Valyuta məzənnəsi
Xəbər lentİ

YAP Culfa rayon təşkilatının yaranmasının 25 illiyi qeyd edilib - FOTO

12:28, 15.02.18
azerbaycan, bolge
YAP Culfa rayon təşkilatının yaranmasının 25 illiyi qeyd edilib - FOTO

Naxçıvanda 1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbaycan Partiyası (YAP) qısa zamanda böyük siyasi hərəkat xarakteri aldı. O dövrdə partiyanın yerlərdə rayon təşkilatı və özəklərinin yaradılması prosesi gündən-günə genişlənirdi. Siyasi fəalları ilə seçilən Culfa rayonu da bu prosesdən kənarda qalmadı. 1993-cü il fevralın 7-də ulu öndər Heydər Əliyevin iştirakı ilə rayon Mədəniyyət Evində YAP Culfa rayon təşkilatının təsis konfransı keçirildi.

Xeberpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Culfa Rayon Mədəniyyət Evində YAP Culfa rayon təşkilatının yaranmasının 25 illiyi münasibətilə keçirilən yubiley tədbirində təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov məlumat verib.

Qarşıda duran vəzifələrdən danışan təşkilatın sədri bildirib ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtıdır, eyni zamanda, bu qədim şəhər ölkəmizin Gənclər Paytaxtı seçilib. Bu il Ümummilli Liderin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, Milli Qurtuluş Gününün 25 illik yubileyləri qeyd olunacaq. Həmçinin aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Fevralın 8-də YAP-ın VI qurultayı keçirilib və qurultay nümayəndələri yekdilliklə partiyanın sədri, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini irəli sürüblər.

Tədbirdə YAP Culfa rayon təşkilatı Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə, təşkilatın Qadınlar Şurasının sədri Xanım Tağıyeva, təşkilatının şura üzvü, Əbrəqunus kənd tam orta məktəbinin direktoru Fikrət Quliyev çıxış edərək bildiriblər ki, YAP üzvləri ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəldilməsi, təhsildə və mədəniyyətdə islahatların aparılması, xalqın rifahının yaxşılaşdırılması, milli mənəvi dəyərlərimizin qorunması və təbliği sahəsində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışırlar.

“YAP-ın yaradıcısı, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərimizin müəyyənləşdirdiyi inkişaf xətti bu gün muxtar respublikada da uğurla davam etdirilir. Bunun nəticəsidir ki, iqtisadiyyatın bütün sahələrində əldə edilmiş nailiyyətlərin miqyası ilbəil daha da genişlənir, regionun hərtərəfli inkişafı təmin olunur. Yeni infrastruktur sahələrinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin genişləndirilməsi, eləcə də əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikanın bütün bölgələri kimi Culfa rayonunda da uğurla reallaşdırılıb”, - deyən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxışında vurğulayıb ki, 2017-ci ildə rayonda iqtisadiyyatın bütün sahələri, o cümlədən təhsil, səhiyyə, mədəniyyət, rabitə və informasiya texnologiyaları, yol-nəqliyyat, energetika sektoru sürətlə inkişaf edib. Rayon iqtisadiyyatının davamlı inkişafı, əhalinin həyat şəraitinin gündən-günə daha da yaxşılaşdırılması, şəhər və kəndlərimizin abadlaşdırılması, həmçinin yeni tikilən infrastruktur obyektlərində əlverişli iş şəraitinin yaradılması YAP-ın təməlində duran prinsiplərin əməli surətdə həyata keçirilməsinin nəticəsidir.

YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov tədbir iştirakçılarını təşkilatın yaranmasının 25 illiyi münasibətilə təbrik edərək bildirib ki, keçən ilin noyabrında YAP-ın 25 illik yubileyi geniş qeyd olundu. Naxçıvan Muxtar Respublikasının sakinləri üçün qürurvericidir ki, partiyanın yaranması və ilk addımları, təşəbbüslərinin ünvanı məhz doğma diyarımız olub. Bu baxımdan YAP Culfa rayon təşkilatının yaranma tarixi də bizim üçün əlamətdardır. Rayon təşkilatının təsis konfransında partiyanın banisi, Ümummilli Lider, o zamanlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərən dahi Heydər Əliyevin şəxsən iştirakı, burada yeni dövr üçün söylədiyi proqram xarakterli nitqi hər birimizin fəaliyyəti üçün əvəzsiz proqramdır.

Anar İbrahimov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun rəhbərliyi ilə ötən dövrdə genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilib. Bu quruculuq və modernləşmədən pay alan Culfa rayonu da qısa zamanda bütün sahələrdə inkişaf və tərəqqiyə qovuşub. Fərəhli haldır ki, YAP Culfa rayon təşkilatının sıraları ildən-ilə genişlənir və partiya üzvləri bu quruculuq tədbirlərində fəal iştirak edir, ulu öndər Heydər Əliyev ideologiyasının həyata keçirilməsinə öz töhfələrini verirlər.

Sonda partiya üzvlüyünə yeni daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri, partiya fəallarına hədiyyələr təqdim olunub, məktəblilər Ulu Öndərə, YAP-a, Vətənə həsr edilən şeirlər söyləyiblər.


YAP Culfa rayon təşkilatının yaranmasının 25 illiyi qeyd edilib - FOTO
YAP Culfa rayon təşkilatının yaranmasının 25 illiyi qeyd edilib - FOTO
YAP Culfa rayon təşkilatının yaranmasının 25 illiyi qeyd edilib - FOTO

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla