Valyuta məzənnəsi
Xəbər lentİ

Milli Məclisdə UNICEF-in regional məsləhətçiləri ilə görüş keçirilib

15:10, 02.03.18
azerbaycan, cemiyyet
Milli Məclisdə UNICEF-in regional məsləhətçiləri ilə görüş keçirilib

Martın 2-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı UNICEF-in regional
məsləhətçiləri ilə görüşüblər.

Xeberpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə Hadi Rəcəbli Milli Məclis ilə UNICEF arasındakı əməkdaşlıqdan danışıb. O deyib ki, UNICEF Azərbaycan parlamentinin ən uzunmüddətli və səmərəli əməkdaşlığı olan beynəlxalq təşkilatlardan biridir. Azərbaycan bir sıra konvensiyalara qoşularkən UNICEF-lə əməkdaşlıq edib. Eyni zamanda, model qanunların Azərbaycan qanunvericiliyində istifadə edilməsi baxımından da əməkdaşlıq həyata keçirilib. Beləliklə, bu əməkdaşlıq daim qarşılıqlı fayda verib və parlamentdə qanun yaradıcılığı prosesində çox kömək olub.

Görüşdə qeyd olunub ki, Azərbaycanda sosial siyasətin prioriteti kimi ailə, uşaq problemlərinə daim xüsusi əhəmiyyət verilib. Məhz buna görə də Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bundan başqa, Azərbaycan parlamentində yeni bir qurum - ailə, qadın və uşaq məsələləri komitəsi yaradılıb.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı parlamentdə yaradılan komitə haqqında məlumat verib. Bildirib ki, Azərbaycan dövləti daxili siyasətində ailə, qadın, uşaq məsələlərinə əsas prioritet kimi baxır. Komitənin əsas işi ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq, qadın və uşaq hüquqlarının müdafiəsinin həyata keçirilməsi, gender bərabərliyi və məişət zorakılığı ilə bağlı olan qanun layihələri hazırlamaq və ya təqdim olunan qanun layihələrinə rəy verməkdir. Hazırda parlamentin bu sahələr üzrə mükəmməl qanunvericilik bazası var.

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini xanım Min Yuan Azərbaycanın, eləcə də parlamentin bu təşkilatla uzunmüddətli və səmərəli əməkdaşlığının təqdirəlayiq olduğunu söyləyib. O, gələcəkdə də bu cür sıx əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib. “UNICEF olaraq bu sahələrdə əməkdaşlıqda çox maraqlıyıq”, - deyə Min Yuan qeyd edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla