Valyuta məzənnəsi
Xəbər lentİ
 13:19  Sabahın HAVASI

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı işə başlayıb - YENİLƏNİB

14:14, 05.02.18
azerbaycan, siyaset
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı işə başlayıb - YENİLƏNİB

Fevralın 5-də Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı işə başlayıb.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, sahə həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndə, dövlət və hökumət rəsmiləri, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəalları iştirak edirlər.

Qurultayı AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıb.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Reqlamentə uyğun olaraq, qurultayın gündəliyi təsdiq edilib və rəhbər orqanlarının - rəyasət heyətinin, redaksiya, mandat və hesablayıcı komissiyaların tərkibi və katibliyin üzvləri seçilib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Səttar Möhbalıyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubuna və həmkarlar ittifaqları təşkilatlarının 114 üzvünün təltif olunması barədə sərəncamlar imzalamasına görə AHİK-in üzvləri adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sonra Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Felisio, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının prezidenti Mixail Şmakov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Pan Avropa Regional Şurasının prezidenti İrakli Petaraşvili, Türk-İş Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalay, Türkiyənin Hak-İş Həmkarlar İttifaqları Konfederasiyasının sədri Mahmud Aslan, Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri İsmayıl Koncuk, Məmur-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri Əli Yalçın, Avrasiya Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqları Federasiyasının sədri Cemail Bakındı çıxış edərək təbriklərini çatdırıblar.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. O deyib ki, bu il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bilirik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultaylarında həmişə İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürürsünüz. Bu dəfə də bütün həmkarlar ittifaqları işçilərini İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməyə çağırırıq.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayı ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni – dərin islahatlarla səciyyələnən yüksəliş mərhələsinə qədəm qoyduğu, cəmiyyətimizin ictimai-siyasi və mədəni həyatında dinamik proseslərin getdiyi, xalqımızın tarixinin həm acı, həm də əlamətdar hadisələrini qeyd etməyə hazırlaşdığımız bir dövrə təsadüf edir. Bu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının100 ili, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 ili tamam olur. Gələn ay isə Azərbaycan xalqının məruz qaldığı ağır faciələrdən birinin – erməni millətçiləri tərəfindən 1918-1920-ci illərdə törədilən soyqırımının da 100-cü ildönümüdür. Bu il ölkəmizin həyatında həm də çox mühüm siyasi kampaniya – Prezident seçkiləri keçiriləcək. Aydındır ki, həmkarlar ittifaqları təşkilatları da ölkə həyatının ümumi axarından kənarda qalmayacaq, öz fəaliyyətini həmin məsələləri nəzərə almaqla quracaq.

Azərbaycan həmkarlar ittifaqlarının bir əsrdən artıqdır fəaliyyət göstərdiyini deyən Əli Həsənov ölkənin bu ən kütləvi ictimai təşkilatının keçdiyi tarixi yola nəzər salaraq bildirib ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan həmkarlar ittifaqları öz inkişafının yeni mərhələsinə qədəm qoydu, bu qurumların fəaliyyəti fərqli məzmun kəsb etməyə başladı. Heydər Əliyev, ilk növbədə, həmkarlar təşkilatlarını müxtəlif siyasi qüvvələrin təsirindən qorudu, onların uzun illər ərzində yaradılmış maddi-texniki bazasının dağıdılmasının qarşısını aldı. Həmkarlar ittifaqlarının təşkili, idarə olunması və fəaliyyətində ideoloji amillərin təsiri aradan qaldırıldı, inzibati amirlik metodlarından imtina edildi, demokratik idarəçilik mexanizmlərini əsas tutan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasına hər cür dəstək verildi. 1994-cü ildə qəbul olunmuş “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin müasir prinsiplər əsasında tənzimlənməsi üçün hüquqi baza yaradıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini diqqət mərkəzində saxlayan Ulu Öndər bu təşkilata öz missiyasını yerinə yetirmək üçün yaxından kömək göstərilməsi, sosial tərəfdaşlıq, əməyin mühafizəsi və əmək hüquqlarının qorunması sahəsində onun imkanlarından yararlanmaq üçün hökumət qarşısında vəzifələr qoyurdu. Təsadüfi deyil ki, 1997-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hər il ölkənin sosial-iqtisadi siyasətinin reallaşmasında razılaşdırılmış mövqelərini və birgə fəaliyyəti müəyyən edən Baş Kollektiv Saziş imzalayırlar. Ölkədə yoxsulluğun səviyyəsinin aşağı salınması və aztəminatlı əhalinin rifahının yaxşılaşdırılması sahəsində strategiyanın formalaşdırılması və onunla bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 2001-ci il 2 mart tarixli Sərəncamı ilə yoxsulluğun azaldılması sahəsində Dövlət proqramının hazırlanması üzrə komissiyanın yaradılması nəzərdə tutulmuşdu. Sonralar Azərbaycan Prezidentinin sərəncamları ilə 2003-2005-ci və 2008-2015-ci illərdə ölkəmizdə yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət proqramları qəbul edilib və uğurla icra olunub.

Azərbaycan həmkarlar ittifaqlarının inkişafında 2004-cü ildən sonrakı dövrün keyfiyyət dəyişikliyi baxımından xüsusilə fərqləndiyini deyən Prezidentin köməkçisi bildirib ki, bu illər mübaliğəsiz olaraq, ölkədə həmkarlar təşkilatlarının fəaliyyətində yeni yüksəliş dövrü kimi xarakterizə oluna bilər. Bunun əsas səbəbləri birincisi, ümummilli lider Heydər Əliyevin həm inkişaf strategiyasının, həm də həmkarlar ittifaqlarına dair siyasətinin Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsindən, ikincisi, Azərbaycanda sürətli sosial-iqtisadi inkişaf və modernləşmə kursunun həyata keçirilməsindən ibarətdir.

Azərbaycan Prezidenti İlham Əliyevin siyasi xəttinin mərkəzində Azərbaycan vətəndaşı, onun mənafeyi dayanır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində ölkəmizdə ictimai-siyasi və makroiqtisadi sabitlik davamlı xarakter alıb, dinamik sosial-iqtisadi inkişaf və modernləşmə dövrü başlayıb. 2004-cü ildən etibarən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları uğurla yerinə yetirilir. Bu il dördüncü proqramın icrası başa çatdırılacaqdır. Bu proqramların və nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət daşımaqla, regionlarda yeni müəssisələrin və iş yerlərinin yaranmasına, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsinə və əhalinin rifah halının daha da yaxşılaşdırılmasına, yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə mühüm təsir göstərib.

Prezidentin köməkçisi deyib ki, 14 il ərzində ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə artıb. Hazırda Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz təşkil edir. Ötən 14 il ərzində maaşlar beş dəfədən, pensiyalar isə səkkiz dəfədən çox artıb. Əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı dövlət büdcəsindən ayırmalar ilbəil artaraq 30 faizi ötüb. Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir.

Ölkədə sosial sahənin inkişafının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətində də mühüm yer tutduğunu vurğulayan Əli Həsənov bildirib ki, Mehriban xanım daim təhsil, səhiyyə və mədəniyyətlə bağlı məsələlərə, aztəminatlı və qayğıya ehtiyacı olan insanlara xüsusi həssaslıqla yanaşıb, bu istiqamətlərdə çoxsaylı proqramların reallaşdırılmasına nail olub. Xüsusi vurğulamaq lazımdır ki, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.

Azərbaycan Prezidenti İlham Əliyevin yeni ictimai-siyasi və liberal iqtisadi sistemin təşəkkül tapdığı müasir dövrdə insanların iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının roluna həmişə böyük önəm verdiyini xatırladan Əli Həsənov deyib: “Cənab Prezident mütəmadi olaraq AHİK-in fəaliyyəti ilə maraqlanır, onun qurultaylarına təbrik məktubları göndərir, qiymətli tövsiyələrini verir, həmkarlar ittifaqları xadimlərini və fəallarını dövlət təltifləri ilə mükafatlandırır. İndiki dövrdə həmkarlar təşkilatları dövlətimizin onlara yaratdığı şəraitə adekvat olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü siyasətə layiqli dəstək verməli, əmək kollektivlərində öz işinin gücləndirilməsinə və tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə diqqəti artırmalıdır. Həmçinin AHİK beynəlxalq əlaqələrini bundan sonra da genişləndirməlidir. Hazırda Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası kimi nüfuzlu beynəlxalq qurumların üzvü olan AHİK ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına öz töhfəsini verir. Düşünürəm ki, Konfederasiya bu istiqamətdə fəaliyyətini ardıcıl davam etdirməli, beynəlxalq platformalarla yanaşı, ayrı-ayrı ölkələrin oxşar qurumları ilə sıx təmaslar yaratmalıdır. Bu, həm qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiqinə, həm də Azərbaycanın qazandığı nailiyyətlərin xaricdə tanıdılması və istifadə olunmasına imkan verərdi. Bir sözlə əminəm ki, Həmkarlar Konfederasiyası əldə olunmuş nailiyyətlərlə kifayətlənməyəcək, zamanın çağırışlarına uyğun çevik addımlar atmaqla öz fəaliyyətini təkmilləşdirəcək, cəmiyyətdə nüfuzlu mövqeyini daha da möhkəmləndirəcək”.

AHİK-in sədri, Milli Məclisin deputatı S.Möhbalıyev çıxışlara görə minnətdarlığını bildirib.

Sonra mandat komissiyasının hesabatı dinlənilib.

Qurultay qısa fasilədən sonra işini davam etdirəcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla