Valyuta məzənnəsi
Xəbər lentİ

Bu gün biz siyasətimizin real nəticələrini görürük - Prezident İlham Əliyev

09:55, 06.06.18
azerbaycan, siyaset
Bu gün biz siyasətimizin real nəticələrini görürük - Prezident İlham Əliyev

Azərbaycan Prezidenti: Bu gün biz siyasətimizin real nəticələrini görürük

Bu gün biz siyasətimizin real nəticələrini görürük.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Goranboy rayonunda “Region Agropark”ın açılışında iştirak edən Prezident İlham Əliyev aqroparkın kollektivi ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq, işsizliyin azaldılması ilə bağlı əlavə addımlar atılacaq, yerli istehsal inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək: “Çünki burada yetişdiriləcək məhsullar ixracyönümlü məhsullardır. Ölkəmizdə kənd təsərrüfatı ilə bağlı siyasətimiz uğurla icra ediləcəkdir. Kənd təsərrüfatına böyük diqqət göstərilir. Azərbaycanda kənd təsərrüfatı prioritet sahələrdən biridir. Bundan sonra biz bu siyasəti ancaq ən müasir texnologiyalar və elmi əsaslar üzərində aparacağıq.

Bu aqroparkın yaradılması məni çox sevindirir. Çünki bu gün biz siyasətimizin real nəticələrini görürük. Bu, bir daha göstərir ki, biz düşünülmüş siyasət aparırıq. İstər sənaye, istər kənd təsərrüfatı istehsalı, istərsə də infrastruktur layihələrinin icrası ilə bağlı işlər ən yüksək səviyyədədir. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu dünyada yol infrastrukturu ilə bağlı reytinqini açıqlamışdır. Bu reytinqə görə, Azərbaycan MDB məkanında yol infrastrukturu üzrə 1-ci, dünya miqyasında isə 36-cı yerdədir”.

İlham Əliyev bildirib ki, Azərbaycanda nəinki yol infrastrukturu, bütün infrastruktur ən yüksək səviyyədədir, o cümlədən Goranboy rayonunda: “Baxın, son illər ərzində nə qədər böyük işlər görülmüşdür. Goranboy rayonunda bir neçə yol layihəsi icra edilmişdir. Onlardan ikisi bu gün açılır. Bütövlükdə bu layihələrin icrası nəticəsində artıq rayon əhalisinin 60 faizi təmir edilmiş yollarla təmin edilir. Gələn il bir yol layihəsi icra ediləcək. O da 15 məntəqəni əhatə edəcək. Beləliklə, demək olar ki, Goranboy rayonunun əsas yol infrastrukturu tamamilə yenidən qurulacaqdır.

Goranboy rayonunda elektrik xətləri çəkilib, elektrik təchizatı həll olunub, iki yarımstansiya inşa edilib, biz onlardan birini bu gün istifadəyə verəcəyik. Ev təsərrüfatlarının 95 faizi qazlaşdırılıb, içməli su təchizatı məsələsi hələ 4 il bundan əvvəl öz həllini tapıb. Mən sonuncu dəfə burada olarkən biz içməli su layihəsini istifadəyə verdik. Suvarma ilə bağlı işlər yüksək səviyyədədir. Bax, bu aqroparkda 4700 hektar torpaq suvarma suyu ilə təmin ediləcəkdir. Şəmkirçay su anbarının tikilməsi nəticəsində yaranmış o süni gölün potensialından istifadə edirik. Goranboy rayonunda əlavə 8 min hektar, eyni zamanda, Samux rayonunda bir neçə min hektar torpaq su ilə təmin ediləcəkdir. Yəni, Goranboy rayonunun timsalında görülən işlərin mahiyyəti və əhəmiyyəti budur. İnfrastruktur layihələri, sosial infrastrukturla bağlı layihələr demək olar ki, tam icra edilib. Goranboy rayonunda 40-dan çox məktəb təmir edilib və tikilibdir. Hazırda 130 çarpayılıq mərkəzi rayon xəstəxanasının tikintisi gedir, bu ilin sonuna qədər istifadəyə verilməlidir. Xalça fabriki tikilir, yenə də bu ilin sonuna qədər istifadəyə verilməlidir. Yəni, bütün bu işlər onu göstərir ki, ölkəmiz uğurla, inamla inkişaf edir. Bütün regionlar inkişaf edir”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla