Valyuta məzənnəsi
Xəbər lentİ

Hətta hərdən xoşbəxt olmaq üçün xəyallar da qururam...

15:37, 24.01.18
azerbaycan, kose
Hətta hərdən xoşbəxt olmaq üçün xəyallar da qururam...

Yaşadıqlarımız, itirdiklərimiz, barmaqlarımızın arasından su kimi axıb gedən həyat, başımıza gələn kədərli hadisələr qarşısında hərəmiz bir cür davranırıq. Əksəriyyət güclü olmağa, başına gələn xoşagəlməz hadisələr qarşısında dik dayanmağa çalışır, güclü, soyuq və laqeyd görünməklə özünü bir növ yad təsirlərdən qoruyur. Bəziləri kədərlənməkdən, ağlamaqdan, pessimizdən qaçır, zəif görünməkdən qorxur. Ağlamaqla, depressiyaya düşməklə reaksiya verənlər də var. Kədər zəiflikdirmi? Müşahidələrimdən belə qərara gəlmişəm ki, kədəri, sentimentallığı gücsüzlük, zəiflik hesab edənlər çoxdur. Və bu məni çox narahat edir.

Etiraf edirəm ki, mən pessimist insanam. Xırda bir hadisədən depressiyaya düşməyim mümkündür. Dostlarım məni pessimist olmaqda qınayır və bəziləri ümidini üzüb uzaqlaşır. Hətta o dərəcədə pessimistəm ki, oxucularım da məni bu halıma görə tənqid edir, sevdiyim insanlar məhz buna görə həyatımdan gedir. Və sözsüz ki, bütün bunların mənə müsbət yox, mənfi təsiri olur. Getdikcə tənhalıq dərinləşir, insanlardan qaçmağa, hamıdan uzaqlaşmağa başlayıram. Yaşadıqlarımı dərk edirəm, amma heç nəyi dəyişmək mümkün deyil və mən heç nəyi dəyişmək istəmirəm. Getdikcə özümə qapılıram, asosiallaşıram. Bütün bunları yazmaq nə qədər asan olsa da, yaşamaq çox çətindir. Başa düşürəm, heç kəs kədərli insanla dostluq etmək, söhbət etmək, eyni məclisdə olmaq, sevgili olmaq istəməz. Hələ bu çətin zəmanədə ağlı başında olan heç kəs pessimist, kədərli adamın yanında olmaq istəmir.

...Sənin intihar edəcəyini gözləyən, bunu proqnozlaşdıran onlarla insanın əhatəsində yaşamaq çətindir. Keçmişdə - gücsüz olduğum vaxtlarda intihar təşəbbüslərim olduğu üçün, insanların məndən bunu gözləməsi çox qəribədir. İllərdir intiharı tənqid edirəm, kütləviləşən intihar hadisələrindən çıxış yolu tapmaq üçün baş sındırıram və təbii ki, zərrə qədər də bu barədə düşünmürəm.

...Mən kədəri seçmədiyimi dəqiq bilirəm; bütün kədərli hadisələr məni seçir. Amma bu məni sadəcə kədərləndirir, ruhdan salmır. İstərdim ki, insanlar bir həqiqəti dərk etsin: pessimizm zəiflik deyil və heç də bütün kədərli insanlar intiharı seçmir.

Hər şeydə məna axtarmaq, hər şeyə həssas yanaşmaq sizlərə yanlış görünə bilər, amma bu xarakteri dəyişmək çətindir. İnsan əzab çəkə bilən, ümidsizliyə qapıla bilən varlıqdır. Məncə həssaslıq, düşünmək, üzülmək, kədərlənmək insanı heyvandan fərqləndirən əsas xüsusiyyətlərdir. Hansısa heyvanın yaşadıqlarına görə üzülməsi, əzab çəkməsi bildiyim və oxuduğum qədər elmə məlum deyil. Və yaxud hansısa heyvanın dözülməz həyat şəraitindən şikayətlənib, narahat olması mümkünsüzdür. Heyvanlar həyatlarına başqa perspektivdən baxmadığı üçün, əldə etdiklərinə qane olur, sadəcə qidalanmaq, nəsil artırmaq üçün yaşayırlar. İnsan kədərinin sirri bundadır. Bəli insan daha dərindən düşündüyü, həssas olduğu üçün kədərlənir.

İnsan yaşadıqları ilə barışmayan, xoşagəlməz məqamları dəyişməyə çalışan, ən azından buna cəhd edən, əlindən heç nə gəlməyəndə isə kədərlənə bilən varlıqdır. Düşünmək və düşündüklərimizə reaksiya vermək insan olaraq bizim özəlliyimizdir. Biz hər şeyə rasional, məntiqli yanaşmaq məcburiyyətində deyilik. Ona görə də kədərdən, kədərli insanlardan qorxmayın. İnanın ki, bəzən heç üzünü belə görmədiyim insanların həyat hekayəsi, yaşadıqları məni kədərləndirə bilər. Bunu bacaran insan tərk edilməyə layiqdirmi? Məncə yox...

...Mən rasional düşüncəli insan deyiləm. Sentimentallığımla, necə deyərlər kədərimlə və qədərimlə barışıb, şüurlu həyatıma davam edirəm. Oxuyuram, yazıram, övlad böyüdürəm, həyatda qalmağa çalışıram. Hətta hərdən xoşbəxt olmaq üçün xəyallar da qururam.

...Kədərli adamlar zəif və gücsüz deyil. Kədərli adamların hamıdan daha çox qayğıya, insan sevgisinə ehtiyacı var. Məni boş verin, kədərli, amma güclü adamam. Həyatımda tutuna biləcəyim çox şey var. İnandıqlarım mənə güc, səbir, dözüm verir. Ətrafınızdakı insanları düşünün.

Məsələn, elə indi. Bu yazını oxuyan kimi zənginə cavab vermədiyiniz pessimist dostunuza ümidverici bir mesaj yazın. Sevgisini cavabsız qoyub hisləri ilə oynadığınız o kədərli insanın könlünü alın. İnsanları sevinciylə və kədəriylə - bütöv sevməyə çalışın.

Sevgi kədəri azaldan ən gözəl vasitədir...

Cəlil Cavanşir
Milli.Az

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla