya başqa şəkildə qəbul edən siyasətçilər - məsələn, Ter Petrosyan - olsa da, bu ölkədə Qarabağı Azərbaycanın tərkibində təsəvvür etmirlər. Bu fikri dəyişdirmək isə çox çətindir. Azərbaycan işğalçı ilə güclə danışmalıdır. Bu gücü hiss etmədikcə ermənilər yola gəlməyəcəklər”.

Q.Çaxmaqlının sözlərinə görə, Putin - Paşinyan görüşü də bir daha sübut etdi ki, onlar bu dəstəyi Rusiyadan alırlar: “Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistanın arxasında Moskva olacaq. Bizim siyasi manevrlərimizin heç bir əhəmiyyəti olmayacaq”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla