Valyuta məzənnəsi

Avtobusa normadan artıq sərnişin yığmaq qanun pozuntusudur

09:24, 21.09.16
azerbaycan, cemiyyet
Avtobusa normadan artıq sərnişin yığmaq qanun pozuntusudur

Avtobus sürücülərinin normadan artıq sərnişin yığması qanun pozuntusudur

Bəzi müasir tipli avtobusları çıxmaq şərtilə, avtobuslarda pik vaxtlarda basabas olur. Sürücülər dayanacaqdan kənarda belə avtobusu saxlayaraq, sərnişin yığır. Doğrudur, bəzən digər sərnişinlər buna narazılıq edirlər, amma sürücülər məhəl qoymurlar. Qanunvericilikdə isə avtobuslara normadan artıq sərnişinin mindirilməsi qadağandır.

Yol hərəkəti qaydaları və təhlükəsizliyi üzrə ekspert Azər Allahverənovun Ekspress.az-a bildirdiyinə görə, hər bir nəqliyyat vasitəsinin texniki xarakteristikasında nə qədər sərnişinin ola biləcəyi konkret göstərilir: "Avtobuslarda sərnişinlər üçün yerlər iki qrupa bölünür; avtobusda sərnişinlərin oturmağı üçün nəzərdə tutulan yerlər və ayaq üstə durmağı üçün. Modelindən asılı olaraq göstərilir ki, hər bir avtobusun daxilində nə qədər insan ayaq üstə dura bilər və nə qədər insan otura bilər. Bəzi avtobusların içərisində bu tipli lövhəciklər də var",- deyən ekspert bildirir ki, avtobuslarda göstərilən sərnişinlərin cəmindən artıq insanın daşınması yolverilməzdir.

Allahverənov deyir ki, bizim ictimai nəqliyyatda həmişə avtobusların çoxunun normadan artıq sərnişin daşıdığının şahidi oluruq. "Avtobusların əksəriyyəti xarakteristikası imkan verən normadan artıq sərnişin daşıyır. Bu da, təbii ki, müəyyən xoşagəlməz hallara gətirib çıxarır. Əgər avtobus hər hansı bir qəzaya düşərsə, orada olan sərnişinlərin xəsarət alma riski bir neçə dəfə artıq olur, nəinki norma çərçivəsində sərnişinlərin daşınması zamanı baş verən qəza nəticəsində".

Bu kimi məsələlərin tənzimlənməsini vacib sayan müsahibimizin dediyinə görə, qanunvericilikdə də buna dair konkret müddəalar var. ""Yol hərəkəti haqqında" qanunun 56-cı maddəsində konkret olaraq göstərilir ki, nəqliyyat vasitələrində normadan artıq sərnişin daşınması yolverilməzdir. Təbii ki, həmin avtobusda 12 yaşa qədər olan uşaqlar istisna olmaqla. 12 yaşa qədər uşaq adətən qucaqda daşına bilər".

Sərnişinlərin daşınması ilə bağlı İnzibati Xətalar Məcəlləsində də müvafiq maddə var. 327.2 maddə və orada göstərilir ki, sərnişindaşınma qaydalarının pozulmasına görə sürücülər 60 manat məbləğində və 3 balla cərimə sanksiyasına məruz qalırlar. "Faktiki olaraq avtobusda normadan artıq sərnişinin daşınması sərnişin daşınma qaydalarının pozulması deməkdir. Bizim yollarda da biz bunun daim şahidi oluruq".

A.Allahverənovun sözlərinə görə, dövlət yol polisi və digər icra qurumları vaxtaşırı reydlər keçirirlər, belə faktlar aşkar olunursa, həmin avtobus sürücüləri cərimə sanksiyasına məruz qalır.

Ekspert qeyd edib ki, bəzi avtobuslarda sərnişin sıxlığı yoxdur: "Məsələn, "BakuBus" MMC-yə məxsus avtobuslarda biz sərnişin sıxlığı görmürük. Bu, bir neçə səbəbdən ola bilər. Marşrut xəttində kifayət qədər avtobuslar var. İnsanlar pik saatlarında belə, avtobusun qıtlığından əziyyət çəkmirlər. İkinci səbəb, təbii ki, bu avtobuslarda müəyyən nizam-intizamın olmasıdır. Və insanlar bu avtobuslarda necə davranmağı yaxşı bilirlər. Onu da qeyd edim ki, xarici ölkələrin beynəlxalq təcrübəsinə görə, əgər hər hansı bir avtobusa müəyyən olunmuş həddən artıq sərnişin minmək istəyirsə, avtobusdakı sərnişinlər buna yol vermir".

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov qəzetimizə deyib ki, sürücü avtobusa qanunvericiklə nəzərdə tutulduğundan artıq sərnişin mindirirsə, buna görə cərimə olunur, amma sərnişin sürücüdən onu avtobusa minməyi tələb edirsə, buna görə cərimələnmir: "Çünki bu, sərnişinin adi bir iradıdır. Sərnişin avtobus dolu olduğu halda avtobusa minmək istəyərkən, qanunu pozmuş hesab olunmur. Amma sürücünün avtobusa normadan artıq sərnişinin minməsinə imkan verməsi qanunaziddir. Belə ki, sərnişin daşıyan nəqliyyat vasitəsində konstruksiyada nəzərdə tutulan normadan artıq sərnişin daşımaq olmaz. Konstruksiyanı istehsalçı müəyyən edir. Oturacaq yerlərinə, ölçülərinə, təyinatına görə avtobusda nə qədər insanın minə bilməsi müəyyən olunur".

Ə.Hüseynov qeyd edib ki, avtobuslar adətən iki cür olur: "Şəhərdaxili daşımalar üçün nəzərdə tutulan və ayaqüstü sərnişindaşınmaya icazə verilən avtobuslar, ayaqüstü sərnişindaşınmasına yol verilməyən avtobuslar. Avtobuslarda ayaqüstə sərnişindaşınmasına yol verilmirsə, orada oturacaq yerlərinin sayı qədər sərnişin ola bilər, 12 yaşında uşaqlar istisna olmaqla. Ayaqüstə sərnişin daşınmasına icazə verilən avtobuslarda oturacaq yerləri 20-25 nəfərlik, ayaqüstə dayanmaq üçün 30-40 nəfərlik olur. Bəzilərində 40+/-5 nəfər. Üstəgəl o deməkdir ki, insanların göstəriciləri müxtəlif ola bilər. Hamısı uşaqlar, ya da fiziki göstəriciləri böyük, çəkisi çox olan adamlar ola bilər. Bütün bunlar qaydalarda müəyyən olunur. Çox vaxt ayaqüstə sərnişindaşınmasına yol verilən avtobuslarda sıxlığın yaranması problemi olur. Əsas tələb odur ki, avtobusun qapısı açıq qalmamalıdır. Sərnişinlər, təbii ki, bir-birinin üstünə çıxmamalıdır.

Avtobusun yükdaşıma norması da pozulmamalıdır. Ayaq-üstü sərnişindaşınmasına icazə verilsə də, 40 nəfərin çoxu 150 kq-lıq adam olsa, yükdaşıma norması pozulur. Çox vaxt avtobuslar bu normaları pozur".

Ekspert vurğulayıb ki, sərnişinlər avtobuslarda basabas yarandıqda iradlarını bildirməlidirlər: "Avtobusda kifayət qədər çox adam olarsa, ayaq üstə dayanmaq üçün yer yoxdursa, sürücü digər sərnişini hara mindirəcək? Sərnişin avtobusda adamlar çox olarsa, sürücüdən daha sərnişin mindirməməyi tələb edə bilər. Sərnişin bunu təkcə sürücüyə bildirməklə kifayətlənməyib, nəzarət orqanlarına da şikayət edə bilər".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla